SANTO-nun baş direktoru: "Qazaxıstan dərman istehsalında payını 50%-ə çatdırmaq niyyətindədir" – Müsahibə

      SANTO-nun baş direktoru:    "Qazaxıstan dərman istehsalında payını 50%-ə çatdırmaq niyyətindədir" –    Müsahibə
  30 Sentyabr 2022    Oxunub:2992
“Dünyanı geosiyasi təlatümlər bürüyüb, baş verənlər bir daha təsdiqləyir ki, dərman preparatlarının ölkə daxilində istehsalı dövlətin milli təhlükəsizliyinin əsas sütunlarından biridir. SANTO-nun əsas vəzifəsi Mərkəzi Asiya (Qazaxıstan, Qırğızıstan və Özbəkistan) əhalisini sərfəli, effektiv və təhlükəsiz dərmanlarla təmin etməkdir. Biz tapşırığın öhdəsindən uğurla gəlirik”.
Bu sözləri AzVision.az -a müsahibəsində Qazaxıstanın SANTO əczaçılıq şirkətinin baş direktoru İji Urbanes deyib. O bildirib ki, koronavirus pandemiyası dövründə xammal və materialların çatdırılması ilə bağlı görünməmiş çətinliklər zamanı fövqəladə hallarda işləmək təcrübəsi indi onlara kömək edir:

- Xaricdən gələn geniş miqyaslı dərman çatışmazlığı dövründə biz tərəfdaşlarımızı - xəstəxanaları, aptekləri, xəstələri ruhdan salmamaq üçün hər şeyi etdik. Böhran zamanı dərmanların rahat istehsalını və dərman vasitələrinin mövcudluğunu təmin etmək üçün yeni onlayn format və mexanizmləri uğurla sınaqdan keçirmişik.
Bu gün xarici neqativ amillərlə əlaqədar olaraq Avropadan xammalın çatdırılması ilə bağlı bazarda müəyyən logistik çətinliklər var, lakin onlar müvəqqəti xarakter daşıyır və daha çox ümumi geosiyasi qeyri-müəyyənliklə bağlıdır. Sanksiyalar heç bir şəkildə Qazaxıstana və üstəlik, dərman istehsalı üçün lazım olan xammala şamil edilmir. Məhz belə hallar üçün şirkət qabaqlayıcı tədbirlər görüb: lazımi hazır məhsul ehtiyatı və anbarlarda əlavə xammal ehtiyatı toplayıb. Bütün bunlar müəssisənin dayanıqlı rejimdə fəaliyyətini təmin etməyə imkan verib.
Xarici valyuta ilə xaricdən alınan əczaçılıq xammalının (APİ) qiymətlərindən danışırıqsa, təbii ki, onlar pandemiya zamanı bütün dünyada bahalaşıb. İndi API-lərin və istehlak materiallarının qiymətləri vaxtaşırı dəyişən valyuta məzənnələri səbəbindən yüksəlir. Təbii ki, dərmanların qiyməti pandemiyadan əvvəlki səviyyələrə nisbətən artıb. Lakin biz Qazaxıstan dərmanlarının mövcudluğunu saxlayırıq: pandemiya və ya siyasi hadisələr fonunda yüksək tələbat dövründə dünyada bir çox vasitələr yalnız reseptlə satılır, Qazaxıstanda isə onlar pərakəndə satışda (güclü spesifik dərmanlar istisna olmaqla) mövcuddur. Xəstəxanalar dərman vasitələrinin ümumi həcminin 50%-ni təşkil edir və dövlət investisiyaları hesabına təmin edilir.

- Qazaxıstanın əczaçılıq sənayesi üçün yaranmış problemlərin həllində hansı perspektivlər var?
- Dərmanların qiymətlərini saxlamaq üçün biz ilk növbədə büdcələrə yenidən baxdıq və optimallaşdırdıq, xərcləri azaltdıq. Dediyim kimi, tədarük çatışmazlığı ilə bağlı yaranan problemli vəziyyətləri aradan qaldırmaq üçün müəssisə lazımi hazır məhsul ehtiyatını istehsal edib və anbarlarda əlavə xammal ehtiyatları var. Eyni zamanda, pandemiya zamanı tərəfdaşlarımızın sayını əhəmiyyətli dərəcədə genişləndirdik, ona görə də bir təchizatçıyla bağlı problemlər yaranarsa, tez bir zamanda alternativ tərəfdaşlarla işləməyə keçə bilərik.
Biz Qazaxıstanda dövlət sifarişi əsasında dərman tədarük edirik və onları Qazaxıstan, Özbəkistan, Qırğızıstanın pərakəndə bazarında uğurla satırıq. İstehsal və tədarük normal şəkildə davam edir. SANTO şirkəti böhran şəraitində dərman istehsalını heç vaxt dayandırmayıb. Biz GMBP və OSMI çərçivəsində dərmanların tədarükü ilə bağlı bütün öhdəliklərimizi tələb olunan müddətdə və lazımi miqdarda yerinə yetirməyi, Mərkəzi Asiya ölkələrini zəruri dərmanlarla təmin etmək üçün bütün öhdəliklərimizi yerinə yetirməyi planlaşdırırıq.

- Qazaxıstan idxal olunan dərmanlardan nə dərəcədə asılıdır?
- Müxtəlif rəsmi ekspert mənbələrinə görə, respublikamız hələ də dərmanların idxalından asılı olaraq qalır. Amma biz bütün bunları dəyişməyə çalışırıq və artıq müsbət tendensiya var. Son iki il bunu təsdiqləyir.
Sənayenin problemlərinin operativ həlli üçün hazırda respublikada dövlət orqanlarının və biznes subyektlərinin nümayəndələrinin daxil olduğu Tibb və Əczaçılıq Sənayesinin İnkişafı üzrə Əlaqələndirmə Şurası yaradılır. Yerli istehsalçıların 50%-lik payına nail olmaq üçün bir sıra tədbirlər həyata keçirilir Bu, uzunmüddətli müqavilələrdə vurğunun tibbi cihazlardan dərman vasitələrinə keçirilməsini, Vahid Distribyutorla bağlanmış uzunmüddətli müqavilə layihələrinin həyata keçirilməsini, yeni texnologiyaların və məhsulların hazırlanması üçün nəzərdə tutulmuş R&D mərkəzlərinin (tədqiqat və inkişaf mərkəzi) yaradılmasını, uzunmüddətli müqavilələrin bağlanması məqsədi ilə orijinal dərman preparatlarının istehsalını, bahalı innovativ dərmanlar üçün uzunmüddətli müqavilələrin bağlanmasını; uzunmüddətli müqavilələrin şərtlərinin sərtləşdirilməsini, o cümlədən ləğvetmə tədbirlərini nəzərdə tutur.
Son illərdə Qazaxıstanın daxili istehsalının inkişafı (SANTO və digər əczaçılıq şirkətlərinin timsalında) və digər ölkələrdən gətirilən böyük məhsul ehtiyatı üzərində işin intensivləşməsi sayəsində dərman təhlükəsizliyi bu gün dövlət səviyyəsində təmin edilir.
Hipotetik olaraq nəsə baş versə belə, biz ölkə daxilində əsas mövqeləri tamamilə əvəz edə bilərik, çünki şirkətimiz hazır dərmanları təkcə idxal yoxr, həm də burada, Qazaxıstanda istehsal edir. Bu, öz ehtiyaclarınızı ödəmək və başqalarına humanitar yardım göstərmək üçün ölkə daxilində tədricən öz sənayenizi yaratmağa imkan verən kifayət qədər enerji tutumlu və bahalı bir prosesdir. Bundan əlavə, biz Qazaxıstanda ən yaxşı R&D mərkəzlərindən birini yaratmışıq və dərman preparatlarını burada özümüz hazırlayırıq. Qazaxıstandakı əczaçılıq şirkətlərində bütün həyati vacib dərmanlar lazımi miqdarda var.

- Qazaxıstan ərazisində hansı xəstəliklər daha çox yayılıb və kritik sayılır?
- Rəsmi tibbi statistikaya istinad etsək, qazaxıstanlılar qan dövranı sistemi xəstəliklərinə daha çox həssasdırlar: ölüm hallarının 24,2%-i məhz bu səbəbdən baş verir, əhali ürək-damar xəstəlikləri üzrə “liderdir”. Respublikada mövsümi xarakter daşıyan respirator xəstəliklər, o cümlədən qrip, kəskin respirator infeksiyalara və pnevmoniyaya da çox rast gəlinir. Sakinlər daha çox allergik xəstəliklərdən şikayət edirlər. Qazaxıstanda sıx rastlanan ölüm səbəblərindən biri də şiş xəstəliklərdir. Təkcə 2021-ci ilin birinci yarısında bədxassəli şişlərdən 7000 nəfər ölüb. Bundan əlavə, ekspertlər uşaq ölümünün acınacaqlı statistikasını da qeyd edirlər.

- Hazırda kritik xəstəliklərlə mübarizədə dərman təminatı ilə bağlı işlər necə gedir? Qazaxıstanda ən çox yayılmış xəstəliklər üçün dərman fondu yaradılıbmı? Ehtiyat tükənsə, nə baş verər?
- Dövlət başçısı Qasım-Jomart Tokayev yerli əczaçılıq sənayesinin inkişafının vacibliyini vurğulayaraq deyib ki, 2025-ci ilə qədər ölkə öz əczaçılıq istehsalının payını 50%-ə çatdırmağı hədəfləyir. SANTO da bu məqsədə çatmaqda mühüm töhfə verir. Ümumiyyətlə, Qazaxıstanın əczaçılıq bazarı sürətlə böyüyür və inkişaf edir, COVID-19-a qarşı yerli vaksinlərin istehsalı, onkoloji və kardioloji seqmentlərin inkişafı da bunun tərkib hissəsidir. Şirkətimiz antibiotiklərin, kardio-preparatların və digər aktual dərmanların istehsalında liderliyə nail olub. Biz bununla dayanmaq fikrində deyilik. Dəfələrlə demişəm və təkrar etməkdən çəkinməyəcəyəm, biz SANTO-nun fəaliyyətini yalnız bir ölkə ilə əlaqələndirmək istəməzdik. Biz “əczaçılıq vətəni” yaratmaq istəyirik. Coğrafi sərhədlər biznes layihələri sayəsində aradan qalxdıqda bir şirkət ümumi standartlara və mədəniyyətə malik bir neçə dövlətin ərazisində fəaliyyət göstərə bilər. Məsələn, Qazaxıstanda sınaqdan keçirilmiş layihənin uğurlu tərəfləri ofislərimizin olduğu və əməkdaşlarımızın çalışdığı Özbəkistan və Qırğızıstanda da həyata keçirilə bilər.

- Nadir (orfan) xəstəlikləri olan xəstələrin dərman təminatı necə həll olunur?
- SANTO-nun portfelinə xəstəliklərin terapiyanın müxtəlif sahələrində müalicəsi üçün 12 farmakoterapevtik qrupda 240-dan çox generik dərman daxildir. Şirkət bazarın tələblərinə uyğun olaraq istehsal etdiyi məhsulların sayını hər il genişləndirir. Əsas qruplar sosial əhəmiyyətli xəstəliklərin - vərəmin, şəkərli diabetin, kardioloji və yoluxucu xəstəliklərin müalicəsinə yönəlib. Pandemiya öz dərman sənayemizi inkişaf etdirməyin zəruriliyini açıq şəkildə göstərdi, çünki əhalinin sağlamlığı və rifahı ondan asılıdır. Pandemiya dövründəki çətin vəziyyətə və məhdudiyyətlərə baxmayaraq, milli səhiyyəmizi hər cür dəstəklədik.
2021-ci ildə Qazaxıstanda artıq dərman qıtlığı yox idi və bu öz əczaçılıq istehsalının, xüsusilə də, steril dərman və antibiotiklərin olmasının nə qədər vacib olduğunun növbəti təsdiqidir.
Qazaxıstanda nadir (orfan) xəstəliklər Pulsuz Tibbi Yardımın Zəmanətli Həcminə (bundan sonra PTUZH) və İcbari Sosial Tibbi Sığortaya (bundan sonra İSTS) daxildir, buna görə də müalicə üçün bütün dərmanlar Qazaxıstan Milli Dərman Formulyarına daxil edilib və ölkəyə dövlət qeydiyyatına alınmadan tibbi sığortanın bir hissəsi kimi gətirilir. Bu xəstəliklərin müalicəsi kifayət qədər bahalıdır. Dövlət xəstələrə pulsuz tibbi xidmətin zəmanətli həcmi çərçivəsində terapiya və təminat xərclərini öz üzərinə götürür.
Qazaxıstan nadir xəstəliklərdən əziyyət çəkən xəstələrin müalicəsini demək olar ki, tamamilə dövlət hesabına maliyyələşdirən azsaylı MDB ölkələrindən biridir. Eyni zamanda, onların dövlət hesabına iynə və dərmanlarla, eləcə də yüksək effektli dərmanlarla təmin olunması üçün hər cür şərait yaradılıb. Dövlət nadir xəstəliklərin müalicəsi üçün çox işlər görüb. Ölkədə nadir xəstəliklərin müalicəsi üzrə beynəlxalq standartlar tətbiq edilir və mütəmadi olaraq yenilənir.

- Dünyada istehsal olunan ceneriklərin keyfiyyətini necə xarakterizə edərdiniz? Qazaxıstan bazarında onlara nə dərəcədə tələbat var?
- Cenerik dərmanlar orijinal dərman vasitəsi ilə eyni aktiv tərkibə malik olan və orijinal molekulun patentinin müddəti bitdikdən sonra bazara buraxılan preparatlarlardır. Onlar innovativ dərmanlarla eyni effektivliyə və təhlükəsizliyə malikdirlər. Ceneriklər xəstəliklərin müalicə protokollarında əsas yeri tutur, həkimlər və xəstələr onlara etibar edirlər. Onların istehsalının keyfiyyət standartları yüksək səviyyədədir.

Seymur Məmmədov
AzVision.az


Teqlər: Dərman   Əczaçılıq  





Xəbər lenti