Yasaq idman: Azərbaycanda karatenin gizli tarixi (Araşdırma+Fotolar)

      Yasaq idman:    Azərbaycanda karatenin gizli tarixi   (Araşdırma+Fotolar)
  26 İyul 2021    Oxunub:9514
(Yazının birinci hissəsini buradan oxuya bilərsiniz)

1981-ci il fevral ayının 10-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində karate üzrə ilk SSRİ çempionatı keçirildi. Bu çempionatda keçmiş SSRİ-nin 12 respublikasından, eləcə də Moskva və Leninqrad şəhərlərindən gəlmiş 100-dən çox idmançı iştirak edirdi.


Daşkənd çempionatında Azərbaycanın karate komandasından mükafata layiq yer tutan olmasa da, bu yarış idmançılarımız üçün əsl təcrübə meydanı oldu. Ancaq qaliblər arasında Rusiya Federasiyasını təmsil edən 1 nəfər azərbaycanlı idmançı vardı: Cahangir Şahmuradov . O, 50 kq. çəki dərəcəsində 3-cü yeri tutmuşdu. Bundan iki il sonra, 1982-ci il mart ayının 17-dən 21-dək Talinndə keçirilən 2-ci SSRİ çempionatında Cahangir Şahmuradov həmin çəki dərəcəsində 1-ci yeri tutdu.


Cahangir Şahmuradov

Azərbaycan karateçiləri Tallin çempionatında da mükafata layiq yer tuta bilmədilər. Ancaq bunun obyektiv səbəbləri vardı. Rusiya, Belorusiya və Pribaltikadan olan idmançılar birgə seminarlar və Avropa ölkələrinin komandaları ilə toplanışlar keçirə bilirdilər. Regionda yeganə komanda olan Azərbaycan karateçilərinin belə imkanı yox idi.


Azad Kazımov

Bütün bunlara baxmayaraq, Azərbaycan karateçiləri bu yarışlarda yüksək texniki hazırlıqlarına, xüsusən də əl və ayaqla mürəkkəb kombinasiyaları yerinə yetirmələrinə görə fərqlənirdilər. Elə buna görə idi ki, 1983-cü ildə Volqoqradda keçirilən 3-cü SSRİ çempionatında Əziz İsaxanov yalnız finalda Rusiya nümayəndəsi Vitali Paka uduzaraq, 2-ci yeri tutdu. Əziz İsaxanov bu çempionatda ayaqla dairəvi zərbə fəndini gözəl işlətdiyinə görə “Ən yaxşı texnikaya görə” xüsusi prizə layiq görüldü.


Tanınmış aktyor Hacı Murad Yagizarov

Sovet hökumətinin karate ilə məşğul olmağa rəsmən icazə verməsinə baxmayaraq, çoxları - hətta yüksək vəzifəli bəzi məmurlar bu idman növünə heç də isti yanaşmırdılar. Bu da səbəbsiz deyildi... Həmin illərdə idman cəmiyyətlərindən əlavə, dövlət nəzarətindən kənarda fəaliyyət göstərən xeyli dərnəklər vardı və məşğələlər pullu keçilən bu dərnəklərin rəhbərlərinin bəzilərinin peşəkar hazırlığı yox idi. Ona görə də, əsas diqqət fiziki hazırlığa yetirilir, karatenin psixoloji-mənəvi tərəfi unudulurdu. Nəticədə bu dərnəklərdə məşq keçən çətin tərbiyə olunan yeniyetmələr əldə etdikləri təcrübədən küçələrdə xuliqanlıq məqsədilə istifadə edirdilər.



Belə neqativ halların nəticəsi idi ki, 80-ci illərin əvvəllərində Sovet mətbuatında karatenin qadağan edilməsinin vacibliyi haqqında məqalələr peyda olmağa başladı. Qəzetlərdə “Ehtiyatlı ol, karate!”, “İdman, yoxsa qətl?!” və s. bu kimi yazılara, bunların ətrafında geniş müzakirələrə daha tez-tez rast gəlmək olurdu.

“Sovetskiy sport” qəzetinin 1981-ci il 28 aprel tarixli nömrəsində İvanov soyadlı bir müxbirin “Ehtiyatlı olun, karateyeyənlər!” adlı məqaləsindən sonra hər yerdə karate dərnəklərinin bağlanmasına başlandı. Deyilənlərə görə, həmin məqaləni oxuyan Siyasi Büro üzvü Viktor Qrişin dəhşətə gələrək, qəzəblə “Bir də mən bu karate haqqında eşitməyim!” demişdi. Bundan sonra prosesə start verildi. Nəticədə, 1981-ci il noyabr ayının 10-da Rusiya Federasiyasının, ardınca isə başqa müttəfiq Respublikaların cinayət məcəllələrinə “Qanunsuz olaraq karate öyrətmə” maddəsi salındı. Bu maddəyə görə, ilkin olaraq 500 sovet manatı cərimədən başlayaraq, 5 ilədək həbs cəzası nəzərdə tutulurdu. Hətta başqalarına dərs olsun deyə, Rusiyada bu maddə ilə bir neçə nəfər həbs olundu. 1984-cü ildə SSRİ İdman Komitəsi məsələyə son nöqtəni qoydu. “İdman cəmiyyətlərində karate öyrədilməsinin qadağan edilməsi haqqında” 404 №-li qərarını verdi. Buna səbəb kimi karatenin sovet insanının mənəvi prinsiplərinə və şəxsiyyətinin harmonik inkişafına uyğun gəlməməsi göstərilirdi.


Yuli Qusman Abbas Kazımov və Elçin Məmmədovla birlikdə

1984-cü il qadağasından sonra Ələkbər Əsgərov və Mirəli Seyidov “Dinamo” idman cəmiyyətinin nəzdində “Əlbəyaxa döyüş və silahsız özünümüdafiə Mərkəzi” yaratdılar. Mərkəzin əsas vəzifəsi Daxili İşlər orqanlarının əməkdaşlarının fiziki hazırlığının yüksəldilməsi idi. “Dinamo” idman cəmiyyətinin idman zalı əməkdaşların əlbəyaxa döyüş və Sambo ilə məşğul olması üçün bütün lazımi avadanlıqlarla təhciz edilmişdi. Əslində isə Mərkəzin adındakı “əlbəyaxa döyüş” sözü sadəcə bir pərdə idi. Bu sözdən “karate” ifadəsinin əvəzləyicisi kimi istifadə edilirdi. Elə bu səbəbdən də, karate idmanı sahəsində illərlə yığılmış təcrübəni qorumaq və bu sahədə gənc idmançıların yetişdirilməsi məqsədilə respublikanın ən yaxşı karateçiləri bu mərkəzə cəlb olundu.


Məmməd Süleymanov məşq prosesində

Bütün qadağalara baxmayaraq, 80-ci illərin sonunda karatenin dünyada populyarlığı o qədər yüksək idi ki, sovet idman məmurları və SSRİ rəhbərliyi onun reabilitasiyasına qərar verməyə məcbur oldular. Ancaq 7 illik qadağa dövründə əsl karateçilər Azərbaycanda bu idman növünün inkişafı və yeni nəsil karateçilərin yetişdirilməsi işini dayandırmadılar.

Nəhayət, düz 8 ildən sonra,- 1991-ci il aprel ayının 2-dən 6-dək Rostov şəhərində karate üzrə IV SSRİ çempionatı keçirildi. Bu çempionatda Azərbaycanı 60 kq çəki dərəcəsində Mehdi Həsənov, 70 kq-da Mircabbar Seyidov, 75 kq-da Əhməd Hətəmov, 80 kq-da isə Ülvi Quliyev təmsil edirdi.
Bu çempionat Azərbaycan karatesi üçün uğurlu oldu. Məşqçi Mirəli Seyidovun yetirməsi Mehdi Həsənov 60 kq çəki dərəcəsində SSRİ çempionu oldu.



Mehdi Həsənov Azərbaycan İdman tarixinə karate üzrə ilk və yeganə SSRİ çempionu kimi düşdü. Ancaq onunla bərabər, həmin illərdə Azərbaycan karatesinin təməlində dayanan və onun inkişafında xidmətləri olan Oqtay Məmmədov, Əziz İsaxanov, Ülvi Quliyev, Yaşar Bəşirov, Füzuli Musayev, Mircabbar Seyidov, Hidayət Şabanov, Əhməd Hətəmov, Yaqub Allahverdiyev, Elçin İbrahimov kimi idmançıları burada xatırlamaq yerinə düşərdi. Bundan sonra isə Azərbaycan karatesinin tarixində yeni, həm də şərəfli bir mərhələ başlayırdı.



Füzuli Sabiroğlu
Xüsusi olaraq Azvision.az üçün

Fotolentdə Azərbaycan SSRİ-də keçirilən ilk Karate Çempionatından şəkilləri görə bilərsiniz:

Qalereya




Teqlər: Karate  





Xəbər lenti