Ərdoğanın qələbəsi nəyi göstərdi? - Azərbaycandan fərqli baxış

Ərdoğanın qələbəsi nəyi göstərdi? - Azərbaycandan fərqli baxış
  31 Mart 2014    Oxunub:1725
Ötən gün Türkiyədə növbəti bələdiyyə seçkisi baş tutdu. Seçki marafonu ölkənin əsas dörd güc mərkəzi arasında keçirilirdi. Diqqətlər hakim Ədalət və İnkişaf Partiyası (AKP), ana müxalifət partiyası hesab olunan Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkat Partiyası (MHP) və Sülh və Demokratiya Partiyasına (BDP) yönəlmişdi. Seçkidən öncə nəticələr barədə proqnozlar fərqli məcrada davam edirdi.

Seçkidən öncə baş verən olaylar- “Gezi Parkı” hadisələri, rüşvət və qaçaqmalçılıq əməliyyatı, Ərdoğan qalmaqallı səs yazısı, eləcə də yerli iqtidarın “Twitter” və “YouTube” sosial şəbəkələrinə qoyduğu qadağa hakim AKP-nin seçkilərdə qalib gələ bilməyəcəyini proqnozlaşdırmağa əsas verirdi. Bir çox politoloqlar bu fikirdə idi ki, baş verənlər Ərdoğanın nüfuzuna mənfi təsir edəcək. Seçkiöncəsi keçirilən rəy soğruları da AKP-nin əvvəlki seçkilərlə müqayisədə az səs toplayacağını iddia edirdi. Amma seçkilərin nəticələri bütün proqnozları alt-üst etdi.

Hələ ki, rəsmi nəticələr açıqlanmasa da ilkin ehtimallara görə, AKP seçkidə 45% səs toplayaraq qalib gəlib. Bu göstərici isə 2009-cu ildəki nəticələrdən də yüksəkdir.

Türkiyədə keçirilən seçkilər Azərbaycanın da diqqət mərkəzində idi. Medianın yaxından izlədiyi seçki marafonuna Milli Məclisin deputatı və tanınmış siyasi ekspert qiymət verib.

Millət vəkili Sahib Alyevə görə, Azərbaycanda qonşu ölkədə gedən prosesləri yaxından izləyənlərin çoxu bu nəticələrə sevinirlər. Özü də Ərdoğan və onun partiyasına necə yanaşmalarından asılı olmayaraq: `Ona görə ki, bu seçkidə Ərdoğan və partiyasının uduzmasını istəyən və ona çalışan təkcə ölkənin içərisindəki güclər deyildi. Baş nazirin telefon danışıqlarını dinlətdirib onun şifrəsini sındırtdıranlar, Türkiyə Xarici İşər Nazirliyində dövlətin üst düzəyində yer alanların qapalı toplantıda dediklərini yazdırtdırb internetə oturtduranlar da bunu istəyirdi. Türkiyəlilər isə öz hərəkətlərilə göstərdilər ki, onlarla manipulyasiya etmək olmaz. Bu ölkədən kənardakı güclər öz texnoloji üstünlüklərilə Türkiyədə hər kəsin atdığı hər bir addımı izləmək qüdrətindədirlər və bunu da göstərdilər. Amma bütün bunlardan manipulyasiya vasitəsi kimi faydalanaraq türkiyəlilərə öz iradələrini qəbul etdirməyi bacarmadılar. Məncə, bir çox seçicilər dəstəklədiklərinə görə deyil, elə məhz dış güclərin bu niyyətlərini gördükləri üçün Ədalət və Qalxınma Partiyasının təmsilçilərinə səs verdilər`.

Sahib Alıyevin fikrincə, Ərdoğanın rəqibləri Kamal Kılıçdaroğluyla, Dövlət Baxçalı da sevinməlidirlər ki, qlobal oyunçular bir çox başqa ölkələrdəkilərdən fərqli olaraq türkiyəli seçicilərlə istədikləri kimi manipulyasiya edə bilmirlər: `Əgər bu, mümkün olsaydı, Ərdoğanın başına gətirilənlər Ərdoğanın yerinə onlar əyləşib həmin oyunçuların maraqlarına cavab verməyən addımlar atdıqları təqdirdə Kılçdaroğluyla Baxçalının da başına gətiriləcəkdi. Bu seçkidə önəmli olan hansı partiyanın qələbə çalması yox, seçkini kimin keçirməsi və seçimi kimin etməsi idi. Seçkini Türkiyə keçirdi, seçimi isə manipulyasiyaya uymadan türkiyəlilər etdi`.

Millət vəkili Fazil Mustafa AzVision.az-a açıqlamasında bildirib ki, Türkiyədə keçirilən seçkilərin nəticəsi gözlənilən idi. Çünki seçki öncəsi ictimai rəy sorğuları da seçki haqqında təsəvvür yaratmışdı:

“Burada xarici faktorun ölkədə siyasi sistemdə dəyişiklik etmək niyyəti Türkiyə cəmiyyətində AKP-nin dəstəklənməsi üçün əlavə stimul yaratdı. Həm də bələdiyyəçilik anlayışları daha yetkin olduğuna görə, əhaliyə xidmət sahəsində çox işlər gördüklərinə görə bu dəstəyi qazandılar”.
Seçkiöncəsi hökumətlə bağlı yayılan iddialara gəlincə isə Fazil Mustafa bildirib ki, bu, onu göstərir ki, əhali məsələləri doğru qiymətləndirərək öz seçimini edib: “Söhbət korrupsiyadan gedir. Bu, əhalinin cibindən çıxan pullar olsaydı onda əhali ona qarşı daha sərt addımlar atardı . Amma bu, ayrı-ayrı dövlətlərin qara pul transferi ilə bağlı olduğundan əhali bu məsələdə hakimiyyəti yolsuzluq məsələsi ilə bağlı çox cəzalandırmadı. Xaricdən kasetlərin yayılması, bir başa milli güvənlik qurulunun tədbirinin verilməsinin aşkarlanması Türkiyə cəmiyyətində yaxşı qarşılanmadı, bu, dövlətə qarşı təhdid kimi qiymətləndirildi. AKP-ni dəstəkləməklə Türkiyə cəmiyyəti həm də xaricə mesaj vermiş oldu ki, ölkədə hansısa dəyişiklik baş verməsində maraqlı deyilik”.

Politoloq Qabil Hüsyenli isə hesab edir ki, AKP qalib gəldiyi seçkilərin nəticələri gözlənilməzdir. “Çünki seçkiqabağı kampaniyalar, keçirilən rəy sorğuları AKP üçün 30-32% civarında səs proqnozlaşdırırdı. Amma onlar birdən-birə 45% səs topladı. Baxmayaraq ki, Ərdoğan demişdi ki, 50%-dən az səs yığsa istefa verəcək, amma o, əvəzində hamını hədələyən “balkon konuşması” etdi. Seçkiqabağı dövrdə Ərdoğan Ərzurumda, yəni Fətullah Gülənin doğulduğu bölgədə mitinq keçirə bilməmişdi, çünki oranın əhalisi onu etirazla qarşılamışdı. Amma seçkilərin nəticələrinə görə onun partiyası həmin bölgədə 56% səs aldı. Bu, məni çox təəccübləndirdi. Necə ola bildi ki, Ankarada AKP-nin namizədi Ankarada 44% səs topladı, cəmi 0.6% səslə qalib gəldi. Həmin adam ötən seçkidə 40% səs yığmışdı”.

Q.Hüseynli onu da qeyd edib ki, Türkiyənin Iğdır bölgəsində kürd əsilli namizədin bələdiyyə sədri seçilməsi təəccüb doğuran məqamdır:

“Həmişə azərbaycanlıların bələdiyyə sədri seçildiyi və azərbaycanlıların üstünlük təşkil etdiyi Iğdır bölgəsində kürd əsilli BDP üzvü qalib gəldi. İstanbulda da CHP nümayəndəsi ilə AKP nümayəndəsi arasında ciddi fərq yox idi. CHP nümayəndəsi gənc və kifayət qədər populyar olan namizəd idi, Mustafa Sarıgül. AKP nümyəndəsi Qədir Topbaş isə demək olar ki, İstanbulda da tanınmayan adam idi. Ümumilikdə nəticələr şübhə doğuran idi. Yarışan tərəflər çox cüzi fərqlə qalib gəldi. Halbuki əvvəllər aradakı səs fərqi çox olurdu. Müxalifət nümayəndələri də qeyd edir ki, seçkilərlə bağlı şübhələr var”.

Politoloq onu da vurğulayıb ki, o, qardaş ölkənin daxili işlərinə qarışmaq niyyətində deyil: “Seçkidən sonra Ərdoğan ölkəni birləşdirən, onların dili ilə desək ölkəni qucaqlayan bəyanat vermək əvəzinə təhdid dolu bəyanatlar verməyə başladı. Guya seçkilərdən sonra çox ciddi surətdə paralel dövlət yapılanması ilə bağlı ciddi mübarizə aparacaq. Müxalifətə isə güzgüyə baxıb ayıbına kor olmaq məsləhətini verdi. Halbuki müxalifət onla daban-dabana gedirdi və çox yerdə nəfəsini kəsmişdi. Məncə bu seçkidə şəffaflıq kifayət qədər deyildi. Bir çox yerdə işıqların sönməsi və sayma prosesinin şam işığında keçirilməsi şübhə doğuran amillərdir. Bir sözlə bu seçkilərə kölgə salan cəhətlər var idi və bunu müxalifət nümayəndələrinin dediyi kimi yaxın günlərdə özləri açıqlayacaqlar”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti