Dəhlizdə kəsişən maraqlar: Lavrov Bakıya niyə gəlir və nə ilə qayıda bilər – ŞƏRH

      Dəhlizdə kəsişən maraqlar:    Lavrov Bakıya niyə gəlir və nə ilə qayıda bilər –    ŞƏRH
  21 Fevral 2023    Oxunub:3474
Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi bəyanatlardan biri də həm Zəngəzur dəhlizində, həm də Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifindən ibarət oldu. Zəngəzur dəhlizi hələ reallaşmadığı üçün diqqətimizi Laçın yolunda yaradılacaq NBM-ə və bu məntəqənin Azərbaycana nə verəcəyinə yönəldək.
Laçın yolunda 70 gündən çoxdur davam edən aksiyaya baxmayaraq, rus kontingentinin əraziyə Azərbaycanın icazəsi olmadan rəsmi Bakı üçün arzuedilməz şəxslərin, o cümlədən, Ruben Vardanyanın Xankəndiyə sərbəst giriş-çıxışını təmin etməsi İlham Əliyevin Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin (NBM) yaradılması təklifilə nəticələndi. Bu, ilk növbədə rəsmi Bakının Xankəndidəki qanunsuz rejimin fəaliyyətinin qarşısını əhəmiyyətli dərəcədə almağa və yerli erməni əhalinin Azərbaycan dövlətinə inteqrasiyasını sürətləndirməyə imkan verəcək.

Rusiyanın münaqişə tərəfləri arasında mövcud olan və gələcəkdə açılacaq kommunikasiyalara mümkün qədər üzun müddətdə nəzarət etmək niyyəti kimsəyə sirr deyil. Ermənistan və Azərbaycan arasındakı nəzarət-buraxılış məntəqələrinin mövcudluğu Kremlin marağına uyğun deyil, çünki o halda hər bir münaqişə tərəfi ərazisindəki obyektlərə özü nəzarət edəcək. Belə olan halda Moskvanın regiona təsir və nəzarət imkanları zəifləyəcək. Bakı və İrəvan NBM məsələsində razılığa gələrsə, Rusiya gec-tez bu reallıqla barışmalı olacaq. NBM ilə bağlı danışıqların məhz ABŞ-Avropa platformasında davam etdiyini nəzərə alsaq, Rusiyanın narahatlığını və xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərinin səbəblərini anlamaq çətin deyil.

Azərbaycanın Laçın yolunda NBM yaratmaq qərarı həm Rusiyanı, həm Ermənistanı, həm də qondarma qurumu dərindən narahat edir. Yəqin ki, Lavrov Azərbaycanı bu niyyətindən çəkindirməyə, ən azından, qərarı ləngitməyə çalışacaq. Bakının isə bunun qarşılığında xahiş-minnətə gələn Sergey Lavrovdan Qarabağda yaşayan ermənilərlə əldə olunan müsbət kontanktları məhv edərək, yerli əhalini Azərbaycana qarşı müharibəyə səsləyən Ruben Vardanyanın və erməni silahlılarının ərazidən çıxarılmasını, həm də ekoloqların tələblərinin yerinə yetirilməsini istəyəcəyi ehtimal olunur.

Bu şərtlərin qəbul edilməsi və müəyyən məhdud zaman çərçivəsində aktiv şəkildə icra olunması Bakının NBM yaratmasını bir müddət yubatmağa imkan verə bilər. Başqa sözlə desək, Azərbaycan RSK-nın müvəqqəti nəzarətində olan əraziləri Ruben Vardanyandan və erməni silahlılarından təmizləmək üçün daim hazırdır, amma bunu hərbi gücdən istifadə etmədən, həm də Rusiyanın əli ilə həyata keçirməkdə maraqlıdır. Təbii ki, mümkün olarsa.

Danışıqlar prosesinin məntiqi və İlham Əliyevin Münhendə səsləndirdiyi mesajlar deməyə əsas verir ki, əgər Vardanyan və paralel olaraq erməni silahlıları Qarabağdan uzaqlaşdırılmasa, o zaman Bakının yenidən güc tətbiqinə əl atması alternativsiz variant ola bilər. Havaların isinməsi və qarın əriməsi mövsümü isə adətən sürprizlərlə bol olur.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün




Teqlər: Laçın-dəhlizi  





Xəbər lenti