"Para" fərqi: Olimpiyaçılarımızın bacarmadığını paralimpiyaçılarımız necə etdilər?!

  "Para" fərqi:  Olimpiyaçılarımızın bacarmadığını paralimpiyaçılarımız necə etdilər?!
  31 Avqust 2021    Oxunub:4490
İdmançılarımızın Yay Olimpiya Oyunlarından cəmi 7 medalla qayıtmaları böyük məyusluq idi. 44 idmançımızın iştirak etdiyi bu mötəbər yarışdan maksimum nəticə gözlənilirdi. 44 həm də simvolik məna daşıyırdı - Axı biz Zəfəri məhz 44 günlük Vətən Müharibəsində qazanmışdıq... Amma idmançılarımızın bacarmadığını paralimpiyaçılarımız etdilər!
Paralimpiyaçılarımız idman tariximizdə görünməmiş yüksək nəticələrlə Tokioda sözün həqiqi mənasında fırtına qopardılar. Fəqət onların qazandıqları qələbələrin sevincilə birlikdə haqlı olaraq cəmiyyətdə suallar da yarandı: Olimpiyaçılarımız niyə paralimpiyaçılarımız kimi uğurlu nəticə göstərə bilmədilər? Eyni ölkədə, eyni mühitdə, eyni şəraitdə məşq ediblərsə, bəs paralimpiyaçılarımızın uğurunun sirri nədir?

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun fikrincə, Paralimpiya yarışlarının bitməsinə hələ bir neçə gün qalır və medalların çoxalması ehtimalı var:
- COVID ilinə təsadüf edən yarışa hazırlaşarkən idmançılarımız həm sağlamlıqlarını qorumalı oldular, həm də yarışlara hazırlıq dövrü keçdilər. Ancaq buna baxmayaraq, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Paralimpiya Komitəsi, Neftçi İdman Cəmiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi əllərindən gələni etdilər ki, təlimlər ləngiməsin, vitaminizasiya işləri dayanmasın. Nəticə göz önündədir. Maksimal idmançı ilə çıxış edən ölkələr arasında 36 idmançı ilə təmsil olunduğumuz 44 idman növündə nəticələrə diqqət etsək, əmsala görə ən yüksək nəticəni göstərmişik. Zəfər ilində bu qalibiyyətlər həqiqətən qürurvericidir. Qalib gələn hər idmançının qazilərə salam göndərməsi, medalları şəhidlərimizə həsr etməsi olduqca fərəhləndirir. Təbii ki, paralimpiyaçılarımız uğuruna nəzərən olimpiyaçılarımızın cəmi 7 medal qazanmaları cəmiyyətdə suallar yaradıb. COVID dövrü olimpiyaçılarımıza çox mənfi təsir göstərdi. Bu araşdırılır, bir çox məsələlərə yenidən baxılır, təhlil edilir. Paralimpiyaçılarımızın isə ev şəraitində məhdud sayda insanın iştirakı ilə təlimləri davam etdirmələri daha rahat idi. Olimpiyaçılara bu məhdudiyyət təlim və hazırlıqlarda bir çox çətinliklər yaradırdı. Qarşıda MDB ölkələrinin Kazanda keçiriləcək idman oyunları olacaq. Azərbaycanı 200-dən çox idmançı, hakim və məşqçinin təmsil edəcəyi yarışda ölkəmizi böyük uğurlar gözləyir.



Azerisport.com saytının direktoru, Azərbaycan İdman Jurnalistləri Federasiyasının İdarə Heyətinin üzvü Vüqar Zeynalov isə düşünür ki, olimpiyaçılarımız və paralimpiyaçılarımız arasındakı əsas fərq... puldur. Bəzi olimpiyaçılarımız idmanın nə olduğunu unudublar:
- İmkanları və şəraitləri yaxşıdır. Özlərini əziyyətə vermirlər. Problem təkcə idmançı və məşqçilərdə yox, həm də federasiyalardadır. Federasiyalar işlərini düzgün qura bilmirlər. Real götürsək, sonuncu dəfə azərbaycanlı olimpiya çempionu 2012-ci ildə Toğrul Əsgərov olub. Ondan sonra qızıl medal qazanmış Şərif Şərifov və Radik İsayev isə legionerlərdir. Yəni Azərbaycan idmanı artıq neçə illərdir olimpiya çempionu yetişdirə bilmir. Paralimpiyaçılarımızın vəziyyəti isə tamam fərqlidir. Onların qazancları da, imkanları da aşağıdır. Əldə etdikləri qazancın əksər hissəsi özlərinin problemlərinə, müalicəsinə, yollara xərclənir. Bunu hər kəs bilir ki, fiziki qüsurlu idmançıların problemləri adi idmançılardan qat-qat çoxdur. Bütün bunlara baxmayaraq, bizim paralimpiyaçılarımız göstərdilər ki, Bayraq, Xalq, Azərbaycan sözləri daha çox vacibdir. Yəni əsas məsələ odur ki, idmançılarımız çətinlik, can qoymaq, əlindən gələnin artığını etməyin nə olduğunu unudublar. Ölkənin əsas göstəricisi qızıl medaldır. 3 gümüş, 4 bürüc qazananda yerimiz olur 67-ci. Bu bizim olimpiya komandamız üçün biabırçılıq idi. Paralimpiyaçılarımızın göstəriciləri isə sözün həqiqi mənasında fantastikadır.

İdman jurnalisti və tanınmış şərhçi Sənan Şəfizadə düşünür ki, səbəblərdən biri bəzi idmançılarımızın karyeralarını başa vurmağa hazırlaşmalarıdır. Pandemiyaya görə olimpiada ertələndiyi üçün, onlar da karyeralarını bitirməyi təxirə saldılar. Başqa məqam isə bəz federasiyalarda daxili yarışların keçirilməməsidir. Rəqabət olmayanda inkişafdan söhbət gedə bilməz. Bu, çox ciddi problemdir. Məşqçi heyətinin bəzi növlərdə işlərinə qeyri-peşəkar yanaşması da problemlərdən biridir.
- Olimpiada təxirə salınandan sonra Operativ Qərargah idmançılarımıza müəyyən şərait yaratdı,- deyir Sənan Şəfizadə,- Gənclər və İdman Nazirliyi də şərait yaratdı ki, regionlarda məşqlərdə iştirak etsinlər. Olimpiya yığmamızın nəticələri göstərdi ki, ciddi islahatlara ehtiyac var. Doğrudur, yığmamızın Tokioda bəxti də gətirmədi, güclü rəqiblərlə qarşılaşmalı oldular. Əksər idmançılarımızın psixoloji cəhətdən hazır olmadıqlarını hiss etdim. Ad çəkmək istəmirəm, amma iki idmançımız şəxsən psixoloji vəziyyətlərinin yaxşı olmamasından əziyyət çəkirdi. Düşünürəm ki, titullu idmançılar nəticə verməyəndə onlara rəqabətə davamlı alternativ olmalıdır. Bir çəkidə ən azı 3 güləşçi və boksçu olmalıdır. Paralimpiyaçılarımıza gəldikdə isə mən bunu sadəcə "fantastika" adlandırıram. İlham Zəkiyevin adını xüsusi çəkmək istəyirəm. O, 5 paralimpiya yarışında iştirak edib və 4 medal qazanıb. Paralimpiya tarixinə adını qızıl hərflərlə yazdırdı. Onunla qısa telefon danışığımız oldu. Ayaq barmağı qırıldığı halda, yarışı davam etdirib. Həkim iki dəfə soruşub ki, yarışa davam edə biləcəksən ya yox? O isə cavabında “yaralı əsgərlərimiz döyüşü davam etdiriblər, mən necə dayandıra bilərəm” cavabını verib və bürünc medala qədər gedib. Bu da paralimpiyaçılarımızın psixoloji cəhətdən yüksək hazırlığını göstərir. Onu da qeyd edim ki, cüdoda cuzi görənlərlə heç görməyənlər eyni kateqoriyada yarışırlar. İlham Zəkiyevin gözləri isə heç görmür. Bu əslində ayrı-seçkilikdir. Gələcəkdə Paralimpiya Komitəsinin bu qaydaya dəyişiklik edəcəyi gözlənilir.

Ekspertin sözlərinə görə, paralimpiyaçılarımız həm də olimpiyaçılarımıza onu göstərdilər ki, necə mücadələ edərlər: "Mən deyərdim ki, hətta 10 qızılı onların da əvəzinə qazandılar".

Qeyd edək ki, hazırda Azərbaycan komandasının hesabında 15 medal var. Onlardan 10-u qızıl, 1-i gümüş, 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medallara sahib olublar.

Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: Paralimpiya   Zəfər  





Xəbər lenti