London və Berlinin birgə silah layihəsi

   London və Berlinin birgə silah layihəsi
  15 May 2025    Oxunub:404
Böyük Britaniya və Almaniya birgə 2000 km-dən (1242 mil) çox məsafəyə zərbə endirə biləcək yeni yüksək dəqiqliyə malik silahlar hazırlayacaqlar.
AzVision.az xəbər verir ki, “Reuters” agentliyinin Böyük Britaniya hökumətinin bəyanatına istinadən yaydığı məlumatda layihənin 2024-cü ilin oktyabrında imzalanmış ikitərəfli müdafiə paktı çərçivəsində yeni silahların hazırlanması öhdəliyinə əsaslandığı bildirilir.

Böyük Britaniyanın Müdafiə naziri Con Hili və onun almaniyalı həmkarı Boris Pistoriusun mayın 15-də Berlində keçiriləcək görüşdə yeni uzaqmənzilli silahlar layihəsini açıqlayacağı gözlənilir. Bəyanatda layihənin müddəti və ya dəyəri barədə ətraflı məlumat verilməyib.

“Getdikcə daha təhlükəli olan bu dünyada NATO və onun Avropalı müttəfiqləri birləşib. Bu tərəfdaşlıq bizə müdafiə sektorunu inkişafın mühərrikinə çevirməkdə, Böyük Britaniya və Almaniyada iş yerləri yaratmaqda və investisiya cəlb etməkdə kömək göstərir”, - Con Hilinin bəyanatında vurğulanır.

Nazirlərin həmçinin dəniz patrulu və kəşfiyyat təyyarələri üçün torpedaların birgə alınmasını müzakirə edəcəkləri və Almaniyaya Böyük Britaniya istehsalı olan hərbi körpülərin alınması ilə bağlı müqaviləni elan edəcəkləri gözlənilir.

Xatırladaq ki, aprel ayında Böyük Britaniyanın Müdafiə nazirliyi hipersəs raketləri üçün mühərrik üzərində ABŞ ilə birgə sınaqların başa çatdığını elan edib. Sınaqlar məqsədi 2030-cu ilə qədər hipersəs silahının nümunəsini yaratmaq olan Böyük Britaniyanın “Team Hypersonics” proqramının bir hissəsi kimi altı həftə ərzində həyata keçirilib.

Onda Con Hili “yenilik etmək və rəqibləri qabaqlamaq” zərurətini vurğulayaraq, ölkənin “hərbimizi gücləndirmək və çəkindirmə qabiliyyətini artırmaq üçün” Böyük Britaniyanın ABŞ ilə sıx əməkdaşlıq etdiyini bildirmişdi.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Britaniya   Almaniya   silah  





Xəbər lenti