Əmək Məcəlləsində "işəgötürən" anlayışının izahı - DOĞRUDURMU?
Hüquqi şəxslər müəyyən bir məqsədi həyata keçirmək üçün təşkilatlanmış, hüquq sisteminin müstəqil bir varlıq olaraq tanıdığı şəxs və ya mal toplusudur. Bu şəxslərin məqsədi kommersiya, elmi, ictimai, siyasi, idman, xeyriyyə və s. ola bilər. Mülki Məcəllənin 43-cü maddəsi deyir ki, "hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır". Mülki Məcəllənin 52.2-ci maddəsinə görə isə, "bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdeh deyildir".
Göründüyü kimi hüquqi şəxs anlayışının ortaya çıxmasının səbəbi, fiziki şəxslərin təşkilatlanaraq özlərindən müstəqil olan, özünün əmlakı olan və öhdəlikləri üçün bu əmlakla məsuliyyət daşıyan, hüquq və öhdəliklər əldə edən, cari fəaliyyətinin onu təsis edənlər tərəfindən deyil, hüquqi şəxsin özü tərəfindən, orqanları vasitəsi ilə həyata keçirən bir varlığın yaradılmasıdır. Əmək Məcəlləsində isə hüquqi şəxsin bu xarakteri bir kənara atılaraq, hüquqi şəxsin deyil, həmin hüquqi şəxsin mülkiyyətçisinin (təsisçisinin) işəgötürən sayıldığı bildirilir. Bu, kökündən yanlış tənzimləmədir. İşəgötürən hüquqi şəxsin özüdür və işçi ilə əmək müqaviləsinə imza atan və digər əmək münasibətləri ilə bağlı qərar verən şəxs, hüquqi şəxsin adından onu təmsil edən rəhbəridir.
Hüquq ədəbiyyatında işəgötürənin, hüquqi şəxsin özününmü, yoxsa təsisçisininmi olduğunu müəyyənləşdirməyə kömək edən bəzi suallar qeyd olunur. Bunlar:
- əmək müqaviləsinin kim tərəfindən hazırlandığı, kimin işçini işə götürdüyü və əmək müqaviləsinə xitam verdiyi,
- əmək haqqının kim tərəfindən ödənildiyi,
- işçinin, kimin işini gördüyü,
- əmək şəraitinin kim tərəfindən müəyyənləşdirildiyidir.
Bu suallara cavab, bir mənalı olaraq "hüquqi şəxs"dir. Heç təsisçilərin, işçinin əmək haqqını cibindən ödədiyini və ya işçinin işdən çıxarıldığına görə təsisçilərə qarşı məhkəməyə müraciət etdiyini görmüsünüzmü? Təbii ki, xeyr. Bu heç mümkün də deyil. Bu gün onlarla, yüzlərlə, hətta minlərlə iştirakçısı olan hüquqi şəxslər var ki, onların cari işlərinə dair qərarların verilməsində bütün iştirakçıları bir yerə toplamaq çox çətin məsələdir. Bu işləri hüquqi şəxsin icra orqanı icra edir. İştirakçıların fikrinə isə yalnız fövqəladə qərarların verilməsində ehtiyac yaranır. Əmək hüquqlarının həyata keçirilməsi də hüquqi şəxsin cari fəaliyyəti hesab olunur.
Əmək Məcəlləsinin 3.3-cü maddəsindəki işəgötürənin, müəssisənin mülkiyyətçisi olduğuna dair tənzimləmə, dövlət idarə və təşkilatları, publik hüquqi şəxslər, dövlət şirkətləri baxımından da uyğun deyil. Bu qurumların mülkiyyətçisi dövlətdir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək lazımdır ki, Əmək Məcəlləsinin 3.3-cü maddəsindəki işəgötürənin tərifinin düzəldilməsinə ehtiyac var.
Hüquqşünas Araz İsmayılov
AzVision.az
Teqlər: