Kiçik səhmdarların maraqlarının qorunması
Əvvəlcə qeyd edək ki, lazımdır ki, səhmdar cəmiyyətlərinin cari idarəetməsinin idarə heyəti (direktor) və müşahidə şurasına (bundan sonra hər ikisi birlikdə “idarəetmə orqanları”) həvalə edilməsi özü ilə birlikdə səhm sayından asılı olmayaraq bütün səhmdarlarla idaretmə orqanları arasında maraqların toqquşması problemini gətirir (əslində müşahidə şurasının funksiyası səlahiyyətlər bölgüsünün bir qolu kimi çıxış edərək idarə heyətinin verdiyi qərarlara nəzarət etməkdir. Ancaq Azərbaycan praktikasında müşahidə şurası, daha çox, səlahiyyətləri idarə heyətindən bir az yüksək olan, daha önəmli məsələlərdə qərar verən orqan kimi işləyir). Belə ki, idarəetmə orqanlarının üzvləri şirkətin, dolayısı ilə də səhmdarların maraqlarını bir kənara qoyaraq, onların zərərinə öz gəlirlərini artırmağa cəhd edə bilərlər. Azərbaycan qanunvericiliyində bu problemə həll olaraq, şirkət baxımından bəzi önəmli məsələlər barədə qərar vermək səlahiyyəti müstəsna olaraq səhmdarların ümumi yığıncağına verilib. Ancaq bununla birlikdə səhmdar cəmiyyətinin nizamnaməsi ilə ümumi yığıncağa istənilən mövzuda qərar vermək səlahiyyəti verilə bilər. Ümumi yığıncağa verilmiş səlahiyyətlər digər orqanlar tərəfindən həyata keçirilə bilməz. Buna əməl edilməsinə hər bir səhmdar nəzarət edə bilər. Yəni, şirkətdə qanunun və (və ya) nizamnamənin tələblərinə zidd olaraq, ümumi yığıncağın səlahiyyətinə aid olan məsələ barədə qərarı digər orqanlar qəbul edərsə, bu, səhmdarlardan birinin və ya bir neçəsinin və ya şirkətin maraqlarına zidd olarsa, həmin səhmdarların məhkəməyə müraciət edərək qeyd olunan qərarın ləğv edilməsini tələb etmək hüququ var.
Bundan başqa, səhmdar cəmiyyəti, həmin cəmiyyətə aidiyyati şəxslə müqavilə bağlayarsa və müqavilənin dəyəri səhmdar cəmiyyətinin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edərsə, müstəqil auditorun rəyi və ümumi yığıncağın bu barədə qərarı olmalıdır. Səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə müqavilə bağlanarsa bu zaman da idarə heyətinin və ya müşahidə şurasının qərarı ilə birlikdə səhmdarların ümumi yığıncağı qərar verməlidir. Ümumi yığıncaq, şirkətin idarə heyəti və müşahidə şurasının işində sui-istifadə və ya şirkətə zərər vuran halları müşahidə edərsə, həmin orqanların üzvlərinin səlahiyyətinə vaxtından əvvəl xitam verə bilər.
Səhmdar cəmiyyətlərində kiçik səhmdarların ən çox qarşılaşdığı problem isə böyük səhmdarların öz hüquqlarından sui-istifadə etməsi ilə onların maraqlarını heçə saymasıdır. Bütün bu halların qarşısını almaq üçün qanunvericilik aktlarında bütün səhmdarların hüquqi mənafelərinin təmin olunmasına ehtiyac yaranır. Kiçik səhmdarların hüquqları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Korporativ İdarəetmə Prinsipləri”ndə də geniş işlənilmişdir və bu prinsiplərin bir çoxu Mülki Məcəlləyə əlavə olunmuşdur.
Mülki Məcəlləyə görə hər bir səsli səhmə malik olan səhmdarın ümumi yığıncaqda səsvermədə iştirak hüququ var (bir səsli səhm, bir səs deməkdir). Təbii ki, böyük səhmdarların ümumi yığıncaqda qərarların qəbul edilməsində həlledici rolları var. Ancaq hər bir səhmdarın ümumi yığıncağın gündəliyinə əlavə və dəyişikliklərin edilməsini tələb etmək, şirkətin fəaliyyətinə dair məlumatlar və hesabatları (şirkətin qeydiyyat şəhadətnaməsi, balansı, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, illik maliyyə hesabatı və s.) almaq, ümumi yığıncağın növbəti iclasını çağırmaq, ümumi yığıncağın, onlara zərər vuran qərarlarının məhkəmə qaydasında ləğvini tələb etmək kimi qanuni hüquqlarının olması, onların ümumi yığıncaqda maraqlarının təmin edilməsinə xidmət edir. Kiçik səhmdarlar öz maraqlarını daha geniş şəkildə təmin etmək üçün digər kiçik səhmdarlarla birləşə bilərlər. Bu, onların böyük səhmdarlar qarşısında əzilməyinin qarşısını müəyyən qədər ala bilər. Məsələn, kiçik səhmdarlar birləşdikdə onların ümumi səhmlərinin həcmi səhmdar cəmiyyətinin bütün səhmlərinin 5 faizinə çatarsa, şirkətin idarəetmə orqanlarının üzvlərindən, təqsirli hərəkətləri nəticəsində səhmdarlara və ya şirkətə dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər. Bu səhmdarlara verilmiş ən önəmli hüquqlardan biridir. Belə ki, şirkətin idarəetmə orqanlarında təmsil olunan şəxslər təmsil etdiyi şirkətin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, şirkətin və onun bütün səhmdarların maraqlarına sadiq olmaq və şirkətin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur.
10 faiz səsli səhmə malik olan səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasını tələb etmək hüququ var. Bu da onların maraqlarına xidmət edən məsələlərin gündəliyə salınaraq ümumi yığıncaq tərəfindən müzakirə edilməsi deməkdir.
Yenə, 10 faiz səsli səhmə malik olan səhmdarlar auditor tərəfindən səhmdar cəmiyyətin fəaliyyətinin, təftiş komissiyası tərərəfindən şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını tələb edə bilərlər. Şirkətlər bəzən xərclərini şişirdərək ili xalis mənfəət olmadan və ya az xalis mənfəətlə başa vururlar və nəticədə ümumi yığıncaq divident barədə qərar qəbul etmir ki, bu da ən çox kiçik səhmdarların hüquqlarını pozur. Bu baxımdan şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını tələb etmək, şirkətdə maliyyə hərəkətlərindəki neqativ halların ortaya çıxmasına, nöqsanların aradan qaldırılmasında faydalı ola bilər.
Kiçik səhmdarların hüquqları, səhmdarlara, şirkətin fəaliyyətini yaxından izləməyə və ehtiyac olduqda idarətməyə müdaxilə etməyə imkan yaradır. Praktikada, bir çox hallarda kiçik səhmdarların qeyd olunan tələbləri şirkətin idarəetmə orqanları tərəfindən yerinə yetirilmir. Məhkəməyə müraciət etdikdə isə bəzən səhmdarların iddiaları ya təmin edilmir, yaxud da təmin olunan tələb üzrə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra şirkətin idarəetmə orqanları tərəfindən, inzibati xəta üzrə məsuliyyətə cəlb olunsalar belə icra olunmur. Düşünürəm ki, zamanla, korporativ qaydaların şirkətlərdə geniş tətbiq olunması ilə bu problemlər aradan qalxacaq. Hər bir səhmdar, şirkətin inkişafında, əmlakının dəyər qazanmasında maraqlıdır. Bu artım onların səhmlərinin dəyərini artırır, daha çox investisiya qoymağa təşviq edir. İnvestisiyaların artması, ölkə iqtisadiyyatının inkişafı, insanların rifah səviyyəsinin yüksəlməsi üçün çox önəmli məsələdir.
Araz İsmayılov
Hüquqşünas