Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL

   Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq –    TƏHLİL
  23 Avqust 2021    Oxunub:6678
Dövlət başçımız İlham Əliyev müsahibəsində bildirmişdi ki, ilin ilk 6 ayının yekununa əsasən, xarici ticarətimiz üzrə müsbət saldo 3,4 milyard ABŞ dolları təşkil edir və belə getsə, ilin sonuna qədər bu rəqəm 6-7 milyard dollar olacaq. "Dünya ölkələrinin əksəriyyətində saldo mənfidir, yəni, daha çox idxal edirlər, nəinki ixrac. Bu, valyuta məzənnəsinə təsir göstərir, ölkələr borclanmaya gedirlər",- dövlət başçısı qeyd etmişdi.
Xarici ticarət dövriyyəsi iqtisadiyyatda real vəziyyət göstəricisidir. Ümumiyyətlə, nə alıb, nə satdığın və nə qədər alıb, nə qədər satdığın çox şeyi müəyyən edir. Bu, real iqtisadi güc təzahürüdür. Pandemiya dünya ölkələrini ilk növbədə ona görə gücdən saldı ki, ticarət zəiflədi, ölkələrarası alış-veriş əlaqələri demək olar, dayandı və bütün bunların nəticəsində də istehsal azaldı. Hazırda əksər ölkələrin xarici ticarət əlaqələrində ona görə mənfi saldo hökm sürür ki, istehlak bərpa olunub, istehsal isə əvvəlki tempinə qayıtmayıb.

Azərbaycanın xarici ticarət dövriyyəsindəsə müsbət saldo yanvar-iyul aylarına görə 5 milyard ABŞ dollarını keçib. Yəni, cari ilin ilk 7 ayının yekununa 5 095 570 440 dolları məbləğində müsbət saldo yaranıb ki, bu da keçən ilin eyni dövrünə nisbətən 57,7 faiz çox deməkdir. Ümumiyyətlə, 2021-ci ilin yanvar-iyul aylarında ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi 17 691 469 140 dollar təşkil edib ki, bunun özü də ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 faiz yüksəkdir. Ötən 7 ayda ölkəmizdən xaricə 11 393 519 790 dollar dəyərində məhsul ixrac edilib, bu, keçən ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz artıqdır. Bu dövrdə ölkəmizə idxal məhsulu isə 6 297 949 350 dollar təşkil edib ki, bu da illik müqayisədə 6,7 faiz çoxdur.

Bütün bunlar sözsüz, müsbət göstəricilərdir. Ölkədə makroiqtisadi dayanıqlıq üçün tələb olunan əsas şərtlərdən biridir. Bunun əsasında maliyyə sabitliyi, dövlət büdcəsi gəlirliyi, istehsalın artım tempi və sair kimi məsələlər durur. Ümumiyyətlə, qazandığından nə qədər çox az xərcləsən bir o qədər çox iqtisadi güc və maliyyə dayanıqlığı əldə edə bilərsən. Yetər ki, buna şərait olsun.

Ancaq burada müəyyən məqamlar var. O da bilavasitə ixracın strukturu ilə bağlı, o cümlədən, dünya bazarlarında bu və ya digər məhsulların qiymət səviyyəsi kimi məsələ və amillərlə əlaqədardır. Belə ki, əvvəla, ölkəmizin ixracında neft-qaz sektoruna aid məhsullar 88,11 faiz yer tutur. Məsələn, yanvar-iyul ayları ərzində 12 061 122 840 kubmetr həcmində 2 014 914 970 dollar dəyərində təbii qaz ixrac etmişik ki, təkcə bu sahədə ötən illə müqayisədə ixrac həcmi 1,6 dəfə, ixracdan əldə edilən gəlir isə 526 495 010 dollar və ya 1,4 dəfə artıq olub.
İkincisi isə, dünya bazarlarında bu sahədə əlverişli konyuktura hökm sürüb və sürməkdə də davam edir. Belə ki, ötən 7 ay ərzində xaricə 11 393 519 790 dollar dəyərində - keçən ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz artıq məhsul ixrac edilməsinin kökündə bu sahədə dünya bazarlarındakı əlverişli qiymət səviyyəsi və amili durur.

Yeri gəlmişkən, ötən yazılarımda da qeyd etmişdim ki, ölkə iqtisadiyyatında müsbət meyillər maydan etibarən özünü göstərməyə başladı. Bunu həm pandemiya şəraitinin sovuşmaq şərtləndirdi, həm neftin dünya bazar qiymətləri, həm qeyri-neft sektorunun inkişaf tempi, həm də iqtisadi aktivlikdə bərpa işartıları. Bunların sırasında neftin dünya bazar qiymətləri birincidir.

Ancaq ölkəyə idxalın genişlənməsi faktına da diqqəti çəkmişdim. Özü də əsas ticarət tərəfdaşı olan ölkələr tərəfindən. Hansı ki, həmin ölkələrdə milli valyutaların həm də ABŞ dollarına nəzərən ucuzlaşdırılması siyasəti nəzərə çarpırdı. Elə bunun nəticəsidir ki, hələ bu ilin ilk 5 ayı ərzində idxal-ixrac əməliyyatlarında Türkiyə, Gürcüstan və Rusiya Azərbaycanla ticarət əlaqələrində müsbət saldoya sahib idilər. Yəni, daha çox ixrac etmişdilər, nəinki idxal. Ötən 7 ayda bu vəziyyət dəyişibmi? Rəqəmlərsiz qeyd edə bilərəm ki, göstəricilərdə az dəyişiklik baş verib. Çünki manatın möhkəmliyi ixracdan çox idxalı stimullaşdırır.

Ümumiyyətlə, ABŞ dolları dünya üzrə möhkəmlənir, manatsa eyni nöqtədə “ilişib qalıb”. Yəni, bahalaşmağa meyillidir. Belə şəraitdə isə istehlak bazarında idxal məhsullarının üstün mövqeyə sahib olması qaçılmaz xarakter daşıyır və daşımalıdır da.

Odur ki, əgər xarici ticarət dövriyyəmizdəki müsbət saldonun dayanıqlı olmasını
istəyiriksə, ixracı özümüz stimullaşdırmalıyıq, xarici konyuktur amillər deyil. Ümumiyyətlə, dünya bazarlarındakı müvafiq konyuktur hesabına yaranan üstünlüyə əsla, bel bağlamamalıyıq. Düzdür, ilin sonuna müsbət saldo 7 milyard dollardan da çox təşkil edə bilər. Ancaq yanvar-iyul ayları ərzində ölkəmizə idxal məhsulları üzrə rəqəmin 6 297 949 350 dollara bərabər olması və bunun da illik müqayisədə 6,7 faiz çox təşkil etməsi faktı da nəzərdən qaçırılmalı deyil. Çünki əfsuslar olsun ki, real olaraq xarici ticarət əməliyyatlarımızda idxal ixracdan daha üstün və möhkəm özülə və struktura sahibdir.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb- TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər:





Xəbər lenti