"Türk Dövlətləri Təşkilatı Avropa İttifaqına bənzər birliyə çevrilməlidir" - VİDEOKAST

"Türk Dövlətləri Təşkilatı Avropa İttifaqına bənzər birliyə çevrilməlidir" -  VİDEOKAST
  26 İyul 2022    Oxunub:5687
Qlobal iqtisadi böhranın fəsadlarının neytrallaşdırılması üçün dövlətlərin regional miqyaslı iqtisadi kooperasiyalar formalaşdırması xeyli aktuallaşıb. Bu baxımdan, Azərbaycan-Qazaxıstan-Özbəkistan üçbucağının yaradılması Mərkəzi Asiya və Cənubi Qafqaz regionları üçün xüsusi əhəmiyyət kəsb edə bilər.
İqtisadçı-ekspert Şəmsi Rzalı AzVision.az -a müsahibəsində Azərbaycan-Qazaxıstan-Özbəkistan üçtərəfli iqtisadi kooperasiyasının potensialı və perspektivləri barədə mülahizələrini bölüşüb.



- Mərkəzi Asiyanın aparıcı ölkəsi olan Qazaxıstanla Azərbaycan arasında iqtisadi işbirliyi hansı səviyyədədir və hansı perspektivlər mövcuddur?
- Ölkələrarası iqtisadi inteqrasiyanın mərhələləri var. Bizim Qazaxıstanla iqtisadi inteqrasiyamız ilkin mərhələdədir. İstər Azərbaycan, istərsə də Qazaxıstan təbii resurslarla, yəni neft və qazla zəngindir. Əsas məsələ Xəzərin enerji ehtiyatlarının Avropaya çatdırılmasıdır ki, bu zaman iki əsas ölkə önə çıxır: Qazaxıstan və Azərbaycan. Qazaxıstanla Azərbaycanın əməkdaşlığı sadəcə ikili fayda yaratmaq üçün deyil. Eyni zamanda Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə vermək üçündür. Ancaq Çinin Qazaxıstan və Türkmənistanla təbii qaz və neftlə bağlı ikitərəfli geniş müqavilələr imzalaması Astananı Avropanın enerji təhlükəsizliyini təmin etməkdən uzaqlaşdırır.
Dənizi aşan işbirliyi - VİDEOKAST
Oxşar iqtisadi keçmişdən gəldikləri üçün Azərbaycanla Qazaxıstanın istər istehsal konfiqurasiyaları, istərsə də ümumdaxili məhsulunun (ÜDM) tərkib hissələri bir-birindən çox da fərqlənmir. Qazaxıstanın ÜDM-i hazırda 200 milyard dollara yaxındır, yəni bizdən 2 dəfədən çoxdur. Qazaxıstanda daha çox uran ehtiyatları və s. var.
Azərbaycanla Qazaxıstanın intqerasiyasında əsas perspektiv bundan ibarətdir ki, birincisi, mədəni-təhsil sahəsində əməkdaşlıq genişlənə bilər. Qazaxıstanda dünya reytinqlərinə düşən güclü universitetlər var.
İkincisi, Avropa İttifaqının enerji təhlükəsizliyini təmin etmək üçün ilkin mərhələdə enerji əməkdaşlığı artırıla bilər.
İqtisadi inteqrasiyanın sonrakı mərhələləri uzunmüddətli perspektivdə keçərlidir. Avropa İttifaqı ilə yola çıxırıqsa, bunun dünyada örnəyi var, belə inteqrasiya təxminən 50 il zaman alır. Ancaq ikili iqtisadi inteqrasiyanın qarşısında bir çox əngəllər var ki, onlara zaman gəldikcə bir-bir toxuna bilərik.

- Bir müddət əvvəl logistika və kommunikasiyalar sahəsində əməkdaşlıq barədə Bakıda imzalanmış Azərbaycan-Qazaxıstan-Türkiyə üçtərəfli bəyannaməsi və gələn ay Qazaxıstan prezidentinin ölkəmizə səfəri hansı perspektivləri açır?
- Hazırda 3 dəhlizdən söhbət gedir: Şimal dəhlizi , Orta dəhliz və Cənub dəhlizi. Şimal dəhlizi Rusiya-Ukrayna münasibətlərinə görə istər Çin, istərsə də dünya üçün o qədər də güvənli deyil.
Cənub dəhlizindən danışanda İran və Əfqanıstan problemləri önə çıxır. Belədə bir Orta dəhliz qalır. Təbii ki, Çinin “Böyük İpək yolu” proyekti çərçivəsində Qazaxıstan və Azərbaycan, yəni Orta Asiyanın türk cümhuriyyətləri, Azərbaycan və Türkiyə yer alır. Burada da Orta dəhlizin güvənli olması lazımdır.


Orta dəhlizin güvənli olması üçün də Mərkəzi Asiyadakı türk respublikaları ilə Azərbaycanın, eləcə də Türkiyənin iqtisadi inteqrasiyası lazımdır. Yəni bu ölkələr bir-birilə sərbəst ticarət edə bilməlidirlər. Bu ölkələr arasında gömrük tarifləri azaldılmalıdır və onların iqtisadi siyasətləri uyğunlaşdırılmalıdır. Bundan sonrakı ortamüddətli dövrdə, yəni 10 illik perspektivdə əsas məqsəd bu ikili inteqrasiyanı artırmaqdır. İkili inteqrasiyanı artırmaq üçün də birinci mərhələdə ticarət sərbəstləşdirilməlidir. İkinci mərhələdə kapital axını və əmək resurslarının axını sərbəstləşdirilməli, qarşılıqlı vizalar aradan qaldırılmalıdır. Üçüncü mərhələdə ortaq bazar yaradılmalı, dördüncü mərhələdə isə iqtisadi siyasət uyğunlaşdırılmalıdır.
Biz hazırda bu inteqrasiyanın birinci mərhələsinə başlayırıq. Türk Dövlətləri Təşkilatını Avropa İttifaqına bənzər bir iqtisadi birlik vəziyyətinə gətirmək əsas hədəfdir və bu yöndə ilkin addımlar atılır. Bunun üçün də ölkələrin qarşılıqlı gömrük tariflərini qaldırması, ticarət rejimlərini sərbəstləşdirmələri lazımdır və bütün bunlar Orta Dəhlizin güvənli hala gəlməsinə xidmət edir.

- Onda, bu baxımdan Mərkəzi Asiyanın digər, ikinci aparıcı ölkəsi olan, amma Xəzərə birbaşa çıxışı olmayan Özbəkistanla Azərbaycan və Qazaxıstanın üçtərəfli kooperasiyası mümkündürmü? Bunun üçün kifayət qədər potensial və siyasi iradə varmı?
- Təbii ki, bunun perspektivi var. Misal üçün, bizimlə ortaq iqtisadi keçmişdən gəlməsinə baxmayaraq, Özbəkistan maşınqayırma sektorunda çox öndədir. Amerika ilə yaxın əlaqələri var. Qazaxıstanın da bənzər əlaqələri mövcuddur. İstənilən inteqrasiya fayda vermə potensialına malikdir. Çünki bu iqtisadiyyatlar hələ yeni-yeni kapitalist iqtisadiyyatına keçid edirlər. Sözsüz ki, nəzəri baxımdan keçid dövrünün artıq bitdiyi deyilsə də, bu ölkələr hələ də yüksək texnologiyalı məhsullar istehsal edən ölkələr deyillər. Gəlin bir anlığa xəyal edək ki, üçtərəfli inteqrasiya yarandı: biz gömrük tariflərini aradan qaldırdıq və ortaq bazar qurduq. Amma bir-birimizə sata biləcəyimiz məhsulumuz azdır. İqtisaidyyatlar təbii resurs üzərində qurulub. Amma iqtisadiyyatın inkişafı üçün həm də onun liberallaşması lazımdır. Bunun başqa yolu yoxdur. Siyasi iradə olmadan bu işləri görmək mümkün deyil. Siyasi iradə isə artıq var.


Təbii ki, iqtisadi əməkdaşlıqların kökündə bir də ideoloji təməllər dayanır. Avropa İttifaqında da belədir. Yəni Avropa İttifaqının təməl ideoloji prinsipi nə idi? Avropa millətlərinin ortaq dövlətinin yaradılması. Əslində siyasi inteqrasiyanın son hədəfi odur. Bizdə də ideoloji təməllər - ortaq dil və ortaq din, ortaq keçmiş faktoru var. Ancaq keçmiş SSRİ dövründə Türkiyənin Mərkəzi Asiya ölkələrindən və Qafqaz Azərbaycanından qopması nəticəsində bu inteqrasiya pozulub. Keçmiş SSRİ-nin tərkibində olan ölkələr indi yavaş-yavaş interqasiyaya gedirlər. Sonra da Azərbaycan vasitəsilə Türkiyə ilə inteqrasiyaya gedəcəklər. Əlbəttə ki, bunun böyük perspektivləri var. Amma bu mərhələli şəkildə və uzunmüddətli perspektivdə olacaq. Yəni 5-10 ildə bu iqtisadi inteqrasiyanı son hədəfə çatdırmaq mümkün deyil.

- Özbəkistanla iqtisadi-ticari əlaqələrimizi qənaətbəxş saymaq olarmı? Azərbaycan prezidentinin Özbəkistana son səfəri çərçivəsində imzalanan müqavilələr bu prosesə hansı təkanı verə bilər?
- Qənaətbəxş deyil. Qarşılıqlı ticarət əlaqələri toplamda, səhv etmirəmsə, 90 milyon dollar civarındadır. Halbuki, misal üçün Orta Asiya ölkələrinin Rusiya ilə olan ticarət əlaqələri həddindən artıq böyükdür. Amma Özbəksitanla Azərbaycanın qarşılıqlı ticarət əlaqələri çox azdır və bu, rəsmi dairələrdə də səsləndirilir. Çox böyük potensial olsa da, mövcud həcm azdır. Məsələn, sadəcə tekstil və maşınqayırma sektorları üstündən belə bu ticarət əlaqələrini artırmaq mümkündür. Bunu artırmağın yolu ölkələrin istər iqtisadi, istərsə də sosial-mədəni cəhətdən bir-birini tanımasından keçir. Etiraf etmək lazımdır ki, türk cümhuriyyətləri həm siyasi, həm də sosial cəhətdən bir-birini çox da yaxşı tanımırlar. Bu gün Bakıda reportaj hazırlasaq, türk cümhuriyyətlərini dəqiqliklə tanıyan çox az insanın olduğunu görərik. Orada – Orta Asiyada da belədir. Təbii ki, bunun olması üçün prezidentlərin qarşılıqlı siyasi görüşlərinin sıxlaşması lazımdır. Siyasi görüşlər sıxlaşmadığı müddətcə iqtisadi inteqrasiya güclənməyəcək. İqtisadi inteqrasiya həmişə siyasi işbirliyindən sonra gəlir. Bu gün dövlət başçılarının qarşılıqlı səfərlərinin artması bunun bir nömrəli göstəricisi olmaqla, istənilən halda ticarət həcminin yüksəlməsinə kömək edəcək. Liberallaşmış iqtisadiyyatların bir-birilə inteqrasiyasının artması həm bu ölkələrin ÜDM-ni, həm də qarşılıqlı ticarət əlaqələrini artıracaq. Amma bunun üçün çox güclü siyasi iradə və hüquqi tənzimləmələrin uyğunlaşdırılması lazımdır.


- Azərbaycan-Qazaxıstan-Özbəkistan üçtərəfli kooperasiyası son vaxtlar böyük qlobal problemə çevrilmiş ərzaq təhlükəsizliyinin təminatı baxımından hansı rolu oynaya bilər?
- Bu region üçün əlbəttə ki, çox böyük fayda verə bilər. Elə sadəcə, buğda ixracına baxdıqda, Qazaxıstan öndə olan ölkələrdən biridir. Problem olacağı halda bu ölkələrin inteqrasiyaya getməsi kənd təsərrüfatı sektorunda bir çox problemləri həll edə bilər. Əgər dərin interqasiyaya gedilsə, regionun kənd təsərrüfatı, qida, ərzaq problemilə bağlı elə də ciddi problemi olmaz. Zatən ortaq iqtisadi keçmişdən gəlmiş bu ölkələrdə kənd təsərrüfatı sektoru hələ də aktualdır, yəni bunlar tam sənayeləşmiş ölkələr deyillər, əhalinin bir hissəsi hələ də kənd təsərrüfatı sektorunda fəaliyyət göstərir. Əlbəttə ki, bu potensial var və dərin inteqrasiyada qida təhlükəsizliyini həll edə bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Orta-Asiya  





Xəbər lenti