Minimum pensiya məbləği: problem nədədir? – TƏHLİL

      Minimum pensiya məbləği:    problem nədədir? –    TƏHLİL
  17 Yanvar 2022    Oxunub:2635
Ölkədə aylıq minimum pensiya məbləğinin bu il yanvarın 1-dən 20 faiz artılaraq, 240 manat təşkil etməsi ilə əlaqədar bütün əmək pensiyaçılarında böyük gözləntilər yaranıbmış. Bu, Bakı və Abşeron rayonu üzrə bu ilin ilk əmək pensiyaları ödənildikdən sonra üzə çıxdı. Belə ki, minimum pensiya məbləği artdığından, bunun bütün əmək pensiyaları məbləğlərinə təsir edəcəyi zənn edilirmiş. Odur ki, bəziləri öz pensiyalarında artım olmadığını görəndə narazılıq yaranıb.
Halbuki, bu əvvəlcədən yanlış gözlənti olub. Və ona görə də yaranmış narazılıq təəssüf doğurdu. Bu yanlış gözləntiyə əsas yaradan ən böyük səbəb isə sözsüz, əhaliyə vaxtında lazımi sadə izahın verilməməsi və yalnız ümumi rəqəmlərin açıqlanmasıdır.

Çinimum aylıq əmək pensiyası məbləğinin 2022-ci ildən 20 faiz artırılaraq 200 manatdan 240 manata çatdırılması sayca 65 min nəfəri əhatə edir və bunun da 21 min nəfəri hələ il ərzində pensiyaya çıxacaq şəxslərdirlər. Ümumi artım üçün isə il üzrə 13,2 milyon manat əlavə vəsait ayrılıb. Lakin izah edilməli idi ki, minimum pensiya məbləğinin artımı nəticəsində yeni yaranan məbləğdən artıq pensiya alanların pensiyalarına bu, təsir edəcəkmi?! Yaxud, təsir etməyəcəyinin səbəbi nədir?!

Axı minimum pensiya minimum aylıq maaş deyil və eyni mexanizm rolunu oynamır. Minimum aylıq əməkhaqqı məbləği artırılan zaman hökumətin təsdiq etdiyi 19 pilləli Vahid Tarif Cədvəli üzrə büdcə təşkilatlarında çalışan demək olar bütün işçilərin əməkhaqlarında artım baş verir. Minimum pensiyada isə belə deyil. Ümumiyyətlə, “minimum pensiya məbləği” dedikdə ölkə üzrə ödənilən ən aşağı pensiya məbləği nəzərdə tutulur ki, bu sahədə artımla bağlı qərar minimum pensiyadan artıq pensiya alanların məbləğlərinə təsir etmir.

Əlbəttə, bu yazının müəllifi olaraq mən də hesab edirəm və vaxtilə təklif də etmişəm ki, gələcəkdə minimum pensiya məbləğinin də qaldırılması əməkhaqqı sistemində minimum əməkhaqqının oynadığı rol qədər bütün pensiya məbləğlərinə təsir etsin və buna dair müvafiq mexanizm işlənib hazırlansın. Ən əsas da o səbəbdən ki, bunun indeksləşdirilmədən nə dərəcədə effektli ola biləcəyi ciddi şəkildə təhlil edilib hesablansın. Çünki ölkədə əmək pensiyaları hər il indeksləşdirilmə yolu ilə artırılır. Belə ki, ənənəvi olaraq hər ilin əvvəlində keçən il ərzində ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləğinin hansı tempdə və yaxud faiz çərçivəsində artdığı nəzərə alınaraq, bütün növ əmək pensiyaları həmin rəqəmə uyğun artırılır, yəni indeksləşdirilir. Bu, dövlət başçısının sərancamı ilə ildə bir dəfə həyata keçirilir.

Xatırladım ki, 2018-ci ilədək bu, əvvəlki il ərzində istehlak qiymətlərinin indeksinə, yəni inflyasiya göstəricisi nəzərə alınaraq həyata keçirilirdi. Yəni orta aylıq nominal əməkhaqqı məbləğinin artım faizinə görə deyil. Bundan əlavə, pensiyalar baza və sığorta hissələrindən ibarət idi. Və indeksləşdirilmə də əmək pensiyalarının yalnız sığorta hissəsinə tədbiq edilirdi. Hazırda isə pensiyaların hamısı sığorta hissədən ibarətdir. Bu isə o deməkdir ki, əvvəlki ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləğinin yüksəliş tempi və yaxud faizi göstəricisinə əsasən indeksləşdirmə pensiyaların bütün məbləğlərinə tədbiq olunaraq, həyata keçirilir.

Bu il ərzində də pensiyalar indeksləşdiriləcək. Buna dair dövlət başçısının bu yaxınlarda müvafiq sərəncamı olacaq. Odur ki, bütün növ əmək pensiyalarının artımı hələ qarşıdadır. Ancaq bu, keçən ildəkindən aşağı səviyyədə olacaq. Ona görə ki, 2020-ci il ərzində ölkədə orta aylıq əməkhaqqı üzrə artım göstəricisi 13 faiz təşkil etmişdi, 2019-cu ildə 16,6 faiz...

Ümumiyyətlə, 2019-ci il ərzində 2020-ci ilin 1 yanvar tarixinə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi həmin ilədək heç bir il ərzində qeydə alınmamışdı. Çünki əhalinin gəlirləri heç bir ildə 2019-cu ildəki qədər artmayıb.Yola saldığımız 2021-ci il ərzindəsə sözügedən göstərici hələ açıqlanmasa da, 3 faiz civarında təşkil edir. Odur ki, indeksləşdirilmə də məhz qeyd olunan rəqəm həddində həyata keçiriləcək.

İndeksləşdirmənin əvvəlki il ərzində istehlak qiymətlərinin indeksinə, yəni inflyasiya göstəricisinə deyil, orta aylıq nominal əməkhaqqı məbləğinin artım faizinə görə hesablanıb həyata keçirilməsi düzgün qərar idi. Ona görə ki, rəsmi inflyasiya səviyyəsinə uyğun olaraq, indeksləşdirmə heç də hər il səmərəli nəticə vermirdi, verə də bilməzdi. Çünki elə il olurdu ki, inflyasiya cəmi 1-3 faiz təşkil edirdi. Üstəlik, orta aylıq nominal əməkhaqqı məbləğinin artım həddi də həmişə inflyasiyadan üstün olmalıdır.

Belə ki, qiymətlərin bahalaşması səviyyəsi əhalinin heç olmasa nominal gəlirlərini üstələməli deyil. Düzdür, elə illər olub ki, inflyasiya orta aylıq nominal əməkhaqqı məbləğinin artım səviyyəsindən çox təşkil edib. Söhbət ikirəqəmli inflyasiya səviyyəsi qeydə alındığı illərdən gedir. Məsələ bundadır ki, keçən il, yəni 2021-ci ildə də inflyasiya yüksək olub və o da, orta aylıq nominal əməkhaqqı məbləğinin artım faizi və səviyyəsini üstələyib.

Bəs bu, cari ildə əmək pensiyalarının indeksləşdirildikdə ədalətsiz şəkildə artıma səbəb olmayacaqmı? Xeyr. Çünki nəticədə hazırda minimum pensiya alanların pensiya məbləğləri bir az da artacaq ki, yuxarı pensiya alanlarda isə bu, özünü həmişə olduğu kimi daha çox büruzə verəcək.

Ancaq minimum pensiya məbləğinin hər il artırılmadığını da nəzərə alsaq, bir daha o fikrə qayıdıram ki, hər halda sözügedən göstəriciyə dair mövcud mexanizmi təkmilləşdirməyə ehtiyac var. Başqa sözlə, desəm, gələcəkdə minimum pensiya məbləği üzrə də dəyişikliyin minimum əməkhaqqı kimi pilləli artıma rəvac verməsinə zəmin yaradılmalıdır.

Son olaraq qeyd edim ki, son 3 il ərzində həyata keçirilən sosial islahatların nəticəsində ölkəmizdə minimum pensiya məbləği 2,2 dəfə artırılaraq 110 manatdan 240 manata çatıb. 2022-ci il üçün yaşayış minimumu pensiyaçılar üçün 176 manat müəyyən edilib. Bu il minimum pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumu göstəricisini 36,4 faiz üstələyir.



Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL
Dövləti borca salanlar – TƏHLİL
Dövlət rüsumları niyə dəyişdirilir - TƏHLİL
Qarabağ Azərbaycanın iqtisadi gücünə güc qatacaq – TƏHLİL
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb - TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL



Teqlər: Pensiya  





Xəbər lenti