AzVision.az-ın Analitik Qrupu

“Böyük oyun”dan böyük işlərə | Lonqrid

// Bakı və Ankaranın Orta Asiyanın türk ölkələri ilə yaxınlaşması göründüyündən daha dərin prosesdir

S

Son aylarda Azərbaycan və Türkiyənin də yaxından iştirakı ilə Orta Asiyada strateji xarakterli dərin proseslər gedir. Uzun müddət dominion olmuş regional gücün zəifləməsi vakuum effekti yaradaraq, bölgəyə yeni qüvvələrin daxil olması üçün yol açıb. Bu rəqabətdə isə Orta Asiya ölkələri ilə milli-mənəvi eyniliyi olan, üstəlik, xeyli müddətdir, bölgədə aktiv iş aparan Türkiyə önə çıxıb. Təbii ki, Azərbaycan da Türkiyə ilə Orta Asiya ölkələrinin arasında yerləşən və hər iki tərəflə əla münasibətləri olan ölkə kimi bütün layihələrin fəal iştirakçısıdır. Üstəlik, özünün ikitərəfli münasibətlərini aktiv inkişaf etdirməklə ümumi geosiyasi prosesin daxilində Azərbaycan-Qazaxıstan-Özbəkistan üçbucağı şəklində nüvə formalaşdırır.

Sənədlər nə deyir?


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin mart ayının sonlarında Özbəkistana baş tutan səfəri zamanı müxtəlif sahələri – nəqliyyat, kənd təsərrüfatı, ticarət, təhsil, informasiya texnologiyaları və s. əhatə edən 15 müqavilə imzalanmışdı.
Təxminən 3 ay sonra – iyunun sonlarında Azərbaycan prezidenti İlham Əliyev də Özbəkistana səfər etdi və bu dəfə 20-yə yaxın sənəd imzalandı. Diqqətlə baxanda Ərdoğanın və Əliyevin səfərləri zamanı imzalanan sənədlərin təxminən eyni sahələri əhatə etdiyini (identikliyini) görürük.

Türkiyə və Azərbaycan prezidentlərinin Orta Asiya liderlərilə imzaladıqları müqavilələr daha böyük məqsədə hesablanıb

Maraqlıdır ki, may ayında Qazaxıstan prezidenti Kasımjomart Tokayevin Ankaraya səfərindən qabaq özbək həmkarı Şavkat Mirziyoyevlə geniş telefon danışığı olmuşdu. Səfər zamanı isə 14 sənəd imzalanmışdı ki, onlar da Türkiyə ilə Özbəkistan arasındakı imzalanan sənədlərlə demək olar, eyni sahələri əhatə edirdilər. Avqust ayında isə cənab Tokayevin Azərbaycana səfəri olacaq. Yenə də oxşar sənədlər dəsti imzalansa, təəccüblənməyəcəyik.

Sanki Ərdoğanın Orta Asiya liderlərilə görüşləri ilə İlham Əliyevin anoloji təmasları 3 ay fərqlə bir-birini təkrarlayır. Bu sinxronluq təkcə prezidentlərin görüşlərinə yox, digər hökumətlərarası səfərlərə də aiddir. İmzalanan sənədlərin təxminən eyniliyini də bura əlavə etsək, düşünmək olar ki, ölkələr arasında hansısa dərin inteqrasiyanın hüquqi-normativ əsasının yaradılması prosesi gedir. Bəs bu, nə ola bilər?

Türk Birliyinin pillələri

İqtisadçı-ekspert Şəmsi Rzalı AzVision.az-ın videokastında bildirib ki, qarşıdakı ortamüddətli dövrdə, yəni 10 illik perspektivdə əsas məqsəd ikili inteqrasiyanı dərinləşdirmək olmalıdır. Bunun üçün birinci mərhələdə ticarət, ikinci mərhələdə kapitalın və əmək resurslarının axını sərbəstləşdirilməli, vizalar aradan qaldırılmalıdır. Üçüncü mərhələdə ortaq bazar yaradılmalı, dördüncü mərhələdə isə iqtisadi siyasət uyğunlaşdırılmalıdır.

Şəmsi Rzalı: “Siyasi görüşlər sıxlaşmadıqca iqtisadi inteqrasiya güclənməyəcək. İqtisadi inteqrasiya həmişə siyasi işbirliyindən sonra gəlir”

Biz hazırda bu silsilənin birinci mərhələsinə başlayırıq. Əsas hədəf Türk Dövlətləri Təşkilatını Avropa İttifaqına bənzər bir iqtisadi birlik vəziyyətinə gətirmək olmalıdır və bu yöndə ilkin addımlar atılır. İqtisadi inteqrasiyanın sonrakı mərhələlərinə uzunmüddətli perspektivdə baxmalıyıq. Əgər Avropa İttifaqını nümunə götürsək, belə inteqrasiya üçün təxminən 50 il zaman lazımdır.

Ankaradan olan iqtisadçı-ekspert Neşat Gündoğdunun sözlərinə görə, Türkiyə digər türk dövlətləri ilə bərabər səviyyəli münasibət qurduğundan, onun bu siyasəti xoş qarşılanır, nəticədə regionda həqiqi birlik yaranır. Onun fikrincə, Avrasiya İqtisadi Birliyi arzulanan səviyyəyə gəlib çata bilmədi. Nəticədə, yaradılmış iqtisadi işbirliyi müəyyən sahələrdə ölkələri bir-birindən asılı hala salır. Üzv dövlətlərin büdcələrinə müəyyən xeyri dəysə də, inkişaflarına heç bir töhfə vermir. Buna görə də, Avrasiya İqtisadi Birliyinin gələcəyinin olduğunu demək çətindir. Türk Dövlətləri Təşkilatının isə 2030-cu il vizionu var. Bu vizionda inteqrasiya proqramı da mövcuddur.

Neşat Gündoğdu: “Türk Dövlətləri Təşkilatının 2030-cu il vizionunda inteqrasiya proqramı mövcuddur”

Gələcək birliyin nüvələri

Bu cür geniş inteqrasiyadan danışırıqsa, o, bir neçə nüvənin ətrafında formalaşa bilər. Onlardan biri Azərbaycan-Türkiyə nüvəsidir ki, son iki ildə imzalanan sənədlərlə strateji müttəfiqlik təsbit edilib.
İkinci nüvə Orta Asiyada olmalı idi və bu da yaradılır. 
2021-ci ilin dekabrın 6-da Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Qazaxıstana tarixi səfəri zamanı həmkarı Kasımjomart Tokayev dövlətlərarası şura yaratmağı təklif etdi. Maraqlıdır ki, bu iki qonşunun öz aralarında imzaladıqları 22 sənədin çoxu əhatə və məzmununa görə sonradan Azərbaycan və Türkiyə ilə imzalanacaq sənədlərə bənzəyirdi. Ən vacibi isə dövlətlərarası münasibətləri müttəfiqlik səviyyəsinə çatdırmağı nəzərdə tutan Bəyannamə idi. Sənəddə tezliklə müttəfiqlik müqaviləsinin imzalanacağı da vurğulanırdı.
- Bu, ölkələrimizin münasibətlərində keyfiyyətcə tamamilə yeni səviyyədir. Müttəfiqlik dövlətlərimizin üzərinə yeni məsuliyyət qoyur. Mənim yaradılmasını təklif etdiyim Dövlətlərarası Şura çərçivəsində biz lazımsız rəsmiyyət olmadan, işgüzar tərzdə tez-tez görüşə biləcəyik,- deyə Tokayev bildirmişdi.

Tokayevlə Mirziyoyevin 2021-ci ilin 6 dekabr görüşü regionun taleyindəki dönüş nöqtələrindən biri sayıla bilər

Qeyd edək ki, hazırda Qazaxıstanla Özbəkistanın arasında ticarət dövriyyəsi ildə 30%-i aşan templərlə inkişaf edərək, artıq 4 milyard dolları keçib, yaxın məqsəd 10 milyard dollara çatmaqdır. İki ölkə MDB, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), nəhayət, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq edirlər. Amma son aylarda imzalanan müqavilələrin, yaradılan normativ-hüquqi bazanın ruhu göstərir ki, hazırda məhz sonuncunun - Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsi və yeni səviyyəyə qaldırılması prosesi gedir.

Bunu şərtləndirən geosiyasi fon da var. Məhz TDT çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət Xəzərin hər iki tərəfindəki türk dövlətlərinin dünyadakı yeni reallıqlar şəraitində təhlükəsiz və sabit inkişafını təmin edə bilər. TDT müstəvisində əməkdaşlıq bütün ölkələrə iqtisadi faydadan əlavə, möhkəm siyasi dayanıqlıq və geosiyasi önəminin artmasını da vəd edir.

Orta(q) yol

Hazırda dünyada gedən qlobal iqtisadiyyatın aşınması prosesi özünü ilk növbədə logistikanın və kommunikasiyaların pozulmasında göstərdi. İndiyə qədər Uzaq Şərq ilə Avropanı bir-birinə bağlayan 3 dəhlizdən danışmaq mümkün idi: Şimal dəhlizi, Orta dəhliz və Cənub dəhlizi. Şimal dəhlizi Rusiya-Ukrayna müharibəsinə görə istər Çin, istərsə də dünya üçün o qədər də güvənli deyil. Cənub dəhlizindən danışanda İran və Əfqanıstanla bağlı problemlər önə çıxır. Bu halda Orta Dəhliz ən perspektivli layihəyə çevrilir.

“Orta dəhliz”in baza variantlarından biri. Amma bu yollar şaxələnə də bilər...

Hazırda Orta dəhliz layihəsində Transxəzər yükdaşımalarının payının artırılması, ənənəvi bərə daşımaların çoxalması və güzəştli tariflərin müəyyənləşdirilməsi prosesi gedir. Azərbaycan həm Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Türkiyə üzərindən Avropaya məhsul ixracında rolunu, həm də Gürcüstanın Poti və Batumi limanlarından istifadə etməklə Ukrayna, Rumıniya və Türkiyə istiqamətində yükdaşımaların həcmini artırmaq istəyir. Paralel marşrut isə Zəngəzurdan keçməklə Naxçıvana uzanan, Ermənistanın da proseslərə cəlbini nəzərdə tutan, Qars dəmir yolu xətti ilə birləşməsi planlaşdırılan layihə - Zəngəzur dəhlizidir. Aprelin 1-də Tbilisidə Gürcüstan, Azərbaycan, Qazaxıstan və Türkiyə təmsilçilərinin iştirakı ilə Tarnsxəzər dəhlizinin yaradılması haqqında imzalanan bəyannamə bu planlar üçün hüquqi əsas yaradırdı.

Orta Dəhlizin ayrı-ayrı elementləri kimi “Türküstan-Şımkənd-Daşkənd”, “Darbaza-Maktaaral-Cizaq”, “Üçgüdük-Qızılorda” dəmir yollarının çəkilməsi də gündəlikdədir. Hələ ki həyata keçirilməyən daha bir mühüm layihə var: Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu. Özbəkistan Azərbaycanla Uzaq Şərq ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqəsini gücləndirəcək bu layihənin həyata keçirilməsində maraqlıdır. Hazırda Azərbaycanla Qırğızıstanın münasibətlərində müşahidə olunan istiləşmə həmin layihəni də aktuallaşdıra bilər.

Qırğızıstanın keçmiş xarici işlər naziri, “Çingiz Aytmatov adına İssık-Kul Forumu”nun prezidenti, böyük yazıçı Çingiz Aytmatovun oğlu Əsgər Aytmatov AzVision.az-a müsahibəsində xatırladıb ki, prezident Sadır Japarovun apreldə Bakıda baş tutan rəsmi səfərindən və Azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündən sonra durğunluq dövrü bitib, ikitərəfli münasibətlərimiz yüksəliş mərhələsindədir. “Rəsmi trafik, faydalı əməkdaşlıq sahələrinin axtarışı intensivləşib. Qarşılıqlı fəaliyyətin konkret sahələrinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Tərəflər ticarət dövriyyəsini artırmaq, birgə iqtisadi layihələr həyata keçirmək, mədəni əməkdaşlığı genişləndirmək üçün imkanlar axtarırlar”,- deyə Əsgər Aytmatov vurğulayıb.

Hazırda praktik olaraq bütün dünya, ilk növbədə isə Avropa Birliyi və Çin Orta Dəhlizin etibarlı, onun keçdiyi ölkələrin sabit olmasında maraqlıdırlar. Bunu Mərkəzi Asiyadakı türk respublikaları ilə Azərbaycanın və Türkiyənin iqtisadi inteqrasiyası təmin edə bilər. Ona görə, hazırda Orda Dəhlizdə maraqlı olan böyük güclər avtomatik şəkildə Xəzərin o tay-bu taylı türk dövlətlərinin inteqrasiyasında da maraqlıdırlar. Bu ölkələr arasında sərbəst ticarətin genişlənməsi, gömrük tariflərinin azaldılması və iqtisadi siyasətlərinin uyğunlaşdırılması dəhlizi daha da etibarlı edəcək.

Türk dövlətləri arasındakı klassik-ənənəvi bağları müasir işgüzar-ideoloji formata keçirmək istiqamətində işləmək lazımdır


Bu cür iqtisadi inteqrasiyanın kökündə mütləq 
ideoloji təməllər dayanmalıdır. Avropa İttifaqında da belədir. Ona görə də, türk zolağı ölkələrinin dərin iqtisadi əməkdaşlığının qurulması üçün güclü siyasi-ideoloji bünövrəyə ehtiyac var. Prezidentlərin qarşılıqlı səfərləri, diplomatik trafikin getdikcə sıxlaşması həmin siyasi-ideoloji bazisi təmin etməyə qadirdir. Ortaq dil, ortaq din, ortaq mənəviyyat və mədəniyyət kimi klassik bağları müasir ideoloji formata keçirmək yönündə işləmək lazımdır. İmzalanan müqavilələrin humanitar əlaqələri də əhatə etməsi görünür, həm də bu məqsədi daşıyır.

Üçtərəfli kooperasiya


Amma inteqrasiyada əsas məqsəd əlbəttə ki, təkcə qlobal çağırışlara cavab vermək deyil. Siyasi-ideoloji bünövrə üzərində qurulacaq iqtisadi yaxınlıq türk dövlətlərinə birgə kooperasiya nəticəsində də böyük qazanc vəd edir.

Qazaxıstanlı politoloq, Xalq Təsərrüfatı Universitetinin Beynəlxalq Münasibətlər və İdarəetmə kafedrasının professoru Saken Mukanın sözlərinə görə, indiki halda Qazaxıstan Azərbaycan ilə Özbəkistan arasında ticarətin artırılmasında bir növ logistik birləşdirici halqa ola bilər. Üçtərəfli əməkdaşlığı daha da gücləndirməklə birgə layihələrdə ümumi iştirak və Rusiya Federasiyasına tətbiq olunan sanksiyaların nəticələri ilə bağlı ortaya çıxan xərclərin təsirini minimuma endirmək mümkündür.

Ümumiyyətlə, dünyada qlobalizmin aşınmasının regional proseslərə qazandırdığı yeni mahiyyətin fonunda Cənubi Qafqazın lideri olan Azərbaycanla Mərkəzi Asiyanın iki aparıcı ölkəsi – Qazaxıstan və Özbəkistan arasında üçtərəfli iqtisadi kooperasiya böyük maraq doğurur. Özbəkistanın “Mano” (Məna) Tədqiqat Təşəbbüsləri Mərkəzinin direktoru Bəxtiyar Erqaşev üç ölkənin iqtisadi, siyasi, sosial, humanitar əlaqələri daha da genişləndirmək üçün böyük potensiala malik olduqlarını deyir.

“Xəzər bölgəsi bu ölkələri birləşdirən məkana çevrilməli, birgə inkişaf və tərəqqi üçün yeni imkanlar yaratmalıdır. Türk investisiya fondunun yaradılması birgə potensialımızı yüksək texnologiyalı sənaye istiqamətində reallaşdıra bilər. Səylərin birləşdirilməsi hər zaman ayrı-ayrı ölkələrin fərdi cəhdlərindən daha yaxşı nəticə verir”,- deyə cənab Erqaşev AzVision.az-a bildirib.

Üçtərəfli kooperasiyanı vacib edən budur ki, Xəzərə birbaşa çıxışı olmayan Özbəkistanın Azərbaycan və Türkiyə ilə təmaslar saxlamaq üçün Qazaxıstana ehtiyacı var. Amma bu, birtərəfli ehtiyac deyil, Özbəkistan özü də digər iki tərəfə çox şey təklif edə bilər.

İqtisadçı-ekspert Xalid Kərimlinin fikrincə, Azərbaycan, Qazaxıstan və Özbəkistan həm ikitərəfli, həm də üçtərəfli kooperativ müəssisələr yaratmaqla mövcud şəraitdə mənfəətlərini artıra bilərlər. Bu kooperativlər avtomobil, neft-kimya sənayesində və kənd təsərrüfatında xüsusilə perspektivli görünür.

Xalid Kərimli: “Üç ölkə birlikdə Xəzərin hər iki tərəfində böyük layihələr həyata keçirə bilərlər”

Hər üç ölkənin kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı üçün ciddi potensial mövcuddur. Bu sahə həm də ölkələrin siyasi, iqtisadi, maliyyə, texnoloji və investisiya səylərinin tətbiqi nöqtəsinə çevrilə bilər. Məsələn, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı məqsədilə birgə klasterlər yarada bilərlər. Çünki bizim ölkələrin yanında Yaxın Şərq və Fars körfəzi kimi ciddi, ödəmə qabiliyyətinə malik, əhəmiyyətli miqdarda ərzaq qəbul edə bilən bazarlar var.

Özbəkistanda avtomobil sənayesi son vaxtlar sürətlə inkişaf edir. Ölkədə “Chevrolet” avtomobillərindən əlavə, Qazaxıstanla birgə yaradılmış müəssisədə “Hyundai” maşınları istehsal olunur. Qazaxıstanda kimya, əczaçılıq və yüngül sənaye sürət yığmaqdadır. İki ölkənin sərhədində beynəlxalq sənaye-kooperasiya mərkəzinin yaradılması planlaşdırılır. Bu mərkəz Orta Asiyanın əsas ticarət-sənaye habına çevrilməlidir. Eyni rolu Azərbaycan Güney Qafqazda, Türkiyə isə Ön Asiyada oynayır ki, bu da onların inteqrasiyasını labüdləşdirir.

Dərin qatdakı əlaqələr

Əslində Türk Dövlətləri Birliyinin daxilində ayrıca nüvə kimi formalaşan Azərbaycan-Qazaxıstan-Özbəkistan üçbucağı təbii müttəfiqlik məntiqinin diqtəsindən doğur. Bu ölkələri bir-birinə bağlayan əlaqələr ilk baxışda göründüyündən daha çoxdur. Prezident İlham Əliyevin Daşkəndə səfəri zamanı “Kuksaroy” dövlət iqamətgahında incəsənət ustaları ilə Azərbaycan dilində necə rahat söhbət etməsi əslində iki ölkənin və xalqın düşünüldüyündən daha yaxın olmasının sübutu idi. “Dinimiz də, dilimiz də, mədəniyyətimiz də, köklərimiz də birdir. Bu gün birlik hamımızın gözü qarşısındadır və bu birliyi biz əbədi etməliyik” ,- İlham Əliyev özbək sənətçilərinə demişdi.

İlham Əliyevin “Mən özüm üçün yeni Özbəkistanı kəşf etdim” sözləri incə mətləblərdən xəbər verirdi...

Dərin qatda Qazaxıstanla Özbəkistanı bağlayan digər tellər də az deyil. Bu gün Özbəkistanda 1 milyondan çox qazax, Qazaxıstanda 621 min özbək yaşayır. Faktik olaraq, ölkələr bir-birinin ərazisindəki ən böyük diaspora malikdirlər. Özbəkistanın tanınmış diaspor araşdırmaçısı Q.Mendikulova onları “irrident” adlandırmağın tərəfdarıdır. Hərçənd, bu da tam doğru yanaşma deyil, çünki Qazaxıstanla Özbəkistanın da sərhəd xətləri yaxın şərqdəki bəzi ölkələr kimi xətkeşlə çəkilib, nəticədə qohum xalqlar tarixi yurdlarında, elə qohum xalqın arasında, fəqət qonşu dövlətin sərhədləri daxilində qalıblar.

Oxşar fikri Əfqanıstanda yaşayan özbəklərə də aid etmək olar. Orada yaşayan 2 milyondan çox özbək ölkədə sayına görə dördüncü etnik qrupdur (
CİA-nın hesabatına görə əhalının 9-10 faizi). Əfqanıstanın bir neçə şimal vilayətində Özbək dilində danışırlar. Bu isə özbəkləri regionda sabitliyin qorunması baxımından çox əhəmiyyətli faktora çevirir.

Özbəkistan Orta Asiyada sabitliyin təmin olunmasında aparıcı rola malikdir

Bütün bunlar o deməkdir ki, Orta Asiyada sabitliyin qorunması və inkişaf üçün Özbəkistan-Qazaxıstan alyansı vacib şərtdir, Bakının ora qoşulması və Ankaranın prosesdə iştirakı isə tamam yeni üfüqlər açır. Azərbaycanla Türkiyə coğrafi baxımdan bölgədən kənarda görünsələr də, əslində hər iki ölkə və xalq bu məkanda tamamilə doğmadır.

Orta Asiya tarixən “Böyük oyun” adlanan Rusiya-Qərb qarşıdurmasının meydanı kimi tanınıb və bu zaman maraqları ən çox tapdalanan türk xalqları olublar. İndi isə türk xalqları və dövlətləri böyük oyunları qurtarıb, böyük işlərə keçmək əzmindədirlər.

  28 İyul 2022    Oxunub: 14001    Oxunma vaxtı: 52 dəq.

52 dəq.