Donetskin taleyi necə olacaq?

Donetskin taleyi necə olacaq?
  08 Aprel 2014    Oxunub:1485
Xəbər verdiyimiz kimi, ötən gün Ukraynanın Donetsk vilayətinin Xalq Şurası etiraz aksiyaları keçirərək Donetsk respublikasının yaradılması və bölgənin Rusiyaya birləşdirilməsi haqda qərar qəbul edib. Xalq Şurasının gözlənilməz qərarı Ukrayna ilə yanaşı bölgədə də ciddi narahatlıq yaradıb.

Siyasi analitiklər Krımdan sonra Donetskin də Rusiyaya birləşdirilməsinin Ukraynanın sonu kimi qiymətləndirir, Kremlin hiyləgər parçalama siyasətinin xoşagəlməz nəticələrə səbəb olacağını düşünürlər. Xalq Şurasının Rusiyaya birləşmək qərarı Qərb, eləcə də dünya güclərinin ciddi narahatlığına səbəb olub. Təbii ki, Rusiyanın bölgədə əsas güc mərkəzinə çevrilməsi böyük dövlətləri narahat etməyə bilməzdi. Krımdan sonra Donetskin taleyinin necə olacağı indidən bilinməsə də vilayətin Rusiyaya birləşib-birləşməməsi mayın 11-dək bəlli olacaq. Belə ki, Donetsk vilayətinin Xalq Şurasının verdiyi qərara əsasən, mayın 11-ə qədər referendum keçiriləcək.

Bu əsnada hər kəsi bir sual düşündürür: Donetsk də Krımın taleyi gözləyirmi?

Azərbaycanın tanınmış siyasi ekspertləri bu suala aydınlıq gətirməyə çalışıblar. Prosesləri AzVision.az-a şərh edən politoloqlar Donetskin aqibətinin necə olacaqları belə şərh ediblər:

“Bu, bütün dünyanı qarşıdurmaya sürükləyəcək”

Politoloq Qabil Hüseynli hazırda Rusiyanın atdığı addımları 30-cu illərin sonunda meydana gələn faşizm dalğası ilə müqayisə edib. O vurğulayıb ki, bunun qarşısı alınmasa faşizm vəbası bütün Avropanı bürüyə bilər.

“Bu nöqteyi-nəzərdən heç kimdə şübhə doğurmur ki, Donetksdə etirazları, vilayət şurasının binasının tutulmasını Rusiya məxfi xidmət orqanları təşkil edir. Həmçinin ora mülki geyimli, lakin əli silahlı olan Rusiya məxfi xidmət orqanlarının üzvləri göndərilir. Təəssüflənirəm ki, Donetskdəki Ukrayna hərbi hissələri və Ukrayna polisi bu məsələlərdə o qədər fəal mövqe tuta bilmir, onları zərərsizləşdirməyə cəhd göstərmir. Bu, bütün dünyanı qarşıdurmaya sürükləyəcək bir aktdır. Rusiya heç də hər şeyi axıra qədər düzgün hesablamayıb”.

Ekspert hesab edir ki, vəziyyətə əl qoymaq üçün Ukrayna ordusu bölgəyə göndərilə bilər:

“Yəqin ki, bu dəqiqələrdə həm Avropa Birliyində, həm Amerikada, həm də BMT-də çox ciddi toplantılar, müşavirələr keçirilir, Rusiyanın son hərəkətləri müzakirə edilir. Güman edirəm ki, Ukrayna ordusu, yeni yaradılan Ukrayna qvardiyası bölgəyə göndəriləcək və bu başıpozuq kütlələlər vasitəsilə istiqamətləndirilən provokatorlara layiqli cəza veriləcək. Əgər Rusiya qoşunları sərhəddi keçsə, bu, dünyamiqyaslı qarşıdurmanın baş verməsinə səbəb olacaq və Rusiyanı yerində oturtmaq üçün lazımi tədbirlər görüləcək. Yəqin ki Rusiya heç də hər şeyi axıra qədər düzgün hesablamayıb. Onun hərəkətlərinin Rusiyaya verə biləcəyi zərəri dəqiq təsəvvür etmir”.

“Donetskdəki vəziyyət digər regionlara da təsirzsiz ötüşməyəcək”

Politoloq Elman Nəsirovun fikrincə, Ukraynanın cənub və şərq ərazilərini Krımın taleyi gözləyir. Çünki hadisələrin gedişatı bunu göstərir:

“Rəsmi Moskvva Ukrayanın federasiya dövləti olmasında maraqlı olduğunu gizlətmir. Ukraynanın keçmiş prezidenti Yanukoviç də tez-tez bu fikri təsdiqləyir ki, ölkənin bütün regionlarında referendum keçirilməlidir və onların statusu müəyyən edilməlidir. Yəni, Ukrayna unitar yox, federativ dövlət olmalıdır. Rusların kompakt şəkildə yaşadığı ərazilərdə referendumun keçirilməsi rahat ola bilər, onların Rusiyaya birşlədirilməsi üçün münbit şərait olar. Donetskdə etiraz aksiyaları Rusiyanın Krıma quru yolu əldə etməyi üçün təşkil olunub”.

Politoloq hesab edir ki, Donetskdəki vəziyyət digər regionlara da təsirzsiz ötüşməyəcək: “Bu da Qərbdə çox ciddi reaksiya doğurmaqdadır. NATO bu fikirdədir ki, Donetskdə etiraz aksiyaları Rusiyanın Krıma quru yolu əldə etməyi üçün təşkil olunub. Bundan başqa bölgələrin də eyni aqibəti yaşayacağı ehtimal olunur. Həmçinin Rusiyanın 40 minlik qoşunun Ukrayna sərhədlərindən geri çəkilməməsi fonunda artıq bu il ərzində NATO Ukrayna ilə birlikdə nə az, nə çox 8 hərbi təlim keçirəcək. Onlardan birinin də Odessa yaxınlığında keçirilməsi planlaşdırılır. Ukrayna hökumətinin qəbul etdiyi qərara əsasən, ölkə ərazisində xarici hərbi bazanın yerləşdirilməsi məsələsi həllini tapdı. Artıq Ukrayna mənbələri qeyd edir ki, bu ərazilərdə NATO-nun və ya Pentaqonun 3 min nəfərlik hərbi hissəsinin yerləşdirilməsi məsələsinə baxılır. Pentaqonun dünyada 702 hərbi baza və hərbi obyekti var. Bu baxımdan ABŞ Ukraynada da hərbi baza yaradılması məsələsinə baxa bilər”.

E.Nəsirov vurğulayıb ki, qeyd olunan reallıqlar Rusiyanın özündə də həyəcanla qarşılanır. Rusiyalı ekspertlər də qeyd edir ki, ölkə üçün ən təhlükəli proses Rusiya ilə NATO arasında mülki və hərbi əlaqələrin kəsilməsi yox, NATO-nun genişlənməsidir. Həmçinin Rusiya sərhəddində Ukraynanın timsalında NATO-ya yaxın dövlətin fortmalaşmasıdır: “Hadisələrin gedişatı onu göstərir ki, NATO və ABŞ baş verənlərlə bağlı həlledici və qətiyyətli davranış nümayiş etdirməsə, Ukraynanın cənub və şərq ərazilərində də Krım ssenarisinin tətbiqi və reallaşdırılması imkanları geniş olacaq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti