“Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı keçirilir

Namizədlər əvvəlcədən seçdikləri kimi 10:00-da və 15:30-da imtahanda iştirak edə biləcəklər. Bundan əlavə, xaricdə yaşayan namizədlər üçün də distant formatda, proktorinq üsulu ilə 4 sessiyadan ibarət imtahanlar təşkil edilib.
Xatırladaq ki, əyani mərhələnin birinci turu olan Analitik təhlil imtahanında 7256 namizəd iştirak hüququ qazanıb.
İmtahan Verbal, Rəqəmsal və Abstrakt təhlil olmaqla, 3 blok üzrə aparılır. Qeyd edək ki, imtahana 3 saat vaxt ayrılıb.
Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə hesablanacaq. T-şkalası bir çox beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.
Analitik təhlil imtahanının nəticələri imtahan bitdikdən sonra 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Prezident İlham Əliyev 2024-cü il dekabrın 18-də beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
AzVision.az