Şəriksiz çörək: Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır – TƏHLİL

      Şəriksiz çörək:    Bu məhsulun qiymətini sərbəst buraxmaq haqqında düşünmək vaxtıdır –    TƏHLİL
  22 Sentyabr 2021    Oxunub:4249
Azərbaycan buğda sarıdan dünyada idxaldan asılı olan ölkələr sırasındadır. Hazırda işlətdiyimiz buğdanın 42 faizini idxal edirik. Baxmayaraq ki, ölkədə istehsalı və tədarükü ən çox dəstəklənən məhz buğda olub və olaraq da qalır. Düzdür, bu ilin yanvar-avqust aylarında ölkəyə 80 min 960 tona yaxın buğda idxal edilib ki, bu da həcmcə keçən ilin eyni dövründəkindən 207 min 775 ton, dəyərcə isə 24,940 milyon ABŞ dolları azdır. Lakin bu, mövsümlə, yəni ölkədə taxıl biçini və tədarükünün yenicə başa çatması, həmçinin dünya bazarlarında qiymətlərin artması ilə bağlıdır. Üzü qışa doğru idxalın artacağını müşahidə edəcəyik.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk illərdə, dəqiq desəm, 90-cı illərdə bir ara müşahidə edilən çörək qıtlığı, mağazaların qarşısında yaranan növbələr yəqin, orta yaş həddində olanların yadındadır. Yaxşı ki, həmin mərhələ qısa müddət ərzində davam etdi. O böhrandan məhz dövlətin sahibkarlara yaratdığı şəraitin hesabına çıxdıq. Sonrakı illərdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar və taxılçılığa ayrılan xüsusi diqqət daha mühüm rol oynadı. Bununla belə, vəziyyət, dövlətin özəl iş adamlarına verdiyi imtiyazlar sayəsində düzəldi.

Düzdür, ölkəmizdə nə vaxtsa yenidən belə bir problemin yaranacağı artıq, mümkün sayılmır. Bu dəqiqdir! Ancaq o da faktdır ki, 42 faiz idxaldan asılı vəziyyətdəyik və özümüzü buğda ilə maksimum 58 faiz səviyyəsində təmin edə bilirik. Bu, qorxulu deyil: dünyada təxminən 30 ölkə özünü buğda ilə sırf daxili istehsal hesabına təmin edə bilir. 170-ə yaxın ölkə tələbatını idxalla ödəyir. Bununla belə, sözügedən məhsul üzrə idxaldan asılılıq səviyyəmizə ciddi yanaşmalıyıq.
Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL

Keçən ilin dekabrından dünya bazarlarında buğdanın qiyməti bahalaşmağa başladı. Dekabr-yanvar aylarında buğda ixrac edən ölkələr qiymətləri yüksəldəcəklərini, satışı azaldacaqlarını bəyan etdilər. Yəni, cari ildə buğda sarıdan vəziyyətin çətin olacağı qabaqcadan bəlli idi. Həm də o səbəbdən ki, bu il bütün ölkələrdə taxıl yığımı və tədarükünün az olacağı gözlənilirdi. Bunun müqabilində hökumət əvvəlkitək daxili bazarda qiymətlərin sabitliyinin qayğısına qalaraq, idxalı sərbəstləşdirmək və bu sahədə istehsalçıları himayə etmək məqsədilə əlavə güzəştlər tədbiq etməyə başladı. Buğdanın idxalı və satışı, unun və çörəyin istehsalı və satışı daha 3 il müddətinə vergidən azad edildi, subsidiyalaşmaya start verildi.

Lakin iş bundadır ki, bu kimi üsullarla daxildə unun və çörəyin qiymətinin uzun müddət sabit qalmayacağı bəlli idi: dünya bazarlarında qiymət artımının davam etdiyi təqdirdə, dövlətin yerli istehsalçıları subsidiyalaşdırma siyasəti sonadək effekt verə bilməzdi. Ümumiyyətlə, Azərbaycan bazarı xarici təzyiqlərə hələ ki davamlı deyil.

Sual yaranır ki, bəs, nə etməli?

Variantlardan biri odur ki, ölkədə çörək və digər un məmulatlarının qiymətləri sərbəst buraxılmalıdır. Söhbət buğdanın idxalına tətbiq olunan ƏDV-nin ləğvi, un istehsalçılarına subsidiyaların verilməsi və s. kimi güzəşt və kompensasiya xarakterli tədbirlərdən gedir. Bu yolla qiymətləri sabit saxlamaq mənasız sayılır. Bir məhsulun ki, xarici bazarlarda qiyməti artır, həmin qiyməti daxili bazarda sabit saxlamaq çətin məsələdir. Xüsusən, o məhsul üzrə idxaldan asılıyıqsa...

Neçə illərdir, hökumət ölkədə taxılçılığın inkişafı, daxili tələbatı ödəmək, yerli ərzaq buğdası tədarükündə maksimal həcm əldə etmək məqsədilə müxtəlif stimullaşdırıcı addımlar atır, müvafiq siyasət yürüdür. Ancaq göründüyü kimi, bu, istənilən effekti vermir: ölkə az qala yarıya qədər idxaldan asılı vəziyyətdədir. Odur ki, hesab edirəm, daxildə sözügedən sahədə sərbəst qiymət siyasəti tətbiq olunarsa, dəyər real tələb və təklifin nisbəti əsasında formalaşarsa, vəziyyət başqa cür olar. Ümumiyyətlə, vaxtında bazara sərbəstlik verilsəydi, indi ölkədə ərzaqlıq buğda istehsalı bir neçə dəfə çox olardı.

Dövlətin buğda idxalı və istehsalına tətbiq edilən vergi güzəştləri, subsidiyalar ona görə uzunmüddətli effekt verə bilməz ki, bu, qiyməti basqı altında saxlamaq, bazar qanunlarının "əl-qolunu" bağlamaq xarakteri daşıyır. Bazar sərbəst olsa, yerli buğda istehsalı həm həcmcə, həm də keyfiyyətcə arta bilər. Bunu, daxili tələb özü stimullaşdıracaq.

Ümumiyyətlə, sahibkara imkan verilməlidir ki, istehsal etdiyi məhsulun qiymətini bazarın tələbinə uyğun olaraq məhz özü təyin etsin. Onlara tətbiq olunan güzəştlər, subsidiya siyasəti isə əhalinin gəlirlərinin artırılması, sosial müdafiəsini gücləndirmək üzərinə transfer edilməlidir. Başqa sözlə desəm, çörəyin və digər un məhsullarının qiymətini buraxmaq, əvəzində əhalinin sosial ehtiyaclarının ödənməsi, əmək haqqı və pensiyaların artırılmasının qayğısına qalmaq daha düzgün siyasət olardı. Belədə, çox qısa müddət ərzində bazar özü hər şeyi tənzimləyəcək.

Bəs, bu siyasəti indi tədbiq etmək olarmı, yaxud mümkündürmü?

Nazirlər Kabinetinin son qərarı ölkədə un istehsalçılarına verilən subsidiyaların hesablanması qaydasını dəyişərək, yenə artırmağı nəzərdə tutur. Başqa sözlə, daxildə çörək və digər un məhsullarının qiymətlərinin artmasının qarşısını almaq istəyinə xidmət edir. Dövlət dəstəyi bir az da gücləndirilir.

Bunun hansı müddət ərzində yararlı olacağı və nə qədər effektli xarakter daşıyacağı isə dünya bazarlarında sözügedən məhsul üzrə qiymətlərin tendensiyasından asılı olacaq. Hər halda, indiki şəraitdə bu qərar bazarda ajiotaj yaranmasının qarşısını almağa kömək edəcək. Ancaq bu sahədə uzunmüddətli sabitliyə və dayanıqlığa nail olmaq üçün bu qərar effekt verməyəcək. Buna görə də daxildə un və çörəyin qiymətini saxlamaq cəhdləri əvvəl-axır dayandırılmalıdır.

Bəli, idxala ƏDV bərpa edilərsə, subsidiyalaşdırma dayandırılarsa, yəni çörək və un bazarı tam liberallaşdırılarsa, aydındır ki, qiymətlər bahalaşacaq. Amma başqa çıxış yolu varmı? Mənə görə, xeyr. Sadəcə, bunun ağrısız baş verməsinə nail olmaq lazımdır.


Pərviz Heydərov
Azvision.az üçün
Müəllifin əvvəlki yazıları:

Bahalaşmaya səbəb nədir və nə etmək lazımdır – TƏHLİL
Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL
Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb- TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər:   Çörək   Buğda  





Xəbər lenti