“Uşaq Qaynar Xətti”nə bu il 940 müraciət daxil olub

“Uşaq Qaynar Xətti”nə bu il 940 müraciət daxil olub
  14 May 2025    Oxunub:348
2025-ci ilin yanvar-mart aylarında “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidmətinə ümumilikdə 940 müraciət qeydə alınıb.
Bu zənglərin 163-ü psixoloji problemlər, 147-sı hüquqi yardım, 94-ü sosial məsələlər, 48-i təhsil, 17-si səhiyyə hüququ ilə bağlı olub. Zənglərin 471-i ümumi xarakterli suallar, xidmət haqqında məlumat sorğuları və digər müxtəlif mövzuları əhatə edib.

Statistik göstəricilərə əsasən müraciətlərin 48%-i qadın, 27%-i kişi, 25%-i isə anonim şəkildə edilib. Zənglərin yaş təsnifatına əsasən, onların 547-i 18 yaşdan yuxarı şəxslərdən, 175-i isə 18 yaşdan aşağı uşaqlardan gəlib, qalan müraciətlər anonim olub.

AUQX-in əsas məqsədi çətin vəziyyətə düşmüş uşaqlara sosial, psixoloji və hüquqi dəstək göstərmək, müraciətləri müvafiq qurumlara yönləndirmək və zəruri hallarda təxirəsalınmaz yardım təmin etməkdir. 2025-ci ilin ilk rübündə edilən müraciətlər əsasında mərkəzə 28 ailə dəvət olunub, uşaqlarla 89 sosial-psixoloji reabilitasiya işi həyata keçirilib. Ailələrə ehtiyaclarına uyğun olaraq hüquqi, psixoloji və psixososial dəstək göstərilib, 19 məktəb və ailəyə isə yerində səfərlər təşkil olunub.

Xidmət “Azercell Telekom” MMC, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti