AzVision.az-ın Analitik Qrupu

Yaşıl Gələcəyin nüvəsi | Lonqrid

// Böhranlı vəziyyət cəsarətli düşüncə tələb edir

B
əşəriyyət tarixinin çətin dövrünə qədəm qoyur: Dünyada suya tələbat heç vaxt indiki qədər yüksək olmayıb. Hazırda planetin əhalisi 100 il əvvəl olduğundan 8 dəfə çox su işlədir. Düzdür, su – bərpaolunan ehtiyatdır, amma onun bərpa olunması üçün vaxt lazımdır. Yer əhalisinin təxminən yarısının yaşadığı ərazilərdə suya tələbat onun ehtiyatlarının bərpaolunma sürətini aşır. Bu artıq böhran deməkdir.

Əhalinin sürətlə artması, şəhərlərin inkişafı, su ehtiyatlarının qeyri-effektiv idarəçiliyi vəziyyəti daha da gərginləşdirir. İnsanların rifahının yüksəlməsi su sərfinin də artması deməkdir. Yaxşı yaşamağı qadağan etmək olmasa da, nəzərə almaq lazımdır ki, həyətlərdəki hovuzlar, ağaclar, qazonlar – bunların hamısı su deməkdir. Bir bokal pivənin istehsalına təxminən 300 stəkan su sərf olunur. Duş qəbul edərkən 1 dəqiqədə 20 litr su axır. Paltar yumaq 130-150 litr su aparır. Həyat səviyyəsi yüksəldikcə insanlar hər gün duş qəbul edir, paltarlarını dəyişirlər. Amma artan təkcə insanların həyat səviyyəsi deyil, həm də sayıdır.

Böhran qapını kəsib


BMT-nin proqnozlarına görə, 2050-ci ildə Yer kürəsinin əhalisinin sayı 9 milyardı keçəcək. Bu o deməkdir ki, suya təlabat 70%, qidaya təlabat 20% artacaq. Məsələ ondadır ki, qida da dolayısı ilə su deməkdir – məsələn, 1 kq. taxılın istehsalı üçün 15.000 litr su tələb olunur. Son 50 ildə dünyada əkilib-becərilən torpaqların sahəsi iki dəfə artıb və rəqəm böyüməkdə davam edir. Əgər bu gün planetin su ehtiyatları bərabər bölünərsə, hər insana ildə 750 
 su düşər. 2050-ci ildə bu rəqəm 450  olacaq.

Son 30 il ərzində suya əlçatanlığın azalması

Tədbir görülməzsə, böhran daha da dərinləşəcək: 2030-cu ildə təxminən 5 milyard insanın, yəni planetin əhalisinin 67%-nin təmiz suya əli çatmayacaq. Ölkələrin 80%-i BMT-nin “su qıtlığı” hesab etdiyi şəraitdə yaşayacaq. Onların arasında Azərbaycan da var.

Dünya Resursları İnstitutunun hesabatına görə, Azərbaycan elə indi də su ilə bağlı vəziyyətin ən ağır olduğu 13 ölkənin arasındadır. Niderlanddakı Utrext Universitetinin ABŞ alimlərilə birlikdə hazırladığı interaktiv su xəritəsində  hansı ərazilərdə suya  təlabatın  onun ehtiyatlarının bərpa sürətindən yüksək olduğunu görmək mümkündür.

Azərbaycan ərazisinin 15%-də çox yüksək quraqlıq riski var

Azərbaycan peyklərinin vasitəsilə ölkədə su ehtiyatlarının vəziyyətini monitorinq edir. Kosmosdan çəkilən şəkillər göstərir ki, ölkə ərazisinin 15%-də quraqlıq riski çox yüksək, 8%-də yüksək, 28%-də ortadır. Ərazimizin 6%-də yüksək, 15%-də orta səhralaşma riski var.




2017-ci ildən bəri aparılan monitorinqlər Azərbaycanda dağ buzlaqlarının sahəsinin getdikcə azaldığını göstərir. Dağ buzlaqları isə içməli suyun çox vacib rezervuarlarıdır. 



İqlimin istiləşməsi göründüyü kimi, buzlaqların yazda sürətlə əriməsinə, beləliklə, həm ehtiyatların azalmasına, həm də sel və daşqınlara səbəb olur.

Qonşu ölkələrdə də vəziyyət yaxşı deyil. Qazaxıstan Parlamentinin deputatı, coğrafiya elmləri namizədi, ekologiya üzrə mütəxəssis Aycan Skakova  “AzVision”a bildirib ki, ölkədə istehsal vahidinə nisbətdə orta su sərfi təxminən 109 m³-dir. Bu göstərici Rusiya və ABŞ-dən (44 m³) 3 dəfə, Avstraliyadan (21 m³) isə 6 dəfə çoxdur. Qazaxıstanda adambaşına gündəlik su istehlakı 3499 litr olduğu halda, Almaniyada 855, Britaniyada isə cəmi 348 litrdir. Hazırda Qazaxıstanda iqtisadiyyatda və məişətdə suya qənaət məqsədilə su siyasəti yenidən qurulmaqdadır. Bu məqsədlə Su Ehtiyatları və Suvarma Nazirliyi qurulub, yeni Su Məcəlləsi hazırlanır.

Planetin temperaturunun 1 dərəcə yüksəlməsi içməli su ehtiyatlarının 20% azalması deməkdir. Qlobal istiləşmənin qarşısını almaq hazırda bəşəriyyət üçün ekzistensial məsələlərdən biridir. Amma insanlıq ancaq özünün yaratdığı antropogen təsirləri azaltmağa qadirdir. Planetin tsikllərini dəyişmək heç bir halda mümkün deyil.

2017-2023-cü llərdə Qafqaz dağlarında buzlaqların ərimə sürəti

Biz bütün hallarda yaxın gələcəkdə su qıtlığı şəraitində yaşamağı öyrənməliyik. Bunun üçün nə etmək olar? Variantlar elə də çox deyil.
1. Su itkilərini azaltmaq
2. Çirkab sularını təkrar istifadəyə cəlb etmək
3. Dəniz suyunu duzsuzlaşdırmaq
4. Kənd təsərrüfatında az su tələb edən metodlara keçmək

İçməli suyun böyük hissəsindən kənd təsərrüfatında (70%)sənayedə (19%) istifadə olunur. Biz “Maye problem” adlı lonqriddə bu məqamların bəzilərinə toxunmuşduq. İndi isə hər iksinin üzərində daha ətraflı dayanacağıq.

Dəniz yolu

Azərbaycanın su ehtiyatlarının cəmi 30%-i öz ərazimizdə formalaşır, 70%-i xarici mənbələrdən gəlir. Bu isə qonşuların su siyasətindən asılılıq yaradır. Azərbaycan Texniki Universitetinin Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri, texniki elmlər namizədi, dosent Ramiz Kəlbiyev AzVision.az -a müsahibəsində bildirib ki, vəziyyəti dəyişməyin yollarından biri dəniz suyunun duzsuzlaşdırılmasıdır.

Ramiz Kəlbiyev: Dəniz suyunun duzsuzlaşdırılması böyük miqdarda enerji tələb edir

Yer Kürəsinə “su planeti” deyirlər. Əslində bu mavi planetdə su problemi yoxdur, problem suyun duzluluğundadır. Hazırda dünyanın 177 ölkəsində okean və dəniz suyunu duzsuzlaşdıran 20 mindən çox zavod fəaliyyət göstərir. Onların bir gün ərzində şirinləşdirdiyi suyun həcmi təxminən Niagara şəlaləsinin orta axın həcminə bərabərdir. Bəzi ada ölkələr – məsələn, Baham, Maldiv, Malta - suya ehtiyaclarını tamamilə bu yolla ödəyirlər. 34 milyon əhalisi olan Səudiyyə Ərəbistanı içməli suyun 50%-ni okeandan alır. Həmin ölkədə “Acwa Power” şirkətinin tikdiyi "Rabigh 3" stansiyası gündə 600.000 m3, yəni 6 milyon litr okean suyunu duzsuzlaşdırır. Bu, dünyada ən böyük qurğudur.
İsraildə içməli suyun 15%-i, texniki suyun isə 50%-dən çoxu dənizin hesabına ödənilir.

Yaxın gələcəkdə dəniz suyunu duzsuzlaşdıran stasiyaların sayı da, məhsuldarlığı da artacaq. Yaponiya, Çin, Hindistan kimi ölkələr gündə 1 milyon litrdən çox suyu emal edən meqaqurğuların üzərində işləyirlər.

Okean suyunun 1 litrində 35 qram duz var, içməli suda isə bu göstərici 1 qramdan az olmalıdır. Xəzərin suyunun duzluluğu okeanınkı ilə müqayisədə bir neçə dəfə az olduğundan, onun şirinləşdirilməsi daha asan və ucuz başa gələcək.

Dünyanın ən böyük su şirinləşdirmə zavodlarından biri olan "Rabigh 3"

Hazırda dəniz suyunu duzsuzlaşdırmaq üçün 2 əsas üsuldan istifadə olunur: distillə və membran (filtrasiya). Kimyəvi, dondurma, elektroliz kimi üsullar da var, amma onlar sənaye miqyasında geniş tətbiq olunmurlar. Distillə - yəni suyun buxarlandırlıb, sonra təzədən kondensasiya edilməsi ən qədim metoddur, onu hələ Aristotel təsvir etmişdi. Bəzi zavodlar hibrid xarakterli olmaqla, distillə və filtrasiya metodlarını eyni vaxtda tətbiq edirlər. Məsələn, Səudiyyə Ərəbistanındakı “Ras əl-Hair” (sutkada 1 036 000 ), Birləşmiş Ərəb Əmirliklərindəki  “Fuceyra 2” (591.000 ) məhz hibrid stansiyalardır. Onlar eyni zamanda həm su, həm də elektrik enerjisi (uyğun olaraq 2400 mVt və 2000 mVt) istehsal edirlər.

Ümumiyyətlə, dünyada dəniz suyunu şirinləşdirən stansiyaların 10-15%-i həm də elektrik stansiyalarıdır. Burada məntiq var: İstilik və atom elektrik stansiyalarında soyuducu maddə kimi sudan istifadə olunur, həmin su buxara çevrilir, deməli, onu distillə edib, şirinləşdirmək olar. Amma istilik elektrik stansiyaları (İES) ətraf mühiti çirkləndirdiyi üçün yaşıllaşan yeni yaşıl dünyada onlara yer olmayacaq, buna görə də tədricən dövrünü başa vurmaqdadırlar. Atom elektrik stansiyalarını isə əksinə, yeni inkişaf mərhələsi gözləyir.

Su üçün atom

Rusiyanın “Rosatom” şirkəti tərəfdaşlarına əsas funksiyasından əlavə, həm də gündə 170.000 kubmetr dəniz suyunu duzsuzlaşdırmağa imkan verən AES-lərin tikilməsini təklif edir. Amma əsas məsələ hibrid texnologiyaları yox, enerji mənbəyidir. Dəniz suyunu duzsuzlaşdıran istənilən qurğunun işləməsi üçün elektrik enerjisi lazımdır. Burada alternativ energetika o qədər də işə yaramır: Stansiya günəşsiz və küləksiz günlərdə də işləməlidir. İstilik elektrik stansiyaları çıxış yolu deyil: suyu duzsuzlaşdırmaq üçün qaz yandırmaq ağıllı iş sayıla bilməz. Ən yaxşı və ağıllı variant Atom Elektrik Stansiyası tikməkdir.

Aktauda fəaliyyət göstərmiş AES həm də Xəzərin suyunu şirinləşdirirdi

Maraqlıdır ki, Xəzər sahilində belə bir təcrübə artıq olub: 1967-ci ildə, Sovet dövründə Qazaxıstanın Şevçenko (indiki Aktau) şəhərində həm də dəniz suyunu duzsuzlaşdırmaq məqsədilə AES tikilmişdi. “БН-350” adlanan stansiya gündə 120.000 kubmetr su və 150 mVt elektrik enerjisi istehsal edirdi. Kompleks 35-40 il uğurla işləyərək, istismar müddətini tam şəkildə başa vurub. Anoloji qurğular 80-ci illərdə İsraildə (Aşdod) və ABŞ-da (Cənubi Kaliforniya) da fəaliyyət göstərib.

Azərbaycanda da dəniz suyunun şirinləşdirilməsi  labüddür. Çünki Abşeronun Xəzərdən başqa su mənbələri yoxdur. Regionlardan suyu yarımadaya yönəltmək isə yaxşı üsul deyil. Çünki əvvəla, bölgələrdə lokal su balansı pozulur. İkincisi, getdikcə regionlarda əhali artır, sənaye və kənd təsərrüfatı injkişaf edir, demək, suya təlabat da çoxalacaq. Xəzərin suyunu şirinləşdirən qurğular və onları enerji ilə təmin edəcək AES tikmək ən ağıllı çıxış yolu ola bilər.

Belə vəziyyətdə Azərbaycanın öz atom energetikasını yaratması və inkişaf etdirməsi dövrün tələbinə çevrilir. Qonşu dövlətlərdə - Rusiya, Türkiyə, İran, Ermənistanda nüvə energetikası var. Azərbaycanda qazıntı yanacağı bol olduğundan, indiyə qədər atom energetikasına ciddi praktik ehtiyac hiss edilməyib. Amma indi dəniz suyunun duzsuzlaşdırılmasına təlabat vəziyyəti dəyişir.

AMEA-nın müxbir üzvü, Radiasiya Problemləri İnstitutunun baş direktoru, kimya elmləri doktoru, professor İslam Mustafayev
AzVision.az -a müsahibəsində deyib ki, əvvəllər atom reaktorlarına qarşı çıxan ölkələr hazırda öz mövqelərinə yenidən baxırlar.

İslam Mustafayev: "Su qurtaranda nəsə etmək artıq gec olacaq..."

- MAQATE-nin direktoru Rafael Qrossi yazır ki, bərpaolunan enerjidən istifadəyə keçən ölkələrin enerji sistemi qeyri-sabit vəziyyətə düşə bilər. Çünki bu sahədə imkanlar məhduddur. Məsələn, hava şəraiti dəyişkən olur. Belə vəziyyətdə istər-istəməz daha sabit, etibarlı enerji mənbəyinə - nüvə enerjisinə ehtiyac yaranır. Rafael Qrossinin yazdığına görə, buxar qazlarının iqlim dəyişmələrinə təsirinin azaldılmasına trilyonlarla dollar vəsait ayrılıb. Bu məbləğin kiçik bir hissəsi atom enerjisinin təhlükəsizliyinin təminatına sərf olunsa, etibarlı nüvə energetikası yaratmaq mümkündür. Bundan da həm enerji mənbəyi kimi, həm də dəniz suyunun duzsuzlaşdırılması prosesində istifadə etmək olar. Bu sabit enerjidir, ekologiyaya mənfi təsirləri azdır. Suyun duzsuzlaşdırlması isə böyük enerji tutumlu sahədir, - İslam Mustafayev bildirib.

Professor xatırladır ki, hətta ötən əsrin 70-ci illərinin ortalarında Azərbaycanda - Nəvaidə AES-in tikintisinə başlanmış, reaktorun təməli də qoyulmuşdu. Orada işçilər üçün tikilmiş 17 kottec indiyədək qalıb. Amma Çernobıl hadisəsindən sonra layihəni dondurublar.

Beləliklə, atom elektrik stansiyasının tikintisi su probleminin həllində böyük rol oynaya bilər. Dənizin suyunun duzsuzlaşdırılması həm də ona görə vacibdir ki, ölkənin su balansı qorunsun. Abşeronun içməli su mənbələri yoxdur, əvəzində Xəzəri var. Başqa bölgələrdən suyu bura yönəltmək həmin regionların su balansını pozur. İspaniyada məhz bu məntiqlə  - Xukar (Jucar) çayının suyunu yerli əhaliyə saxlamaq üçün Valensiya körfəzinin suyunun şirinləşdirilməsinə başlanılıb. Hazırda İspaniya əhalisinin istifadə etdiyi suyun 9%-i bu yolla əldə edilir.

İspanlar Xukar çayını qorumaq üçün Valensiya körfəzinin suyunu şirinləşdirirlər

Üstəlik, suyun uzaq məsafələrə nəqli, xüsusilə də üstüaçıq kanallarla axıdılması itkilərlə müşayiət olunur. Amma suyu təkcə əldə etməklə iş bitmir. Bakı kimi meqapolislərdə onun düzgün istifadəsi də son dərəcə vacibdir.

“Yaşıl tikinti”

Şəhər infrastrukturu və planlaşdırılması su resurslarının idarəçiliyi baxımından çox vacibdir. Bu sahədə ciddi innovasiyalara ehtiyac var. Məsələn, Çində “süngər-şəhər” konsepsiyası populyardır. Bu şəhərlərdə yağış suyunun 70%-dən çoxu toplanır və istifadə olunur.

Azərbaycan Yaşıl Tikinti Şurasının sədri Fuad Bağırov “AzVision”a deyib ki, su ehtiyatlarına qənaət bilavasitə “yaşıl tikinti”məfhumu ilə əlaqədardır. “Yaşıl tikinti”də enerji səmərəliliyi və su istehlakına qənaətlə bağlı bir çox texnologiyalar var. Məsələn, “yaşıl bina”larda üç kanalizasiya sistemi olur: birincisi – paltaryuyan maşın, duş kabinəsi və əlüzyuyandan axan sabunlu su; ikincisi – mətbəx çanağı və qabyuyan maşından axan yağlı su; üçüncüsü isə adi kanalizasiya suyu üçündür. “Boz su” adlanan sabunlu su təkrar istifadəyə yararlıdır. Ondan məsələn, unitaz çənlərində istifadə etmək olar. Niyə hər gün tonlarla təmiz su unitaza axıdılmalıdır? Ayrıca çənlərə yığılan yağlı su isə biodizel istehsalında işlədilir. Bir çox ölkədə yağlı suyun kanalizasiyaya axıdılması qadağandır.

- Təəssüf ki, ölkəmizdə “yaşıl binalar” üzrə sertifikatlaşdırma sistemi yoxdur. Sudan qənaətlə istifadə üçün əvvəla qəlibləşmiş fikirləri dəyişmək lazımdır. Məsələn, bizdə avtoyuma məntəqələrində içməli su işlədilir, halbuki, xaricdə avtomobillər filtrdən keçirilib təmizlənən işlənmiş su ilə yuyulur. Bu təcrübə Azərbaycanda da həyata keçirilməli, avtoyuma məntəqəsi sahiblərindən suyu israf etməmələri tələb olunmalıdır. Çünki hər kəs bilir ki, Bakıdakı avtoyuma məntəqələri hər gün həddən artıq suyu boşuna axıdır, - ekspert söyləyib.

Gələcəyin konsepti: Süngər şəhər

Tokioda su borularının uzunluğu 20 min kilometr, yəni ekvatorun yarısı qədərdir. 13 milyon nəfərlik əhalini su ilə təmin edən bu borularda su itkisi cəmi 3%-dir. Müqayisə üçün deyək ki, Londonda həmin itki  20%-ə çatır.

Dayanıqlı effekt əldə etmək üçün bu addımların hamısı eyni vaxtda atılmalıdır: Suya qənaət, dəniz suyunun şirinləşdirilməsi, su infrastrukturunun yenilənməsi, su siyasətinin yenidən qurulması. Ən əsası isə, təfəkkür dəyişməlidir.

Nəticə

Su, qida və enerji bir-birilə əlaqəli resurslardır. Ona görə də, bəzi ölkələrdə su və enerji məsələlərini eyni nazirlik idarə edir. Dünya Bankının “Thirsty Energy” proqramı da su, enerji və ərzaq resurslarına birgə yanaşma nəzərdə tutur. Dəniz suyunun şirinləşdirilməsinin labüdləşməsi bu cür yanaşmanı daha da aktuallaşdırır. Çünki atom energetikası olmadan dənizdən istədiyimizi ala bilməyəcəyik. Üstəlik, dəniz suyunda duzdan əlavə, bir sıra minerallar da mövcuddur ki, gələcəkdə onlar sənaye üçün əlavə bonusa çevrilə bilər.

Antuan Sent-Ekzüperi məşhur “Balaca Şahzadə” əsərində yazır: “Səhər oyananda əl-üzünü yu, əvvəlcə özünü, sonra isə planetini səhmana sal”. Balaca Şahzadənin bunu etməsi asan idi, çünki onun planetində bir nəfər – ancaq özü yaşayırdı. Səkkiz milyard insanın yaşadığı planetdə bunu etmək çətindir. Amma hər kəs özündən başlayıb evinə, şəhərinə, ölkəsinə keçsə, günlərin birində planetin də işləri qaydaya düşəcək.

  13 Avqust 2024    Oxunub: 5561    Oxunma vaxtı: 19 dəq.

19 dəq.