Dənizi aşan işbirliyi - VİDEOKAST

// Azərbaycan-Qazaxıstan-Özbəkistan əməkdaşlığı vacib platformaya çevrilə bilər

Dənizi aşan işbirliyi -  VİDEOKAST
  18 İyul 2022    Oxunub:4025
Dünyada qlobalizmin aşınması regional proseslərə yeni mahiyyət qazandırıb. Bu baxımdan, Cənubi Qafqazın lideri olan Azərbaycanla Mərkəzi Asiyanın iki aparıcı ölkəsi – Qazaxıstan və Özbəkistan arasında üçtərəfli iqtisadi kooperasiya böyük maraq doğurur.
İqtisadçı-ekspert Xalid Kərimli AzVision.az -a müsahibəsində Azərbaycan-Qazaxısta-Özbəkistan üçtərəfli iqtisadi inteqrasiyasının perspektivlərini şərh edib.



- Bir müddət əvvəl logistika və kommunikasiyalar sahəsində imzalanmış üçtərəfli Azərbaycan-Türkiyə-Qazaxıstan bəyannaməsini necə qiymətləndirərdiniz?
- Azərbaycan, Qazaxıstan və Türkiyə xarici işlər, nəqliyyat və rabitə nazirlilərinin son müzakirələrində diqqəti cəlb edən əsas məsələ hazırkı dönəmdə yaranmış beynəlxalq şəraitdən daha çox faydalanmaq məsələsidir. Artıq uzun müddətdir Çindən çıxmaqla Avropaya və əksinə malların daşınması üçün Orta Dəhliz layihəsinin reallaşdırılması istiqamətində addımlar atılır. Əslində layihənin testləri də olub. Azərbaycan prosesdə fəal iştirak edib. Dəhlizin aktiv və işgüzar hala gəlməsi prosesdə iştirak edən bütün ölkələr üçün maraqlıdır. Ancaq burada müəyyən çətinliklər var.
Çindən çıxaraq Qazaxıstanın, Transxəzər və Azərbaycanın üzərindən keçməklə dəmir yolu, dəniz nəqliyyatı və yenidən dəmir yolu vasitəsilə Avropaya yönəldiləcək yüklərin alternativ marşrutlarının müəyyənləşdirilməsi hər 3 ölkənin maraqları çərçivəsindədir. Lakin pandemiyadan öncə, xüsusən də dəniz və okean nəqliyyatının ön planda olması ənənəvi marşrutlardan yük axınlarının bu istiqamətə yönəldilməsini bir qədər çətinləşdirirdi. Çünki biznes strukturları süni şəkildə bu prosesdə iştirak etmək istəmirdi. Lakin pandemiya zamanı ortaya çıxan məhdudiyyətlər, daha sonra Rusiya-Ukrayna müharibəsi fonunda ənənəvi quru yükdaşıma axınlarının marşrutlarında yaranan problemlər bu istiqamətə ciddi fikir vermək zərurətini ortaya qoyub.
Burada əsas diqqəti cəlb edən məsələ ondan ibarətdir ki, bir çox ölkələrin ərazisindən keçəcək bu yük axınlarının maya dəyərinin aşağı salınması, güzəştli tariflərin müəyyənləşdirilməsi, ölkələr arasında yük daşımalarının dəyər zəncirinin maraqlı şərtlərinin formalaşdırılması üçün bu ölkələrin müvafiq strukturları vaxtaşırı görüşürək, müzakirələr aparırlar. Bu istiqamətdə hazırda ciddi addımlar atılır ki, burada da diqqəti cəlb edən əsas məsələ Transxəzər yük daşımalarının rolunun artmasıdır.



- Mərkəzi Aziya regionunda ən böyük insan kapitalına malik olan Özbəkistanla ölkəmizin ticari-iqtisadi əlaqələrinin həcmi mövcud potensiala uyğundurmu? Azərbaycan prezidentinin Özbəkistana son səfəri çərçivəsində imzalanmış müqavilələr hansı yeni imkanları açır?
- Hazırda Azərbaycanla Özbəkistan arasında ticari-iqtisadi əlaqələr ölkələrin potensialından dəfələrlə aşağı səviyyədədir. Ölkə rəhbərlərinin son görüşdə verdiyi bəyanatlarda da bunu aydın şəkildə hiss etmək olur. Təbii ki, strateji tərəfdaş olan bu iki ölkə iqtisadi-ticari əlaqələri artırmaq istəyirlər. Birgə müəssisələrin yaradılması, müəssisələrarası kooperativləşmənin artırılması, ölkələrin üstün olduqları sahələrdə bir-birilə təcrübə mübadiləsinə gedilməsi, birgə fondun yaradılması və birgə investisiya layihələrinin həyata keçirilməsi bu istiqamətdə atılacaq və ölkələrin iqtisadi-ticari, maliyyə əməkdaşlığını artıracaq önəmli addımlardır. Hazırkı rəqəmlər iki ölkənin potensialı baxımından kiçik rəqəmlərdir və bunun yaxın gələcəkdə on dəfələrlə artırılması hər iki ölkənin maraqları çərçivəsindədir.
Xüsusən də Özbəkistanın Azərbaycanın dəmir yolu xətlərindən, quru nəqliyyat yollarından istifadə edərək Avropaya, Qara dənizə, Türkiyəyə çıxmaq istəyi bu iki ölkənin gələcək fəaliyyətinin genişləndirilməsinin anonsunu verir.
Özbəkistan Qazaxıstan üzərindən keçməklə Transxəzər layihələrində iştirak etmək istəyir. Azərbaycan-Özbəkistan iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi üçün iki ölkənin bu istiqamətdə birgə fəaliyyətdə niyyətli və maraqlı olması, konkret işlərin görülməsi üçün komissiyaların yaradılması, birgə müəssisələrin təşkili haqda protokolların imzalanması, niyyətlərin elan edilməsi deməyə imkan verir ki, ölkələr yaxın gələcəkdə iqtisadi-ticari əlaqələrini genişləndirəcəklər.

- Xəzərə birbaşa çıxışı olmayan Özbəkistanın Azərbaycan və Qazaxıstan vasitəsilə Xəzərdə reallaşdırıla biləcək hansı layihələrdə iştirakı mümkündür? Ümumiyyətlə, bu üç ölkənin iqtisadi inteqrasiyası hansı prizmadan maraqlıdır?
- Özbəkistan Transxəzər layihələrində iştirak etməyə iddialı ölkələrdən biridir. Transxəzər, Orta dəhliz layihələrini istifadə etməklə öz məhsullarının Avropaya və Türkiyəyə ixracını və əksinə, bu nəqliyyat dəhlizi vasitəsi ilə özünə lazım olan malların idxalını nəzərdə tutur. Bu istiqamətdə atılan addımlar həm Azərbaycanın, həm Qazaxıstanın, həm də Türkiyənin strateji maraqlarına uyğundur.
Burada Azərbaycanın uzunmüddətli investisiya qoyduğu Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin və hazırda intensiv inşa etdiyi, sonradan Türkiyəyə uzanacaq Zəngəzur dəhlizinin qurulması deməyə imkan verir ki, yaxın gələcəkdə ölkələrarası multi-modal daşınmalar, Xəzər üzərindən daşımalar üçün əldə edilmiş ümumi razılaşma bu istiqamətlərdə yük axınının həcminin böyüməsinə gətirib çıxaracaq. Nəticədə Özbəkistan bu kanallardan istifadə edərək rahat şəkildə öz məhsullarını Avropaya çaıxarmaq imkanı qazanacaq.


- Bayaq xatırladığımız Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli logistika və kommunikasiya əməkdaşlıq layihəsi Özbəkistana nə vəd edir?
- Özbəkistanın birbaşa Xəzərlə əlaqəsi yoxdur, lakin Qazaxıstan vasitəsi ilə Xəzər dənizini keçməklə Azərbaycan üzərindən Türkiyəyə və Avropaya çıxış əldə edə bilər. Hazırda Orta dəhliz layihəsində Transxəzər yükdaşımalarının payının artırılması, ənənəvi bərə yolu ilə daşımaların çoxalması və güzəştli tariflərin müəyyənləşdirilməsi prosesi gedir. Azərbaycan həm Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Türkiyə üzərindən Avropaya məhsul ixracında öz rolunu, həm də Gürcüstanın Poti və Batumi limanlarından istifadə etməklə Ukrayna, Rumıniya və Türkiyə ilə ticarət istiqamətində yükdaşımaların həcmini artırmaq istəyir. Alternativ marşrut isə Zəngəzur üzərindən keçməklə reallaşdırılan layihədir. Bu istiqamətdə Zəngəzur üzərindən keçməklə Azərbaycanı Naxçıvana birləşdirən və Ermənistanın da proseslərə cəlbini nəzərdə tutan, üstəgəl, Naxçıvandan keçməklə Qars dəmir yolu xətti ilə birləşməsi planlaşdırılan layihə də diqqət mərkəzinədidr. Özbəkistan birgə əməkdaşlıq platformasında Azərbaycan, Qazaxıstan və Türkiyənin nəqliyyat və yük daşımalarında iştirak etməyə maraqlı ölkədir. Özbəkistan son dövrlər ciddi iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. Ölkənin dünya iqtisadiyyatına açılması idxal-ixrac əməliyyatlarının kəskin surətdə artmasına gətirib çıxarıb. Beynəlxalq qurumlarla ciddi surətdə əməkdaşlıq edilir, ölkəyə böyük maliyyə resurslarının cəlbinə nail olunub. Alternativ, etibarlı kommunikasiya və daşınma əlaqələrinin formalaşdırılmasında iştirak etmək Özbəkistanın birbaşa dövlət maraqlarına daxil olan məsələdir.

- Son zamanlar Azərbaycan həm də sərmayə ixracatçısı rolunda çıxış edir. Bu sahədə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müştərək layihələrdə iştirakı mümkündürmü?
- Azərbaycanın ən böyük yatırımları Türkiyəyədir. Türkiyənin neft-qaz və neft-kimya sənayesinə Azərbaycan böyük sərmayə qoyub. Eyni zamanda Gürcüstanda Azərbaycanın böyük yatırımları var. Burada əsas məsələ həmin dövlətlərin Azərbaycan üçün xüsusi əhəmiyyətli partnyor olması, həm də ölkənin şirkətlərinin bu istiqamətdə fəaliyyətlərinin davam etdirilməsi və sinerji effektinin yaradılmasıdır. Bu baxımdan, Azərbaycanın Qazaxıstan və Özbəkistana investisiya qoyması da gündəlikdə olan məsələdir. Xüsusən də bu üç ölkə arasında getdikcə intensivləşən yaxınlaşmalar, müxtəlif platformalarda əlaqələrin güclənməsi və gələcəyə doğru baxışlarının identikləməsi, oxşarlığın və hədəflərin eyni olması Azərbaycanın yaxın gələcəkdə bu ölkələrə də böyük investisiya qoyuluşları həyata keçirə bilməsinə imkan verir.
Əslində Türk dövlətləri təşkilatı çərçivəsində yaradılan birgə Fond da məhz bu quruma üzv olan Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyənin birgə maraqlarına cavab verən və birgə strateji hədəflərə xidmət edəcək istiqamətlərə investisiya qoyuluşunun maliyyələşdirilməsinin vahid fondunun təşkili deməkdir. Ancaq Azərbaycan eyni zamanda Özbəkistanla birgə kooperativ müəssisələrin qurulmasında maraqlıdır. Bu avtomobil sənayesi, neft-kimya sənayesində ola bilər ki, hər iki ölkə üçün maraqlıdır və hər iki ölkənin gələcəyə baxışlarını təmin edir.
Bundan başqa, Qazaxstanla müxtəlif Transxəzər layihələrinin birgə maliyyələşdirilməsi, Azərbaycanın ərzaq təhlükəsizliyi baxımından əkinçiliklə məşğul olmaq üçün ölkədən kənarda torpaq icarəyə götürməsi kimi məsələlərdə Qazaxıstanın iştirakı və iki ölkənin bu sahədə birgə əməkdaşlığı , müxtəlif birgə layihələrin həyata keçirilməsi mümkündür. Bu məqamlar hər üç ölkənin dünya ticarətində aktiv iştirakına səbəb olacaq, birgə nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsinə və ticarətin artmasına gətirib çıxaracaq. Üç ölkənin birgə fəaliyyəti kifayət qədər reallığı əks etdirən məsələdir və əminəm ki, yaxın gələcəkdə müxtəlif Transxəzər layihələrinin birgə maliyyələşdirilməsinin və birgə inşasının etməsinin də şahidi olacağıq.


- Qazaxıstan və Özbəkistan şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında hansı rolu oynaya bilərlər?
- Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasını sürətləndirmək üçün dost dövlətlərin, xüsusən də müharibə dönəmində haqq işinin aparılmasında onu müxtəlif platformalarda dəstəkləyən qardaş ölkələrin iştirakına əlverişli şərait yaradıb. Bunun ən böyük örnəyi kimi ərazilərin bərpası prosesində Türkiyə şirkətlərinin aktiv rol oynamasını göstərmək olar. Qazaxıstan və Özbəkistanın prosesdə iştirakı üçün də Azərbaycan qapılarını açıq qoyub.
Azərbaycan bu zonalarda fəaliyyət göstərəcək şirkətlər üçün güzəştli şəraitin və texnoloji sənaye parklarının yaradılmasına xüsusi fikir verir. Bu, xüsusən də Arazboyu vadidə yaradılan nəqliyyat və logistika imkanlarını əks etdirməsi düşünülən texnoloji və Ağdam sənaye-texnoloji parklarıdır ki, əsasən qeyri-neft sənayesi sahəsində olan istehsal müəssisələrinin yaradılması nəzərdə tutulur. Bunda iştirak etmək istəyən ölkələr və onların şirkətləri üçün qapılar açıqdır. Azərbaycan son iki ildə Qarabağın bərpası üçün sırf dövlət büdcəsindən milyardlarla manat vəsait yerləşdirib. Bununla parallel olaraq, özəl şirkətlər aktiv surətdə həmin ərazilərin bərpasında iştirak edirlər. Təbii ki, bu işlər davamlı olacaq. İnvestisiayların qoyulmasına, bir çox sahələrin sıfırdan yaradılmasına ehtiyac var. Bu baxımdan, böyük imkanlara və ehtiyatlara malik olan Qazaxıstan şirkətlərinin və biznesinin, o cümlədən də ciddi inkişaf yoluna qədəm qoyan Özbəkistan şirkətlərinin Qarabağın bərpasında iştirakı, ümumiyyətlə Azərbaycan iqtisadiyyatına investisiyalar qoyması, təbii ki, bizim üçün maraqlıdır.

Azərbaycan həmişə xarici birbaşa investisiyaların ölkəyə cəlb edilməsinə çalışır. Əgər bunun mənbəyi dost və qardaş dövlətlərdirsə, onda ölkəmiz üçün ikiqat maraqlıdır. Xüsusən də bu ölkələrlə birgə müəssisələrin yaradılması, birgə fəaliyyətin koordinasiyası əhəmiyyətli fəaliyyət istiqamətlərindən biridir. Hazırda ərazilərin təmizlənməsi və ilkin investisiya qoyuluşları həyata keçirildiyinə görə özəl şirkətlərin aktiv rol alması bir qədər məhdud çərçivədədir. Ancaq ərazidə fəaliyyətin və sərbəst hərəkətin təhlükəsizliyiyinin təmin olunmasından sonra xarici şirkətlərin daha intensiv surətdə investisiyalar qoyması üçün çağırışlar ediləcək. Ölkəmiz təbii ki, Şərqi Zəngəzurun və Qarabağın ilkin qurulması prosesində mümkün güzəştləri etmək niyyətindədir. Bu istiqamətdə təkliflər var, həm də yeni güzəştlərin verilməsi üçün işlər görülür.

Sahil İsgəndərov
AzVision.az


Bu material Medianın İnkişafı Agentliyinin Dəstəyilə Hazırlanıb
Mövzu: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.



Teqlər: İqtisadiyyat   kooperasiya  





Xəbər lenti