Xəzərin suyunu şirinləşdirmək üçün nə çatışmır? | VİDEMÜSAHİBƏ

 Xəzərin suyunu şirinləşdirmək üçün nə çatışmır?  | VİDEMÜSAHİBƏ
  17 İyul 2024    Oxunub:10886
Dünyada su problemi ilə üzləşməyən ölkə demək olar ki, yoxdur. İçməli su yalnız əhaliyə və məişətə lazım deyil, əkin sahələri üçün də zəruridir. Azərbaycanın su ehtiyatlarının cəmi 30%-i öz ərazimizdə formalaşır, 70% xarici mənbələrdən gəlir. Vəziyyəti dəyişməyin yollarından biri dəniz suyunun duzsuzlaşdırılmasıdır. Xəzərin suyunun duzluluğu okeanınkı ilə müqayisədə 4-5 dəfə az olduğundan, onun şirinləşdirilməsi asan və ucuz başa gələcək.
Azərbaycan Texniki Universitetinin Enerji effektivliyi və yaşıl enerji texnologiyaları kafedrasının müdiri, texniki elmlər namizədi, dosent Ramiz Kəlbiyev AzVision.az -a müsahibəsində bildirib ki, dəniz suyunun şirinləşdirilməsi üçün dünya təcrübəsində müxtəlif metodlar var. Amma bütün metodlar yüksək enerji tələb edir. Bu məqsədlə bərpa olunan enerji mənbələrindən, məsələn Günəş enerjisindən istifadə olunur. Ənənəvi enerji mənəbələrindən, hətta İstilik Elektrik Stansiyalarından (İES) yararlanmaq mümkündür. Amma İES-lər ətraf mühitə çox ziyan vurduqlarına görə səmərəsiz hesab edilirlər. Bu mənada Atom Elektrik Stansiyaları (AES) optimal variant sayıla bilər.



- Ətraf mühitin çirklənməsi baxımından AES daha təmiz işləyir. İES bir kilovatt/saat enerjiyə görə havaya yarım kiloqrama qədər CO2 (karbon-dioksid) buraxır. Bərpa olunan enerji mənbələri, məsələn Günəş elektrik stansiyaları ilə müqayisədə AES-in üstünlüyü fasiləsiz işləməsindədir. Gündüzlər şəbəkədə enerji yükü çox olur, gecələr isə aşağı düşür. Amma AES fasiləsiz işləməlidir. Ona görə də, şəbəkədəki yükün aşağı düşdüyü vaxtlarda biz AES-in istehsal etdiyi enerjini dəniz suyunun şirinləşdirilməsinə yönəldə bilərik.

- Bəs xərc baxımından necə? AES çox baha başa gəlmir ki?
- AES-lərin qurulması üçün xərclər digər elektirk stansiyaları ilə müqayisədə yüksəkdir. Amma onların istismarı zamanı çəkilən xərclər aşağıdır. 1 qram radioaktiv maddədən 22 min kilovatt/saat enerji əldə olunur. Amma ənənəvi enrji mənbələrindən isitifadə edən stansiyalarda bu həcm üçün azı 3 ton yanacaq lazımdır.


Hazırda Fransa ən çox AES-lərə malik və onların vasitəsi ilə dünyada ən çox elektirk enerjisini istehsal edən ölkədir. Dəniz kənarında yerləşdiyi üçün onlardan dəniz suyunun duzsuzlaşdırlmasında da istifadə oluna bilər. Amma İsraildə atom energetikası yaxşı inkişaf etsə də, onlar dəniz suyunun duzsuzlaşdırılmasında osmos üsuluna üstünlük verirlər. Bu məsələdə ölkə iqtisadiyyatının yönümünə də fikir verilir. Yəni malik olduqları xammaldan və inkişaf etmiş texnologiyalardan yararlanmağa çalışırlar.

- Bizim dənizimiz var, amma atom enerjimiz yoxdur. Elə isə, biz necə etməliyik?
- Bizdə əvvəllər də, AES yaradılması planları olub. Hacıqabul qəsəbəsində buna yer də ayrılmışdı. Lakin Çernobıl hadisəsindən sonra bu işlər dayandırıldı. Şübhəsiz ki, AES həqiqətən də dəniz suyunun duzsuzlaşdırılmasında ən səmərəli vasitələrdən biridir. Bundan əlavə, AES-in quraşdırılması, onlardan istifadə həm də elmi cəhətdən Azərbaycanda atom energetikasının inkişafına, mütəxəssislərin hazırlanmasına təkan verərdi. Son 1-2 ildə Rusiyanın “Rosatom” şirkəti investisiya qoyaraq burada AES tikməyi təkilf edir. Necə ki, Türkiyədə bu işləri görürülər.


- MAQATE Azərbaycan kimi kiçik ölkələrdə AES-lərin tikilməsinə bir növ qısqanc yanaşır. Rusiya isə bizə AES tikməyi təklif edir. Bu sırf iki dövlətin şəxsi işidir, yoxsa beynəlxaql qurumların münasibətini nəzərə almalıyıq?
- AES-lərin tikilməsi üçün onların lisenziyası olmalıdır. Gözümüzün qarşında Türkiyə nümunəsi var və Rusiya orada həmin işləri aparır. AES-lərin təhlükəsizliyinin dərəcələri var və həmin standartlara uyğun olaraq təhlükəsizlik təmin olunur. Hətta ilkin mərhələdə mütəxəssis təminatını da həyata keçirirlər. Rusiya ilkin mərhələdə Azərbaycanda bu işlərin təməlindən başlayaraq istismara təqdim edənə qədər və texniki cəhətdən təhlükəsizliyin təminatına cavabdehlik daşımağa hazır olduğunu bildirir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Su   atom  





Xəbər lenti