ÜDM artıb

ÜDM artıb
  06 Mart 2014    Oxunub:2000
DSK- 2014-cü ilin yanvar ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri.
Məhsul istehsalı və xidmət sahələrində, habelə məhsula və idxala xalis vergilər nəzərə alınmaqla yanvar ayında 4,4 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal edilib və keçən ilin müvafiq dövrünün səviyyəsindən 0,8 faiz yüksək olub. Əlavə dəyərin 60,4 faizi məhsul istehsalı sahələrində, 32,9 faizi xidmət sahələrində istehsal olunub, 6,7 faizi isə məhsula və idxala xalis vergilərin payına düşüb. Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsul istehsalı 465,6 manat (593,6 ABŞ dolları) olub.

2014-cü ilin yanvar ayında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 1,7 milyard manatlıq və ya 2013-cü ilin müvafiq ayı ilə müqayisədə 9,3 faiz çox əmtəə satılıb. İstehlak mallarının 900,3 milyon manatını qida məhsulları, içkilər və tütün məmulatları, 765,6 milyon manatını qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 5,1 faiz bəndi artıb.

Cari ilin yanvar ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar ayına nisbətən 1,7 dəfə artaraq 242,3 min manat təşkil etmişdir. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 84,5 faizini hüquqi, 15,5 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən almışdır. Elektron ticarət dövriyyəsinin 91,9 faizini qeyri-ərzaq malları təşkil edib.

Əlavə dəyərin 53,8 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvarı ilə müqayisədə 7,7 faiz artmış, neft sektorunda isə 6,0 faiz azalıb.

2014-cü ilin yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 2.8 milyard manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründə olduğundan 4.0 faiz az sənaye məhsulu istehsal etmişlər. Bunun əsas səbəbi məhsul istehsalının sənayenin mədənçıxarma bölməsində 4.6 faiz, o cümlədən neft hasilatında 5.1 faiz azalmaşı olmuşdur. Bununla yanaşı əmtəəlik qaz hasilatı 6.7 faiz artıb.

İqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq sənaye məhsulunun 72.7 faizi mədənçıxarma bölməsində, 19.7 faizi emal bölməsində, 7.0 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0.6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Sənayenin emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 0.8 faiz, geyim istehsalı 39.8 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 22.3 faiz, kimya sənayesi məhsulları istehsalı 26.0 faiz, hazır metal məmulatların istehsalı 14.6 faiz, tikinti materialları istehsalı 7.8 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 44.9 faiz, maşın və avadanlıqların istehsalı 2.0 faiz, sair nəqliyyat vasitələri istehsalı 3.5 dəfə artıb.

2014-cü ilin yanvar ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 1,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 2,7 faiz aşağı düşmüş, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 6,2 faiz artıb.

2014-cü ilin yanvar ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 4,0 faiz, xam neft və təbii qaz hasilatı üzrə istehsalçı qiymətləri isə 2,6 faiz ucuzlaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri isə 1,3 faiz bahalaşıb.

Yanvar ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri tütün məmulatlarının istehsalı üzrə 4,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 1,6 faiz, qida məhsullarının istehsalı üzrə 0,8 faiz, metallurgiya sənayesi üzrə 0,4 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşmış, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 11,7 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 9,1 faiz, avtomobil və qoşquların istehsalı üzrə 7,4 faiz, geyim istehsalı üzrə 0,9 faiz, mebel istehsalı üzrə 0,8 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 0,7 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,6 faiz, neft məhsullarının istehsalı üzrə 0,2 faiz, maşın və avadanlıqların istehsalı üzrə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb.

2014-cü ilin yanvar ayında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 2,8 milyard manatlıq məhsul istehsal olunan və xidmətlər göstərilib.

Sənaye məhsulunun 72,7 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 3,6 milyon ton neft, 1,6 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 19,7 faizini təşkil etmiş, qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə edilmişdir. İstehsal edilmiş sənaye məhsulunun 7,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar ayının səviyyəsini 5,6 faiz üstələmiş, neft-qaz sektorunda isə 5,2 faiz azalmışdır. Ümumi sənaye istehsalının 93,9 faizi malların (əmtəələrin), 6,1 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüş, məhsulun 81,9 faizi özəl bölmədə istehsal olunub.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 1.0 faiz, elektrik enerjisi istehsalı isə 3.0 faiz artaraq 2.1 milyard kVt saat olub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 7.2 faiz artıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5.6 faiz artmış, neft sektorunda isə 5.2 faiz azalıb.

Kənd təsərrüfatında yaz-tarla işlərinə hazırlıqla yanaşı yanvar ayında 36.3 min ton diri çəkidə ət, 133.9 min ton süd, 123.5 milyon ədəd yumurta və 2837.3 ton tərəvəz istehsal edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2.4 faiz, süd istehsalı 3.2 faiz, yumurta istehsalı 11.1 faiz, tərəvəz istehsalı 10.4 faiz, kənd təsərrüfatının ümumi məhsulu 3.3 faiz artıb.

Yanvar ayında ölkənin tikinti kompleksində 660.9 milyon manat məbləğində, yaxud ötən ilin yanvar ayında olduğundan 6.3 faiz çox vəsaitdən istifadə edilmiş və onun 378.5 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 444.5 milyon manatı yerli mənbələrdən daxil olmuş, 58.8 faizi (388.6 milyon manatı) məhsul istehsalı obyektlərinin inşasına sərf olunub.

2013-cü ilin IV rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,7 faiz bahalaşmışdır. Rüb ərzində yerüstü tikililər bölməsində 0,8 faiz, yol və körpü tikintisində isə 0,2 faiz bahalaşma müşahidə edilib.

Cari ilin IV rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,6 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 1,1 faiz, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,9 faiz bahalaşıb.

Rüb ərzində yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,5 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,6 faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə 0,5 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə 1,2 faiz, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,9 faiz bahalaşıb.

Yol tikintisi üzrə qiymətlər 0,1 faiz, körpü tikintisi üzrə isə qiymətlər 1,1 faiz bahalaşıb.

Müxtəlif mənbələrdən ayrılan vəsaitlər hesabına yanvar ayında 120.5 min kv.metr yaşayış evləri, 360 şagird yerlik ümumtəhsil məktəbləri, 50 yerlik məktəbəqədər təhsil müəssisələri, Bakı şəhərində Sağlamlıq Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, Göygöl rayonunda Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzi istifadəyə verilib.

İlkin məlumatlara görə 2013-cü ildə müxtəlif ölkələrdən və onların firmalarından ölkəmizə 10,5 milyard ABŞ dolları məbləğində xarici investisiya daxil olub və onun 46,8 faizi neft sektoruna yönəldilib.

2009-2013-cu illəri əhatə edən regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət Proqramının başa çatması nəticəsində ölkədə 471.0 min yeni, o cümlədən 358.2 min daimi iş yeri açılmışdır. Təkcə 2013-cü ildə 109.9 min yeni iş yerləri yaradılmış, onların da 83.0 mini daimi iş yerləridir.

2013-cü ildə Azərbaycan Respublikasının rezidentləri dünyanın 149 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 105 ölkəyə əmtəə ixrac olunmuş, 141 ölkədən idxal olunmuşdur. Xarici ticarət dövriyyəsi iştirakçılarının 29-u Amerika, 49-u Avropa, 38-i Asiya ölkələri və digərləridir.

İl ərzində xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 43,5 milyard ABŞ dolları təşkil etmiş və 2012-ci illə müqayisədə 2,7 faiz artıb. Dövriyyənin 32,8 milyard dolları ixracın, 10,7 milyard dolları idxalın payına düşüb, nəticədə 22,1 milyard dollarlıq müsbət saldo yaranıb.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracı 2012-ci illə müqayisədə 6,0 faiz artaraq 1773,0 milyon dollar təşkil etmişdir. Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 8,3 dollar artaraq 190,7 dollara bərabər olub.

Nəqliyyat kompleksində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar ayında 16.5 milyon ton yük və 132.2 milyon nəfər sərnişin daşınıb, 2013-cü ilin müvafiq dövrünə nisbətən yük daşınması 0.7 faiz, sərnişin daşınması 6.2 faiz artmışdır. Yük daşınması avtomobil nəqliyyatı ilə 5.7 faiz, hava nəqliyyatı ilə 29.9 faiz, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 7.0 faiz, metro ilə 1.5 faiz, hava nəqliyyatı ilə 5.8 faiz artıb.

2014-cü ilin yanvar ayında nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 1,2 faiz ucuzlaşmış, yükdaşıma tarifləri isə sabit qalıb.

Ay ərzində MDB ölkələrinə hava nəqliyyatı və dəmir yolu nəqliyyatı üzrə sərnişindaşıma tarifləri müvafiq olaraq 5,0 və 7,5 faiz, digər xarici ölkələrə hava nəqliyyatı üzrə sərnişindaşıma tariflərində isə 6,2 faiz ucuzlaşma müşahidə olunub.

Yanvar ayında dəniz nəqliyyatında MDB ölkələri üzrə yükdaşıma tarifləri 7,4 faiz bahalaşmışdır. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi üzrə 3,9 faiz ucuzlaşma, qazın nəql olunma tarifi üzrə isə 2,5 faiz bahalaşma müşahidə olunub.

Avtomobil nəqliyyatında sərnişindaşıma tarifləri 0,2 faiz, yükdaşıma tarifləri isə 4,7 faiz bahalaşmışdır.

İnformasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən 12.7 faiz artaraq 121.8 milyon manat təşkil edib.

Yanvar ayında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1665.9 milyon manat məbləğində istehlak malları satılıb və xidmət müəssisələri tərəfindən 578.8 milyon manatlıq pullu xidmət göstərilib. 2013-cü ilin yanvar ayı ilə müqayisədə əmtəə dövriyyəsi 9.3 faiz, pullu xidmətlərin həcmi isə 7.8 faiz artmış, ölkə sakinləri ticarət şəbəkəsindən 900.3 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatı və 765.6 milyon manatlıq qeyri-ərzaq malları alıblar.

Ölkə daxilində əmtəə dövriyyəsinin sürətlə artması ilə yanaşı xarici ticarət əlaqələri də genişlənir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən yola saldığımız 2013-cü ildə ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 34.7 milyard dollar məbləğində ticarət əməliyyatları aparıblar. Əmtəə dövriyyəsinin 69.1 faizini və ya 24.0 milyard dollarını ölkədən ixrac olunan mallar, 30.9 faizini (10.7 milyard dollarını) isə idxal məhsulları təşkil edən, 13.3 milyard dollar məbləğində müsbət saldo yaranmışdır. Əmtəə mübadiləsinin 88.3 faizi və ya 30.6 milyard dollarlığı uzaq xarici dövlətlərlə, 11.7 faizi (4.1 milyard dolları) MDB üzvü ölkələri ilə aparılıb.

Ölkəmizə idxal olunmuş malların 76.2 faizi və ya 8.1 milyard dolları uzaq xarici dövlətlərdən, 23.8 faizi (2.6 milyard dolları) MDB üzvü ölkələrindən daxil olub.

Ölkəmizə gətirilmiş malların 25.7 faizini maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparaturalar, 13.4 faizini quru yol nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyat vasitələri, 12.1 faizini azqiymətli metallar və onlardan hazırlanan məmulatlar, 8.7 faizini mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar, 7.6 faizini ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə, tütün, 7.0 faizini kimya sənayesi məhsulları, 5.1 faizini bitki mənşəli məhsullar və s. təşkil edib.

Ölkədən ixrac edilən malların 93.7 faizi, yaxud 22.5 milyard dolları uzaq xarici dövlətlərə, 6.3 faizi (1.5 milyard dolları) isə MDB üzvü ölkələrinə göndərilib. Xarici ölkələrə göndərilmiş malların içərisində mineral məhsullar üstünlük təşkil etmişdir. Bundan başqa, ölkədən bitki mənşəli məhsullar, ərzaq, kimya sənayesi məhsulları, azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, plastik kütlələr, kauçuk, rezin, onlardan hazırlanmış məmulatlar, mirvari və s. ixrac olunub.

Əmtəə mübadiləsi daha çox İtaliya, İndoneziya, Rusiya, Almaniya, Türkiyə, Böyük Britaniya, Tailand, Fransa, ABŞ, İsraillə aparılıb.

Ötən il qeyri-neft məhsullarının ixracı 6.0 faiz artıb.

2013-cü ildə ölkəmizə 30.7 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olub.

Xam neftin ixracı barədə Azərbaycan Dövlət Neft Şirkətindən və ABƏŞ-dən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 43.5 milyard dollar, o cümlədən ixrac 32.8 milyard dollar təşkil etmiş, 22.1 milyard dollarlıq müsbət saldo yaranıb.

İstehlak mallarının qiymətləri və xidmət tarifləri yanvar ayında 2013-cü ilin dekabr ayı ilə müqayisədə 0.2 faiz, o cümlədən xidmət tarifləri 0.9 faiz ucuzlaşmış, ərzaq məhsullarının qiymətləri 0.2 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri dəyişməmişdir. 2013-cü ilin yanvarına nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 2.2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3.5 faiz, xidmət tarifləri isə 0.2 faiz bahalaşıb.

Yanvar ayında ərzaq məhsullarından toyuq ətinin, portağalın, bananın, kökün, kartofun, qeyri-ərzaq mallarından parçaların, divar kağızlarının, tikinti kərpicinin, metal kirəmitin qiymətləri ucuzlaşıb.

Ölkədə muzdla işləyənlərin orta aylıq əmək haqqı 2013-cü ildə əvvəlki ilə nisbətən 6.2 faiz yüksələrək 423.0 manat, əhalinin hər nəfərinə düşən gəlirləri isə 2014-cü ilin yanvar ayında ötən ilin yanvarına nisbətən 2,5 faiz artaraq 279,7 manat olub.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2013-cü ildə dövlət büdcəsinə 19.5 milyard manat vəsait daxil olmuş, büdcədən 19.1 milyard manat vəsait xərclənmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 351.1 milyon manatlıq profisit ümumi daxili məhsulun 0.6 faizinə bərabər olmuşdur.
2014-cü il yanvarın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 15,4 milyard manat məbləğində kredit ayırıblar. Verilən kreditlərin həcmi 2013-cü il yanvar ayının 1-i ilə müqayisədə 26,0 faiz artmış, onun 78,4 faizi və ya 12,1 milyard manatı uzun müddətli olmuşdur. Kreditlərin 792,8 milyon manatının, yaxud 5,1 faizinin ödəmə vaxtı keçib.

Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 25,1 faiz artaraq yanvar ayının 1-i vəziyyətinə 6,4 milyard manata çatıb.

Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 0,78 manata, 1 Avroya 1,07 manata və 100 Rusiya rubluna 2,34 manata bərabər olub.

Qeyd:
1) Ölkə sərhədini keçərək faktiki ixrac olunan, lakin hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməyən xam neft və təbii qazın həcmi və statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla.

2) Xam neft və təbii qaz ixracında gömrük rəsmiləşdirilməsi tarixi ilə bu məhsulların faktiki ixrac tarixi (ölkə sərhədini keçmə tarixi) üst-üstə düşmədiyi üçün ölkə üzrə ixracın ümumi həcminə ixrac edilmiş xam neft və təbii qazın hesabat dövründə gömrük orqanlarında yalnız rəsmiləşdirilən həcminə dair məlumatlar daxil edilib.

3) 2013-cü il 2012-ci ilə nisbətən, müqayisəli qiymətlərlə;

4) 2012-ci il 2011-ci ilə nisbətən, müqayisəli qiymətlərlə;

x) 2013-cü il;

xx) 2013-cü il 2012-ci ilə nisbətən;

xxx) 2012-ci il 2011-ci ilə nisbətən.



Teqlər:  





Xəbər lenti