Əczaçılıq sənayesi: Hansı həbi seçəcəyik?! - Lonqrid
// “Biq farma”da böyük sıçrayış gözlənilir. Bəs region ölkələri bu dalğanı tuta biləcəklərmi?!
S
ağ qalmaq üçün insana lazım olan təkcə qida deyil. Ən azı qida qədər vacib başqa bir tələbat da var: dərman. Hər bir ölkədə strateji əhəmiyyətli sayılan dərmanların xüsusi reyestri mövcuddur ki, oradakı preparatların daim əlçatan olması müəyyən mənada milli təhlükəsizlik məsələsidir. İldən-ilə genişlənən bu siyahı müxtəlif ölkələr üçün fərqli ola bilər, amma əsas maddələr təxminən eynidir.
Dərman bazarı insan həyatının önəmi ilə paralel artır. Bu gün əczaçılıq dünya iqtisadiyyatının üçüncü ən böyük sektoru hesab edilir. Qlobal miqyasda sağlamlığa xərclənən pulların ¼ hissəsi dərmanlara gedir. Dərman unikal, yəni əvəzlənə bilinməyən bir əmtəədir. Çörək olmayanda onu məsələn, kartofla əvəzləyə bilərsiniz, amma hansısa tibbi preparat lazımdırsa, onun özünü tapmaq tələb olunur.
Buna görə də, dərmanların tədarükü, təminatı və qiymətlərinə nəzarəti demək olar, bütün dövlətlər strateji vəzifələrdən sayırlar. Proqnozlara görə, qarşıdakı illərdə qlobal dərman bazarındakı artım dinamikası daha da güclənəcək. Pandemiya vaxtı kəskin şəkildə göründü ki, ölkənin özünü zəruri preparatlarla təmin etmək qabiliyyətində olması nə qədər önəmlidir.
Dünya əczaçılıq bazarının artım dinamikası
1977-ci ildən başlayaraq Dünya Səhiyyə Təşkilatı hər iki ildən bir ən vacib dərmanların siyahısını dərc edir. Hazırda bu yanaşma 160-dan çox ölkədə tətbiq olunur. Hər bir ölkədə kritik əhəmiyyətli hesab olunan əsas dərman sinifləri bunlardır:
• Reanimasiya zamanı istifadə olunan preparatlar; • Antikoaqulyantlar (ürək-damar xəstəliklərinə qarşı); • İnsulin (diabetə qarşı); • Ağrıkəsicilər; • Epilepsiyaya qarşı vasitələr; • Antibiotiklər; • Steroidlər. Hər bir ölkə üçün əsas sual budur: bu preparatlardan nə qədəri ilə özünü təmin etməyi bacarırır və xaricdən dərman asılılığı hansı səviyyədədir?
Dünyada heç bir ölkə özünü lazım olan bütün dərmanlarla təkbaşına təmin edə bilmir
Aydındır ki, dünyanın heç bir dövləti özünü bütün lazımi dərmanlarla tam təmin edə bilməz, hətta farma-sənayenin şəriksiz lideri olan ABŞ da. Son müşahidələrə görə, ABŞ öz xəstələrinə bu gün mövcud olan molekulların 100 faizini deyil, haradasa 75-78 faizini təklif edə bilir. Postsovet məkanı ölkələrində bu molekulların 40-50 faizə qədəri mövcuddur.
2021-ci ildə Rusiyada 808 dərman “həyati vacib” və strateji əhəmiyyətli hesab olunurdu. Bunlardan 60-70 faizi kimyəvi sintez, qalanları biotexnoloji yolla istehsal edilən preparatlardır. Sintez üçün isə xammal lazımdır.
Aptekə qədərki yollar
Ölkədə inkişaf etmiş əczaçılıq sənayesi ola bilər, amma bu, hələ hər şey demək deyil. Çünki xammal təminatında problem yaranarsa, bütövlükdə ölkənin dərman təhlükəsizliyi risk altında qalacaq. Xammal ilə heç bir ölkə özünü yüz faiz təmin etmək iqtidarında deyil, burada hamı başqalarından asılıdır. Məsələn, Rusiyada bəzi ekspertlərə görə, əczaçılıq sənayesinə lazım olan substansiyaların 6-7%-i yerli istehsaldır. Qalanları xaricdən gətirilir. Bu sahədəki logistik vəziyyət isə məlum səbəblərdən getdikcə korlanır.
Bu gün Azərbaycanda istifadəsinə icazə verilən dərman vasitələrinin reyestrində 5500-dən çox preparat var. Bunların 40%-dən çoxu Avropanın və ümumilikdə Qərb ölkələrinin iri istehsalçılarının payına düşür, 19%-i Türkiyə, 9%-i Rusiyada istehsal olunan dərman vasitələridir. Sonrakı yerlərdə Ukrayna, Belarus, Yaponiya, Koreya və s. gəlirlər.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müdiri Pərviz Əzizbəyovun sözlərinə görə, hazırda dərman təminatının təhlükəsizliyi bütün ölkələrdə, o cümlədən, Azərbaycanda da prioritet məsələlərdən biridir. Bu qlobal problem bütün ölkələrdə hiss edilə bilər.
Pərviz Əzizbəyov: “Dərman problemi qlobal xarakterlidir, onu hər bir ölkə öz üzərində hiss edə bilər”
Dünyada logistika böhranının getdikcə dərinləşməsi tələb edir ki, ölkələr əczaçılıq sənayesində regional əlaqələrə daha çox üstünlük versinlər. Məntiq aydın və sadədir: əhalinin dərmanla təminatı qlobal logistika zəncirindəki pozulmalar səbəbindən risk altına düşməməlidir. Bəs bizim regionda bu sahədə əməkdaşlıq məsələləri nə yerdədir və onu necə genişləndimək olar?
Uzaq və yaxın dərmanlar
Hazırda dövriyyəsi 1,5 trilyon dollara yaxınlaşan dünya əczaçılıq bazarında çox böyük disbalans var. İnkişaf etmiş ölkələr burada tam hegemonluq edirlər. İlk beşlikdə ABŞ, Çin, Yaponiya, Almaniya, Fransa qərarlaşıb. Onlardan sonra 21 ölkənin daxil olduğu “inkişaf etməkdə olan əczaçılıq bazarları” (Pharmerging Markets) qrupu gəlir. Son zamanlar dünya dərman bazarındakı yerini sürətlə möhkəmləndirən Türkiyə də həmin qrupa daxildir.
Qlobal əczaçılıq bazarının regionlar üzrə pay bölgüsü
Türkiyə 12 milyard dolları aşmaqla, həcminə görə dünyanın 15-ci böyük dərman bazarıdır. Hazırda regional əczaçılıq habına çevrilməkdədir. Orada 40 mindən çox insanın çalışdığı 83 böyük əczaçılıq şirkəti 170-dən çox ölkəyə 12 min adda dərman satır. Amma 2019-cu ildə 1.442 milyon dollarlıq dərman ixrac etdiyi halda, 5.556 milyon dollarlıq idxal edib. Bu isə o deməkdir ki, Türkiyə də özünü tam olaraq zəruri dərmanlarla təmin edə bilmir. Hamı kimi.
“Dünyanı geosiyasi təlatümlər bürüyüb. Baş verənlər bir daha təsdiqləyir ki, dərman preparatlarının ölkə daxilində istehsalı milli təhlükəsizliyin əsas sütunlarından biridir”. Bu sözləri AzVision.az-a müsahibəsində Qazaxıstanın SANTO əczaçılıq şirkətinin baş direktoru İji Urbanes deyib. O bildirib ki, Qazaxıstan da dərman idxalından asılıdır, amma vəziyyəti dəyişməyə çalışırlar. Prezident Qasım-Jomart Tokayev yerli əczaçılıq sənayesinin inkişafının vacibliyini vurğulayaraq deyib ki, 2025-ci ilə qədər ölkə dərman təminatındakı payını 50%-ə çatdırmağı hədəfləyir.
- Biz “əczaçılıq vətəni” yaratmaq istəyirik. Coğrafi sərhədlər biznes layihələri sayəsində aradan qalxdıqda bir şirkət ümumi standartlara və mədəniyyətə malik bir neçə dövlətin ərazisində fəaliyyət göstərə bilər. Məsələn, Qazaxıstanda sınaqdan keçirilmiş layihənin uğurlu tərəfləri ofislərimizin olduğu və əməkdaşlarımızın çalışdığı Özbəkistan və Qırğızıstanda da reallaşdırıla bilər,- İji Urbanes vurğulayıb.
Amma miqyası daha geniş də götürmək olar. Rusiya, Orta Asiya ölkələri, Azərbaycan və Türkiyənin əczaçılıq sahəsində işbirliyi bütün tərəflərin dərman təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edərdi. İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Dərman təminatının təşkili və farmakoiqtisadiyyat kafedrasının müdiri, əczaçılıq elmləri doktoru, professor Roza Yaqudina AzVision.az-a müsahibəsində bildirib ki, belə əməkdaşlıq üçün potensial var: “Hər şey inzibati strukturların, əczaçılıq biznesinin və bütövlükdə cəmiyyətin marağından asılı olacaq. Əməkdaşlıq həmişə yaxşıdır, həmkarların praktikalarını və ən yaxşı təcrübələrini bölüşməsi üçün fürsətdir. Xüsusilə də, mahiyyətcə mühüm sosial problemləri həll edən əczaçılıq sənayesində”.
Azərbaycanda bunun üçün münasib platforma da yaradılıb. Prezident İlham Əliyevin sərəncamı ilə qurulan Pirallahı Sənaye Parkında prioritet sahələrdən biri də əczaçılıqdır. Artıq 5 əczaçılıq şirkəti orada rezident statusunu əldə edib.
Pirallahı Sənaye Parkında dərman istehsalçıları üçün çox münbit şərait yaradılıb
Burada dərman istehsalçıları üçün bir sıra əlverişli güzəştlər var. İstehsalçılar torpaq, əmlak və 10 ilədək 20%-lik mənfəət vergisindən azad olunurlar. İstehsal xəttini qurmaq üçün xaricdən gətirilən texnika və avadanlıqlara görə gömrük rüsumları və ƏDV alınmır. İqtisadi Zonaların İnkişafı Agentliyində İnvestisiya və iqtisadi təhlil şöbəsinin müdiri Emil Hacıyevin sözlərinə görə, hazırda Rusiya, Türkiyə, İsrail, Norveç, Macarıstan və Almaniya kimi ölkələrin şirkətlərilə danışıqlar aparılır.
Emil Hacıyev: “Azərbaycan əczaçılıq sahəsində tərəfdaşlıq üçün qapılarını açıb”
Gələcəyə baxış
Dərman təhlükəsizliyi öz yerində, amma region ölkələrinin əczaçılıq sahəsində səylərini birləşdirmələri üçün başqa ciddi səbəblər də var. Son vaxtlar biotexnoloji dərmanların payı getdikcə artmaqdadır. 2010-cu ildə dərman sektorunda biotexnologiyaların payı 17% idisə, hazırda 30%-ə yaxınlaşır. Bu yeni texnologiyaları mənimsəmək, inkişaf etdirmək, ümumiyyətlə, yeni dərmanlar istehsal etmək istəyiriksə, regional ölkələrinin əməkdaşlığı vacibdir. Əks halda, uzağı cenerik istehsalı ilə kifayətlənməli olacağıq.
İstənilən dərman bir (və ya bir neçə) bioloji aktiv maddənin qablaşdırılıb, müxtəlif ticarət markaları altında təqdim edilməsindən başqa bir şey deyil. Məsələn, para-asetilaminofenol adlı molekulu biz “parasetamol”, “panadol”, “piaron”, “eferelqan”, “rapidol”, “perfalqan” və sair adlarla tanıyırıq. Onların hamısı parasetamolun cenerikləridir. Hansısa yeni molekul icad olunanda müəyyən müddət ərzində (adətən 15-25 il) onu yalnız yaradan şirkət istehsal edə bilər. Həmin müddət bitəndən sonra başqa şirkətlər eyni molekulun əsasında fərqli adlarla anoloji dərmanları istehsal edirlər ki, buna da “cenerik” deyilir.
Cenerik istehsalında xəstənin maraqları baxımından pis heç nə yoxdur, amma daim bu yolla gedən ölkə və şirkətlər əczaçılıq sənayesinin ön cərgəsindən həmişə 15-20 il geridə qalmağa məcburdurlar. Hər zaman yedəkdə getmək istəməyənlər özlərinin tədqiqatlarını aparmalı və yeni preparatlar yaratmalıdırlar. Bu isə çox çətin, təkbaşına hətta mümkün olmayan işdir.
Rusiya Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin Səhiyyə İqtisadiyyatı İnstitutunun direktoru, biologiya elmləri namizədi Larisa Popoviç deyir ki, pandemiya dünya əczaçılıq sənayesindəki vəziyyəti kökündən dəyişib. Dərman və tibbi avadanlıq istehsalçıları ciddi şəkildə varlanıblar və indi həmin pulları yeni tədqiqatlara yatırmağa hazırdırlar.
Larisa Popoviç: “Dünya əczaçılıq bazarında böyük hadisələr gözlənilir”
Hazırda böyük biofarma yeni dərmanların tədqiqi və istehsalı istiqamətində hərəkət etmək üçün əhəmiyyətli resurslara malikdir. Analitiklərin fikrincə, “Big Pharma” yaxın illərdə vacib perspektivli sahələrdə çoxlu maraqlı ideyalar reallaşdıracaq. Qlobal əczaçılıq bazarı inkişaf edir, orada pul var, tədqiqat və innovasiyalar öz yolu ilə gedir. Dünyadakı həyəcanlara və problemlərə baxmayaraq, səhiyyə sistemi inkişaf edir və edəcək. Bəzi ekspertlər hətta əczaçılıqda gözlənilən sıçrayışı “Kondratyevin altıncı dalğası” saymağa meyillidirlər.
Əlbəttə, region ölkələri hətta səylərini birləşdirsələr belə, “Big Pharma”nın ön sıralarına çıxmaq real görünmür. Amma ən azından dalğanı tutmaq, özümüzün innovativ istehsalatımızı yaratmaq şansımız var. Bundan başqa, əczaçılıq sahəsində birgə tədqiqatlar, tam istehsal dövrəsinin təşkili və ortaq bazarın yaradılması region ölkələrində dərman qiymətlərinin düşməsinə yardım edə bilər.
15 Oktyabr 2022
Oxunub: 17089
Oxunma vaxtı: 33 dəq.