"Xəzərdəki zəlzələ hərbi əməliyyatların təsirindən olub" - Məşhur seysmoloq

"Xəzərdəki zəlzələ hərbi əməliyyatların təsirindən olub" -  Məşhur seysmoloq
  05 İyul 2023    Oxunub:3019
"İyulun 4-də Bakıdan 160 km şimalda güclü zəlzələ baş verib. Xəzər dənizinin Azərbaycan sektorunun bu hissəsində 33 il ərzində 3 güclü zəlzələ olmuşdur: 1990-cı il avqustun 8-də (maqnituda(M)=5,0-5,5); 25 noyabr 2000-ci ildə (M = 6,0-6,5); 3 iyul 2023-cü ildə (M = 5.5)".
Bunu AzVision.az-a açıqlamasında fizika-riyaziyyat elmləri doktoru, professor İkram Kerimov deyib.
“Afterşoklar ancaq süni zəlzələdən sonra olur” | Məşhur alimlə müsahibə

- Əgər M= 5 olan təkanın dinamik sahəsinin təxminən 10.000 kv km olduğunu nəzərə alsaq, onda, qeyd olunan zəlzələlər dəyişən sərhədləri olan faktiki ümumi dinamik sahəyə malikdir. M=5.0 olan zəlzələlərin regionumuzda məlum təkrarlanma tezliyi təqribən 50-60 ildir (maqnitudası nə qədər böyükdürsə, tezliyi də bir o qədər yüksək olur). Buradan belə nəticə çıxır ki, ən azı 2000 və 2023-cü illərdə baş verən zəlzələlər süni (qeyri təbii) xarakter daşıyır, yəni nəzarətsiz insan fəaliyyətinin təsiri altında yaranıb.

Belə ki, 2000-ci ildəki zəlzələ Çeçenistan Respublikasında hərbi əməliyyatlar zamanı olub. Müşahidə apardıq ki, bombardımanlar olduğu ərazidən kənarda realizə olunub. Beləliklə, onları yaxından izləməyə başladıq. Nəticədə 2000-ci il noyabrın 25-də Bakı şəhərinə çox ciddi təsirə malik zəlzələ oldu, silkələnmələrin səviyyəsi isə 6,7 ball gücündə idi (biz bunu dərc etmişdik - mərhum həmkarım Nadir Əhmədov zəlzələdən əvvəlki 2 həftə ərzindəki partlayışların gücü və tarixini göstərib)".

Məşhur seysmoloq qeyd edib ki, bu gün də Xəzər dənizində hərbi əməliyyatlar da eyni təsir göstərir.

"Xəzərin şimal hissəsindəki hərbi bazadan raketlərin buraxılması geniş bir ərazidə hava dəyişikliklərinə (ballistik trayektoriya üzrə uçan raketlər yüksək sürətlə şaquli yüksələrək, atmosferdə özlərinin arxasında vakuum yaradırlar və ora yuxarıda yerləşən soyuq hava selləri hərəkət edir), sürüşmələr və uçqunlara, 30.000-dən çox suitinin tələf olunmasına, eyni zamanda sonuncu 4 iyun 2023-cü ildə baş vermiş zəlzələyə təsir göstərib. Oxucuda hətta zəif təsirlərin belə böyük məsafələrdə mənfi təsir göstərməsi barədə təsəvvür formalaşdırmaq üçün, bir misalı qeyd edim: biz 2001-ci ildə San Dieqoda Yuqoslaviyadakı müharibənin hətta 1000, 3000 və hətta 5000 km məsafələrə də təsir etdiyinə dair məqalə dərc etmişdik. Eyni zamanda ötən ilin mayında Lökbatan vulkanının qeyri-adi püskürməsinin də oxşar xarakter daşıması ilə bağlı məlumat dərc etmişdik".

İ.Kerimov qeyd edib ki, zəlzələlərin təkrarən olması barədə məlumat vermək çətindir, çünki hərbi əməliyyatların gedişatını proqnozlaşdırmaq mümkün deyil.

Qeyd edək ki, iyulun 4-ü saat 00:01-də Xəzər dənizində 65 km dərinlikdə 5,5 bal gücündə zəlzələ olub. Zəlzələ Bakı daxil olmaqla, Abşeron yarmadası, şimal rayonları, o cümlədən Dağıstan və Qazaxıstanda da hiss olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Zəlzələ  





Xəbər lenti