Rublun ucuzlaşmasının Azərbaycana təsiri - Proqnoz

Rublun ucuzlaşmasının Azərbaycana təsiri - Proqnoz
  03 Mart 2014    Oxunub:1212
Son günlər Moskva Fond Birjasında rublun dollar və avroya nisbətdə ucuzlaşması davam edir. Rublun ucuzlaşması 2009-cu ilin tarixi rekordunu təzələyib. Rusiya Mərkəzi bankı isə artıq dövriyyəyə əlavə maliyyə vəsaiti daxil etməklə fond bazarlarındakı vəziyyəti sabitləşdirməyə çalışır.

Ümumiyyətlə, rublun məzənnəsinin aşağı düşməsi, Azərbaycanla Rusiya arasındakı ixracat və idxala hansısa dərəcədə təsir göstərə bilərmi?

“Manat rubla nisbətən möhkəmlənəcək”

İqtisadçı Vüqar Bayramlı AzVision.az-a açıqlamasında bildirib ki, regiondakı son proseslər-Rusiya-Ukrayna arasında olan gərginlik, birmənalı şəkildə Rusiya iqtisadiyyatına, eləcə də Rusiya rubluna mənfi təsir göstərir. Və güman olunur ki, Rusiya rublunun məzənnəsindəki addımlar ciddi şəkildə davam edəcək. Baxmayaraq ki, bu Rusiyanın ixrac potensialını artıra bilər, amma dollara nisbətən, rublun məzənnədən düşməsi, bu Rusiya iqtisadiyyatı üçün ciddi bir problemdir.
Onun sözlərinə görə, Azərbaycan üçün Rusiya rublunun məzənəssinin aşağı düşməsi, həm makro, həm də mikro yanaşma səviyyədə təsirlərə malikdir:

“Makro səviyyədə təsir ondan ibarətdir ki, Dövlət Neft Fondu ehtiyatlarının bir qismini rubl ilə saxlayır. Yəni, rublun aşağı düşməsi, həmin ehtiyatlara mənfi təsir göstərəcək, onların dəyərinin azalmasına da gətirib çıxara bilər. Digər neqativ tərəf ondan ibarətdir ki, Rusiyada rublun dollara nisbətən məzənnədən düşməsi, rublun manata nisbətən məzənəsinin də azalmasına gətirib çıxaracaq. Yəni, manat da rubla nisbətən möhkəmlənəcək. Bu, Rusiyaya məhsul ixrac edən azərbaycanlı yerli iş adamlarının ixrac qabilliyətini müəyyən qədər məhdudlaşdıracaq. Bu, faktiki olaraq Azərbaycan məhsullarının Rusiyada bahalı olmasına gətirib çıxaracaq.

Hesab edirəm ki, rublun aşağı düşməsi davam edərsə, bu Rusiyanın Azərbaycan ixracatının artmasına, Azərbaycanın Rusiyadan idxalının artmasına gətirib çıxaracaq”.

“Rublun dəyərdən düşməsi Rusiyanın fəlakəti olar”

İqtisadçı Pərviz Heydərovun sözlərinə görə isə, Rusiya hökümətinin son hərəkəti, iqtisadi vəziyyəti düzəltmək əvəzinə, daha da geri salacaq:
“Rusiyanın iqtisadiyyatı onsuz da yaxşı vəziyyətdə deyil. Bildiyiniz kimi, Rusiya o dövlətlərdəndir ki, əsasən enerji resurslarının satışından büdcəni doldurur, gəlir əldə edir. Putinin özü də artıq bəyan edib ki, artıq enerji resurslarına söykənməyə o qədər etibar etmək olmaz. İndi, son hadisələrdən sonra, Putin müəyyən bəyanatlar versə də, iqtisadi fraksiyaları gerçəkləşdirərsə bu təbii ki, Rusiya üçün böyük fəlakət olacaq. Çünki, Rusiyanın özündə büdcəni doldurmaq üçün neftdən,qazdan kənar iqtisadi potensial yoxdur”.

“Azərbaycanla əlaqədar mənfi təsirini gözləmirəm”

P.Heydərovun təbirincə, Rusiyada bu proseslər hələ təzə başladığı üçün proqnoz vermək çətindir:

“Azərbaycanla əlaqədar mənfi təsirini gözləmirəm. Rusiyadakı azərbaycanlılara olan münasibətlə əlaqədar olaraq, Rusiyadan pul axınında zəifləmə baş verib. Ona görə də, Azərbaycanla bağlı iqtisadi münasibətlərdə yaxın perspektiv üçün elə də ciddi bir təhlükə gözlənilmir”.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti