AzVision.az-ın Analitik Qrupu

Metal aclığı | Lonqrid

// “Yeni sənaye”nin üzləşdiyi sınaq bəzi ölkələr üçün şansa çevrilə bilər

H

azırda dünya iqtisadiyyatı bir neçə istiqamətdə ağır problemlərlə üzləşib. Bunlardan birincisi ərzaq, ikincisi energetika, üçüncüsü əlvan metallardır. Ərzaq cəbhəsində yaranan vəziyyət dünyanı artıq aclıqla üzləşmək həddinə çatdırıb (AzVisionun əvvəlki lonqridi məhz bu məsələyə həsr olunmuşdu). Əlvan metalların yarada biləcəyi problemlər ilk baxışdan çox da kəskin görünməyə bilər. Halbuki məsələ kifayət qədər ciddidir və narahat olmağa əsas yaradır.

Əlvan metalların dünya iqtisadiyyatındakı rolu son illərdə sıçrayışla artıb. Ona görə də qiymətlərinin durmadan bahalaşması bütövlükdə iqtisadi vəziyyətə, inflyasiyanın səviyyəsinə çox ciddi təsir göstərəcək. Söhbət banal olaraq işlətdiyimiz telefonların, noutbukların, elektromobillərin bahalaşmasından getmir. “Stavka”lar bundan qat-qat yüksəkdir.

Qorxulu rəqəmlər

Dünya Bankının ekspertləri hesab edirlər ki, hazırda qlobal inflyasiyanın 3 əsas tərkib hissəsi var: enerji, ərzaq və metallar. Bu ilin sonuna qədər enerjidaşıyıcıları 50%-dən çox, ərzaq 23%, metallar 16% bahalaşacaq. Nəticədə 2022-ci ilin iqtisadi şoku 1970-ci ilin staqflyasiyasından daha ağır ola bilər.
Bu 3 sektordan enerji və ərzaq böhranı haqqında son vaxtlar xeyli danışılıb, metallar isə diqqətdən kənarda qalıb.

Dünya Bankı metalların qiymətinin bu il 16% bahalaşacağını gözləyir

Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, növbəti onillikdə “sıfır karbon emissiyası” iqtisadiyyatına keçid nəticəsində 4 əsas əlvan metala (alüminium, mis, nikel, sink) olan tələbat istehsalı 6 dəfə üstələyəcək və onların bazarı 13 trilyon dollara çatacaq.

Metalşünas, əlvan metallar üzrə mütəxəssis Orxan Məmmədovun AzVisionun "Videocast" layihəsinə müsahibəsində dediyinə görə, son 3 ildə bəzi əlvan metalların qiymətlərində 50%, bəzilərində isə hətta 100% bahalaşma qeydə alınıb. Elə metallar var ki, bir tonunun qiymətinin 80-100 min dollar olduğunu nəzərə alsaq, bu, kifayət qədər yüksək artımdır.
Qiymətlərin bahalığından əlavə, artıq bazarda qıtlıq da hiss olunmağa başlayıb. Nəticədə bəzi ölkələr ixracı dayandırırlar, bahalaşma isə daha da sürətlənir.

Müasir texnologiyalar əlvan metallara tələbatı kəskin artırır

Məsələni qəlizləşdirən digər amil dünyada hərbi gərginliyin artmasıdır. İş ondadır ki, əvvəlki silahların “xəmiri” poladdan yoğrulurdusa (müharibə “polad və qan” demək idi), müasir dəqiq silahların – raketlərin, dronların və s. istehsalı üçün xeyli miqdarda əlvan metallar tələb olunur. Söhbətin təhlükəsizlikdən getdiyi yerdə isə istənilən sövdələşmə yersizdir.

Rusiyanın “Pozitiv Konsaltinq” mərkəzinin rəhbəri İrek Qalyamov AzVision.az-abildirib ki, qlobal miqyasda logistika zəncirlərinin və bazarların istiqamətinin dəyişdirilməsi əlvan metalların qiymətlərinin 50-70%-ə qədər artmasına səbəb olacaq. Söhbət hazırda dünya sənayesinin ən çox ehtiyac duyduğu alüminium, mis, nikel, silisium, kobalt kimi metallardan gedir. Alüminiumun ilin sonuna qədər 38%, nikelin 52% bahalaşması proqnozlaşdırılır.

Alüminium


Yeni emal olunduğu dövrlərdə alüminium qızıldan baha idi. Məşhur kimyaçı Dimitri Mendeleyevə bahalı hədiyyə kimi alüminium parç verilməsini hamımız yaxşı xatırlayırıq. İndi həmin parçın yenidən o vaxtkı qiymətinə qayıtmaq ehtimalı kifayət qədər yüksəkdir.

Bizim əsrin birinci onilliyinin sonuna doğru alüminium ilk dəfə kəskin bahalaşaraq, qiyməti hər tona görə 3.000 dollara yaxınlaşmışdı. Amma sonra yenidən 1500 dollara düşdü və növbəti onillik ucuz alüminium dövrü oldu. Məhz həmin dövrdə "yeni sənaye"yə keçid sürət toplamağa başladı.

Alüminiumun qiymətlərinin son 3 ildəki dinamikası və 3 fərqli qurumun proqnozu

Amma ikinci onilliyin sonlarına doğru Amerika ilə Çinin arasında qızışan "ticarət müharibəsi"nin mövzularından biri də məhz alüminium oldu. 2018-ci ildə Donald Tramp “Amerika sənayesini qorumaq” adı altında ölkəyə polad və alüminium idxalına uyğun olaraq 25% və 10% əlavə tarif tətbiq etmiş, Avropa ölkələri də ona eyni pul ilə qalıq qaytarmışdılar. Nəticədə bu əlvan metalın qlobal bazar konyunkturası dəyişmiş, qiymətlər artmağa başlamışdı.
Daha sonra ABŞ və AB öz aralarında “sülh bağlayaraq”, Çinə qarşı “cəbhə” açdılar. Hazırda Çin birmənalı olaraq dünya alüminium bazarının ən böyük oyunçusudur. Bayden ötən il G20 sammitində “ABŞ və Avropa öz bazarlarına çirkli metalları buraxmamalıdırlar” deyəndə məhz Çinə işarə vururdu. Məsələ ondadır ki, Alüminium sənayedə hələ də elektroliz üsulu ilə alınır. Bunun üçün isə külli miqdarda elektrik lazımdır - Avropada son dərəcə bahalı olan və qiyməti getdikcə artan elektrik. Çində elektrik stansiyalarında kömür yandırmaqda davam edirlər, Avropada isə fantastik qiymətə alınan qazdan əldə edilən elektriklə istehsal olunacaq alüminiumun qiymətinin bazarda rəqabətə necə dözəcəyini hətta təsəvvür etmək çətindir. Ona görə də, ikinci onilliyin sonuna doğru dünya bazarında alüminiumun qiyməti Çində kömürün qiymətilə korellyasiyada idi.

Alüminiumun istehsalı yüksək enerjitutumlu oldu üçün bu metalın qiyməti birbaşa elektirikin qiymətindən asılıdır

Üçüncü onillik başlayandan isə yeni faktorlar da meydana çıxdı. 2021-ci ilin sentyabrında Qvineyada baş verən çevriliş qiymətlərə güclü təkan verdi (həmin ölkə alüminium boksitinin 20%-ni istehsal edir). 2022-ci ilin fevralında Ukrayna müharibəsi başlayandan sonra isə qiymətlər əvvəlki rekordları təzələdi.
Hazırda artıma təsir göstərən bir neçə amil var: bu sahədə investisiyalar kifayət qədər deyil, tələb təklifi üstələyir, geosiyasi risklər artıb.

Mis

Misin qiyməti 2019-cu ildən artım trendinə başlayaraq, 2021-ci ilin mayında hər tona görə 10.000 dolları keçməklə onillik rekordunu təzələdi. Bu metalın istehsalı da, istehlakı da ildən-ilə durmadan artmaqdadır. Çünki “yaşıl sənaye” belə tələb edir: məsələn, ənənəvi avtomobilin istehsalında təxminən 23 kq. mis işlədilirsə, hibrid avtomobildə bu rəqəm 40 kq, elektromobildə 60 kq.-a bərabərdir.

Son 120 ildə dünyada mis istehlakının artımı

Mis bazarının vəziyyətini izləyən “International Copper Study Group”un  (The ICSG) məlumatına görə, hazırda dünyada misin aşkar qıtlığı hiss olunur. 2025-ci ildə onun qiymətlərinin $12 500 dollara qədər qalxacağı proqnozlaşdırılır. Mis sənayesində də investisiyala çatışmazlığı müşahidə edilir.

Nikel

Paslanmayan polada, elektromobillərə  və “yaşıl energetika”ya təlabatın artması nəticəsində durmadan bahalaşan metallardan biri də nikeldir. O, batareyalarda istifadə olunan əsas elementlərdəndir. Təkcə bu il dünyada nikelə təlabat 16% artacaq.

Nikelin qiymətlərinin 5 illik dinamikası

“Fitch Ratings” agentliyinin hesablamalarına görə, 2050-ci ilə qədər tələbatın artımı 5 dəfəyə çatacaq.
Son 5 ildə Nikelin qiymətləri davamlı artım trendindədir, 2022-ci ildə isə xüsusilə çevik templə qalxır. İlin sonuna qədər bu metalın hər tonunun qiymətinin 24 min dolları keçəcəyi gözlənilir.

Qapalı dairə

Əlvan metalların bahalaşması prosesi 2019-cu ildən başlasa və pandemiyanın təsirilə güclənsə də, hazırda əsas rolu Rusiyaya tətbiq edilən sanksiyalar oynayır. Söhbət birbaşa təsirdən getmir: Rusiyanın metal bazarındakı rolu elə də böyük deyil, məsələn, alüminium bazarında payı 6%-dir. Amma dolayı təsir həddindən artıq güclüdür.

Belə ki, əlvan metalların, xüsusilə alüminiumun və misin istehsalı böyük miqdarda elektrik enerjisi tələb edir. Enerjidaşıyıcıları bahalaşdıqca elektrikin, deməli, əlvan metalların istehsalının maya dəyəri də qalxır. Çıxış yolu alternativ enerji ola bilərdi, amma əlvan metallar baha olanda alternativ energetikaya keçid də bahalaşır və çətinləşir. Beləcə, dairə qapanır.

Məsələ ondadır ki, alternativ enerjini  hasil edən qurğularda - günəş panellərində, yel dəyirmanlarında əlvan metallardan geniş istifadə olunur. Söhbət ilk növbədə alüminium, mis, silisium, litium kimi elementlərdən gedir. «Finam»ın analitiki Aleksey Kalaçev AzVision.az-a müsahibəsində bildirib ki, "yeni sənaye inqilabı"nın əsasında məhz əlvan metallar dayanır. “Yaşıl iqtisadiyyat” daxiliyanma mühərrikləri ilə işləyən nəqliyyatdan və ənənəvi energetikadan bir neçə dəfə çox mis, nikel, alüminium və digər əlvan sənaye metalları tələb edir.

Əgər əlvan metallar qıt və baha olacaqlarsa, demək, “yeni sənaye”yə keçid də ən yaxşı halda ləngiyəcək. Hazırda isə hasilat tələbin artımından geri qalır. Bu vəziyyət təxminən 2030-cu ilə qədər davam edə bilər. Demək, həmin vaxta qədər "yaşıl iqtisadiyyat" və “sıfır karbon emissiyası”na keçid sual altındadır.
Bəs nə etmək olar?

“Yaşıl energetika”ya keçidin baş tuta bilməsi üçün əlvan metallar əlçatan olmalıdır

Əslində məntiq sadədir: Dediyimiz kimi, əlvan metallar ona görə bahalaşırlar ki, onların istehsalı üçün tələb olunan elektrikin qiyməti qalxır. Elektrikin qiyməti ona görə qalxır ki, qaz və neft bahadır. Demək, qaz və neftin ucuz olduğu ölkələrdə əlvan metalların da istehsalı daha ucuz başa gələcək. Və onlar bu şansdan istifadə edərək həm özləri yaxşı qazanc götürə, həm də dünya sənayesini büdrəməkdən xilas edə bilərlər. Elə isə, xəritədə eyni zamanda həm neft və qaz, həm də əlvan metallarla zəngin ölkələri axtarmaq lazımdır.

Qazaxıstan

Sovet vaxtı bu ölkəni “əlvan metallurgiyanın mirvarisi” adlandırırdılar. Ölkənin xüsusilə mis və sink istehsalında böyük imkanları və potensialı var. Mis hasilatının cəmləşdiyi vilayətin - “Jezqazqan” sözünün hətta mənası da “mis çıxarılan yer” deməkdir. Burada mis yer səthinə yaxın yerləşdiyindən, hasilatı ucuz başa gəlir. Bütövlükdə ölkədə 63 mis yatağı mövcuddur. 2002-ci ilin birinci yarısında əlvan metalların istehsalı 6,1% artıb. Bundan başqa, sink və qızıl istehsal olunur.

“Jezqazqan” sözünün hərfi mənası “mis çıxarılan yer” deməkdir

Özbəkistan

Əlvan metallurgiya ölkə sənayesinin aparıcı sahələrindən biridir. Burada da qonşu Qazaxıstandakı kimi əsasən mis, sink, qızıl istehsal edilir. Volfram və molibden filizləri var. Bir neçə iri metal emalı müəssisəsi fəaliyyət göstərir. Ölkədə filizin çıxarılmasından hazır məhsula qədər bütün istehsal tsikli mövcuddur. Təkcə mis yataqlarının sayı 15-dən artıqdır. Almalıq mədən şəhərciyi mis-molibden istehsalında xüsusilə məşhurdur. Çirçik vadisində çətin əriyən metalların emalı fabriki var.

Azərbaycan

Məşhur Daşkəsəndən başqa Ordubad, Qarabağ və Balakən-Zaqatala zonasında filiz yataqları var. Əsasən mis, kobalt, qurğuşun ehtiyatları mövcuddur. Alüminium istehsalını və ixracını ölkəmiz dayanıqlı şəkildə artırır. Ötən il Azərbaycan 188.529.240 dollar dəyərində 67.355 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edib. Bu, 2020-ci il ilə müqayisədə qazancda 66,2%, həcmdə 12,6% artım deməkdir.

Azərbaycanın faydalı qazıntı ehtiyatlarını dəqiqləşdirmək üçün azad olunmuş torpaqlarda yeni geoloji kəşfiyyat işləri aparılmalıdır

Sərfəli perspektiv

Əlvan metalların yeni yataqlarının işlənməsi üçün xeyli vaxt və investisiya lazımdır. Regional əməkdaşlıq bu prosesi gücləndirə bilər. Türkiyənin yaxşı inkişaf etmiş metallurgiya sektoru var. Keçən il ölkə 12 milyard dollar həcmində qara və əlvan metal ixrac edib. Amma o, əsasən ağır metallurgiya (dəmir və polad) üzrə ixtisaslaşıb.

Orta Asiyanın türk respublikalarının zəngin əlvan metal ehtiyatları investisiya və qabaqcıl texnologiyalarla birləşdirilsə, hasilatı xeyli artırmaq mümkündür. Türk Dövlətləri Təşkilatının çərçivəsində birgə fəaliyyət üçün hüquqi bazanın yaradılması bu işi xeyli asanlaşdıracaq. Azərbaycanın nəqliyyat imkanları isə Orta Asiyada istehsal olunacaq metalın dünya bazarına çıxarılmasına yeni yollar açır.

İqtisadçı-ekspert Elman Sadıqov deyir ki, hasil edilən əlvan metalları xammal şəklində satmaq əslində sərfəli deyil. Birinci mərhələdə onları tikiləcək metalsaflaşdırma zavodlarında saflaşdırmaq, sonra imkan daxilində yerli sənayedə işlədərək, dəyər zənciri yaratmaq lazımdır. Bu halda daha çox qazanc əldə edə bilərik.

Elman Sadıqov: “Əlvan metallar olmasa, müasir həyat da olmaz”

Bazardakı konyunktura əlvan metallar istehsal edən bütün ölkələr üçün yeni və maraqlı imkanlar yaradır. Biz Azərbaycanın metallurgiya sənayesində açılan perspektivlərlə bağlı daha geniş məlumat almaq üçün rəsmi qurumlarla əlaqə saxlamağa xeyli cəhdlər etsək də, təəssüf ki, uğursuz alındı. İqtisadiyyat Nazirliyində bizə heç nə deyə və heç yerə yönəldə bilmədilər, "Azəralüminium"dan isə ümumiyyətlə, heç kimlə əlaqə yarartmaq mümkün olmadı.

Beynəlxalq Valyuta Fondunun ötən il dərc etdiyi proqnozda deyilirdi ki, əlvan metalları ixrac edən ölkələr qarşıdakı 15-20 il ərzində gözlənilən qiymət artımından xeyli əlavə vəsait qazanacaqlar. Nəticədə 2030-cu illərin axırına kimi əlvan metalları ixrac edən ölkələrin iqtisadi inkişaf tempi onları idxal edənlərdən daha çox olacaq. Bu da bir şansdır və ondan faydalanmaq lazımdır.

  27 May 2022    Oxunub: 13904    Oxunma vaxtı: 34 dəq.

34 dəq.