Kəlbəcərə keçən kişi - Dilqəm Əsgərovun haqqında SƏNƏDLİ POVEST

Kəlbəcərə keçən kişi - Dilqəm Əsgərovun haqqında SƏNƏDLİ POVEST
  16 İyul 2014    Oxunub:9763
AzVision.az ermənilər tərəfindən öz doğma torpaqlarımızda əsir götürülənlərdən biri Dilqəm Əsgərovun Kəlbəcərə səfərini əks etdirən “Kəlbəcərə tək getmə, ata!” sənədli povestini təqdim edir.

Ziyəddin İsmayılovun qələmə aldığı povest vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin unudulmaz xatirəsinə ithaf olunub.

Qeyd edək ki, Erməni xüsusi təyinatlılarının Kəlbəcərin Şaplar kəndində girov götürdüyü Dilqəm Əsgərov 1999, 2001, 2002, 2004,2006, 2009-cu illərdə Kəlbəcərə gedib və geri qayıdıb. Son səfəri zamanı dostları Sahbaz Quliyev və Həsən Həsənovla birlikdə əsir düşüb (2014-cü il 11 iyul).

Sənədli povest

Ι kitab

Birinci Kəlbəcər səfəri - 1998

Axşam düşürdü. Batmaqda olan avqust günəşinin çəpəki şüaları Şəmkir çayını və çayın sağ sahili boyunca uzanan dağ yolunu, qıpqırmızı şəfəqlərə bürüyürdü. Yuxarıdan çay axarı istiqaməti ilə, UAZ markalı maşın asta-asta aşağı enirdi. Sükan arxasında oturmuş, qarabuğdayı sürücünün gicgahlarına dən düşsə də, gün şüalarından və açıq havada çox qalmaqdan yanıb qaralmış üzünə baxan ona qırxdan yuxarı yaş verməzdi.

Müşahidəçi bir az da diqqət etsəydi, sürücünün maşını kələ-kötür dağ yolu ilə məharətlə idarə etməsinə baxmayaraq, çox fikirli olmasının fərqinə varardı. İki gün bundan qabaq, çayın yuxarısında, Gülənbir adlanan yerdəki köhnə fermada yerləşən yatağına gələndə, Dilqəm ən azı on-on beş gün burada qalıb həm işlərini sahmanlamaq, həm də qızmar avqust istisindən can qurtarıb, dağ havasında dincəlmək fikrində idi.

Adəti üzrə səhər tezdən yerindən qalxıb gündəlik işlərinə başlasa da, qəlbində izaholunmaz bir tutqunluq var idi. Buna səbəb gecəki yuxusu idimi, ya dağların başını bürüyən çən duman idimi, bəlkə də elə çayın həmişəkindən fərqli eşidilən şaqqıltılı səsi idimi, heç Dilqəmin özünə də aydın deyildi. Günorta yeməyinə qədər, vaxtını çay yuxarı meşəlikdə keçirtdi. Qurduğu canavar tələlərini yoxladı. Öz əli ilə düzəltdiyi bulağın gözünü yarpaqlardan, çör-çöpdən təmizləyib, suyun axarını nizama saldı. Bu bulağı özündən başqa kimsə hələ ki, görməmişdi. Sərin sudan qoşa ovuclarına doldurub, əl-üzünü yudu, bir neçə qurtum da içdi. Elə bil suyun tamı da dəyişmişdi. Suyun bu tamı Dilqəmin 92-ci ilin payızında, qubadlı dağlarında tapıb, gözünü təmizləyib, durulandan sonra, doyunca içdiyi suyun tamını xatırlatdı. Axır vaxtlar nədənsə Dilqəm tez-tez müharibə illərini xatırlayır, ən adi şeylər, hadisələr belə onu xatirələrə dalmağa məcbur edirdi...

Bulaqdan birbaşa yatağa qayıtdı. Həyat yoldaşı Firuzənin sorğulu baxışlarından gözlərini yayındırdı.

- Bir az ayından-oyundan qoyun maşına, kəndə gedirəm, deyərək maşına yaxınlaşdı. Kapotu qaldırıb mühərriki gözdən keçirməyə başladı. Əslində, qəfil gedişinin səbəbini (bu səbəb heç özünə də bəlli deyildi) izah etməkdən can qurtarmağa bəhanə idi, maşına baxmaq.
Kəndə çatanda hava təzəcə toranlaşırdı. Evlərin işıqları yanırdı. Darvazaya çatıb siqnal verən kimi, qapı tayları dərhal açıldı. Qızları Yeganə ilə Durdanə, hərəsi darvaza qapısının bir tayından yapışıb maşının içəri girməsini gözləyirdilər. Dilqəm mühərriki söndürüb, maşından düşəndə kiçik oğlu:

- Ata, bilirdim ki, bu gün gələcəksən, – deyə sevinclə qışqırdı.
- Nə bilim, ə? Anan zəng eləmişdi, yoxsa? – deyən Dilqəm
zarafatla soruşdu.
- Yox yuxuda gördüm! Bir də ki, dağda anamın telefonumu var, bəyəm?
- Hə ata, qardaşım səhər yuxudan duranda deyirdi ki, atam
axşama gələcək! – deyən qızları, darvazanı bağlayıb hərəsi bir tərəfdən atalarını qucaqladı. Kiçik oğlu da özünü onun üstünə atdı. Ata və balaları elə həsrətlə, elə məhəbbətlə qucaqlaşmışdılar ki, sanki ayrılıqları iki gün yox, neçə aylar, neçə illər imiş. Öz hisslərini həmişə cilovlamağa və gizlətməyə öyrəşmiş Dilqəm kövrəldiyini biruzə verməmək üçün evin artırmasında dayanıb onlara baxan böyük oğluna:
— Ə, ayı, sən niyə gəlib atanla görüşmürsən? – dedi.
Oğlunun da öz hislərini və istəklərini hər saat biruzə vermədiyini Dilqəm yaxşı bilirdi. Onda özünə xas olan xüsusiyyətlərini gördükcə sevinir, uşağın sərbəst böyüməsinə çalışırdı. Kürdoğlu Dilqəmə yaxınlaşdı. Yaşlı adam ədasıyla atasına əl verib görüşdü. Atasının ona tərəf əydiyi yanağından öpdü. Dilqəm içəri keçə-keçə:
— Kürdü, sən maşını boşalt! Dürdanə, sən də atana bir az çay-çörək hazırla – dedi.

Televizor qoyduqları qonaq otağına daxil olanda, efirdə Məhəbbət Kazımovun konserti gedirdi. Müğənni “Laçınım! Laçınım!” deyərək elə yanıqlı nalələr çəkirdi ki, sanki Laçın dağlarının zirvələrində dayanıb, tək laçınlıları yox, bütün Azərbaycanı, bütün dünyanı haraya, köməyə çağırırdı.

Sürücü işləyən atası Qardaşxan kişi, Dilqəmi uşaq vaxtı Laçın dağlarında çox gəzdirmişdi. Sonralar Dilqəm özü də istər atlı, istər piyada, istərsə də maşınla Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl dağlarını, yaylaqlarını, düzlərini az qala qarış-qarış, addım-addım gəzib dolaşmışdı. Axırıncı dəfə 1992-c- ilin payızında “Koridor əməliyyatı” zamanı olmuşdu. O zaman Dilqəmin xidmət etdiyi hərbi hissə düşməni qova-qova Kirs dağlarına qədər gedib çıxmışdı. Sonra, sonra isə...

Axşam yeməyindən sonra Dilqəm yorğun olduğunu bəhanə edib öz otağına keçdi. Qarşı divardakı xalının üstündə Dilqəmin hərbi geyimdə, yağlı boya ilə çəkilmiş portreti asılmışdı. Rəsmdəki Dilqəm avtomatın qundağını yerə dayaq verərək, uzaqlara baxırdı. Həmişə baxdığı şəkli də bu gün elə bil başqalaşmışdı. Sanki şəkildəki Dilqəm də, tapdaq altında qalan torpaqlardan başqa heç bir şey düşünmür, ona baxan Dilqəmə tənə vururdu. Dilqəm portretə yaxın gəlib güzgüyə baxırmış kimi, ona baxmağa başladı. Amma “güzgüdəki” Dilqəm, ayaq üstə dayanıb, aşağıdan yuxarıya baxan Dilqəmə heç oxşamırdı. Həmşəki kimi “söhbət” başlandı:

- Sənə nə olub? Sözlü adama oxşayırsan, xeyir ola?
- Bəs sənin işlərin necə gedir, fermer ağa?
- Tikanlı-tikanlı danışma. Mən haradan fermer ağa oldum?
Bir tikə çörəkpulu üçün əlləşib vuruşuruq.
- Hə, hə, “çörəkpulu” üçün. Avtomat əvəzinə də əlinə
çomağ “çörəkpulu” üçün götürürsən, hə? Barı, çomaqla yaxşı qoruya bilirsən özünü, var-dövlətini?
- Vaxtında? Avtomat da götürdüm əlimə, pulemyot da.
Mən əlimdən gələni etməyə çalışdım.
- Avtomat, pulemyot götürüb, neylədiniz axı? Torpaq
ermənidə, millətin də səpələnib düzlərə - öz ölkəsində
qaçqın olub, didərgin olub, köçkün olub. Kəndlər, şəhərlər,
dağlar, meşələr, qızlar, gəlinlər, qocalar, cavanlar girovluqda,
əsirlikdə.
- ...?!
- Niyə dinmirsən? Cavab verəsən, bəlkə? Özünə bəraət
qazandır, görək. Haradadır sənin doğulduğun, böyüyüb
boya-başa çatdığın kəndin? Hər yay, başında kef gördüyün,
sərinlənib dincəldiyin bulaqlar, meşələr, dağlar. Cənnət deyirdin oralara o vaxt?! Daha “cənnətə” getmək istəyən yoxdur deyəsən. Bəs babalarının, dost-tanışlarının qəbirləri? Çatlayıb çat veriblər. Od tutub yanırlar. Qara bayramlarda, ilaxır çərşənbələrdə gözləri yollarda qalır, üstlərində oxunası Quran səsinə möhtac qalıblar. “Dığaların” ayaq səslərindən, iyrənc ləhcələrindən , murdar nəfəslərindən beziblər artıq. Dözmür, dözmür, nə torpaq, nə xaraba qalmış ellər, nə ölülər, nə də dirilər. Sizi gözləyirlər. Adınızı kişi qoymusunuz. “Namus”, “qeyrət” deyəndə ağzınıza çullu dovşan sığışar! Di kişisiniz gedin, gedin də öz el-obanıza, kənd-kəsəyinizə! Gedə bilərsiniz? Ay getdiniz, ha?!

- Niyə getmirəm? Gedə bilərəm! Gedəjəm! Gedəjəm! Lap indi
gedəjəm! Gedəjəm Kəlbəcərə! Düz Şaplara gedəjəm!
Dilqəm yumruqlarını sıxıb necə qışqırdısa, uşaqların dördü də dərhal içəri girib qorxmuş halda atalarına baxırdılar.
Yeganə:
- Ata, hara gedəcəksən gecənin bu vaxtı? Bəs sən kiminlə danışırdın? – deyə təlaşla atasına yaxınlaşdı.
Dilqəm uşaqların təlaşa düşüb qorxduqlarının fərqinə varıb, -
tez özünü ələ aldı.
- Sizə nə olub, niyə yatmamısınız?
Yeganə:
- Televizora baxırdıq. Qəfildən qışqırığını eşitdik – dedi.
- Qışqırıb nə deyirdim ki?
- Deyəsən, Kəlbəcərə gedəcəyini deyirdin.
Bayaqdan susaraq atasına və bacısına baxan kiçik oğlu Babək atasına yaxın gəldi.
- Ata, məni də apar Kəlbəcərə. Mən bu yaşa çatmışam, hələ Kəlbəcərdə olmamışam.
Durdanə Babəkin üstünə çımxırdı:
- Ə, ata səni Kəlbəcərə necə aparsın? Kəlbəcər ermənidədi!
Düz demirəm, ata? – deyərək Dilqəmin üzünə baxdı.
- Düz deyirsən qızım. Kəlbəcər də, Laçın da, Şuşa da, Ağdam
da, Fizuli də, Qubadlı da, Cəbrayıl da, Zəngilan da ermənidədi.
- Onda, necə gedəcəksən ora? Babəki ora necə
aparacaqsan? Ermənilər sizi tutub aparar, axı!
- Tək gedəcəm. Babəki də böyüyəndə aparacam. Tək Babəki
yox, sizin hamınızı da aparajam ora. İndi isə, haydı yatmağa.
Uşaqlar qapıdan çıxanda Babək geri dönüb, atasına tərəf bir-iki addım atdı.
- Nədi Babək, nə olub?
- Ata Kəlbəcərə tək getmə, ha!!!
...Dilqəm yatağına uzanıb yuxulamağa çalışsa da, yuxusu ərşə çəkilmişdi. Hər dəfə gözünü yumub-açdıqca bir gecənin yuxusunu görürdü. Hələ ömründə belə günü olmamışdı. Qalxdı və küncdəki stolun üstünə qoyulmuş neft çırağının piltəsini qaldırdı. Alaqaranlıq otaq sarımtıl işığa boyandı. Qayıdıb əlini stolun üstünə atdığı pencəyin cibinə saldı ki, siqaret götürsün, əli dörd qatlanmış vərəqə dəydi. Vərəqi götürüb açdı. Şeir idi. Bu şeiri bir neçə gün qabaq özü yazmışdı. Vərəqi işığa tərəf tutdu. Oxumağa başladı.

Qürbətdə ürəyim yaman darıxır ,
Dağların başına çıxmağım gəlir.
Əsir Kəlbəcərə səfər eyləyib,
Doğma kəndimizə baxmağım gəlir.

O dağların zirvəsində görünüb
Dumanına, çiskininə bürünüb,
Öpə-öpə torpağında sürünüb,
“Tərtər”ə qarışıb axmağım gəlir.

Qartallar qıy vuran zirvəli dağlar,
Didərgin elinin matəmin saxlar.
Bulaq gözləriylə durmadan ağlar,
Zirvədən yurduma baxmağım gəlir.

Bu nə faciədir, bu nə zülümdür,
Yurdu viran qalan doğma elimdir.
Yanıb qovrulmuşam, qalan külümdür,
Şimşək tək yurduma çaxmağım gəlir.

Vərəqi qatlayıb cibinə qoydu. Siqaretlə alışqanı götürüb otaqdan çıxdı. Uşaqlar yatan otağa baş çəkdi. Neft çırağının işığında qayğısız-qayğısız yatırdılar. Elə bil bayaqdan Kəlbəcərə getmək istəyən bunlar deyildi. Deyəsən, böyük qızı Yeganəni, iki-üç yaşı olanda aparmışdı Kəlbəcərə. Doğma kəndi Şapılarda yaşayan qohumlarıgilə qonaq getmişdilər. Sonbeşiyi Babək, Kəlbəcərin işğalından sonra doğulmuşdu. Di gəl ki, bu da Kəlbəcərə getməyi arzulayır?!

Dilqəm gülümsəyib bayıra çıxdı. Siqareti yandırıb tüstüsünü sinəsinə çəkdi. Tüstünü burnundan aram-aram buraxaraq gözlərini yumdu. Xoş hava var idi. Gecənin sükutunu evdən iki yüz addım aralıdan axan Şəmkir çayının şaqqıltısı pozurdu. Kəlbəcərin irili-xırdalı dağ çaylarının səsi gəldi qulaqlarına. Öz-özünə”Gedəcəm,hökmən gedəcəm” deyə təkrarladı. “Özü də təkcə gedəcəm”. Birdən Babəkin axşamki sözləri yadına düşdü.

“Ata, Kəlbəcərə tək getmə, ha”. Elə bil, bir anlığa özünü Kəlbəcər
dağlarında hiss etdi. Özü də tək, yalqız. Üşəndi. “Uşaq düz deyir.
Tək olmaz, yoldaş lazımdır”. Kiminlə getmək barədə çox fikirləşdi.
Yadına keçmiş döyüş dostları düşdü.Onları bir-bir xəyalından keçirməyə başladı. “Kənddəkilərdən Xəqanidi şikəst, Nurəddindi
şikəst, Vaqifdi Beyləqanda hərbi xidmətdə, Səhəddindi türmədə,
Natiqdi , Hikmətdi, Pənahdı, bunlar da Şəhid, ta kim qaldı ki? Onda səhər Gəncəyə gedim, görüm, kimi tapa bilirəm” deyə siqaretin kötüyünü yerə atdı, dabanı ilə əzdi söndürdü. İçəri keçdi.
Səhər saat on olardı. Dilqəm dayanacaqda avtobus gözləyirdi.
Bir-iki dəqiqə keçmiş Gəncə-Şəmkir avtobusu gəlib çıxdı. Yaxşı ki, abtobus həmişəki kimi basaraq deyildi. Dilqəm içəri keçib, sağ tərəfdəki oturacaqların birində əyləşdi. Maşın Seyfəli kəndini keçəndə, sağ tərəfdə “Seyfəli poliqon”u görsənirdi. Gəncəbasar
bölgəsində ilk könüllü batalyon, 1991-ci ilin con aylarında Şəmki-
rin Çinarlı kəndindəki keçmiş hərbi hissədə yaradılmışdı. Onda hələ hərbi hissələr, “poliqon”lar Sovet Ordusunun əlində idi. Həmin vaxt “Seyfəli poliqon”u da rusların tabeçiliyində idi. Oraya ilk qədəm qoyan hərbi hissə Dilqəmin də könüllü gəldiyi, Birinci Gəncə Ərazi Müdafiə batalyonun bölmələri oldu. Cəmi-cümlətanı on iki təlim avtomatları vardı. Həmin silahları da məktəblərdən gətirib təmir etmişdilər. Amma nə ruh yüksəkliyi var idi o vaxtlar.

Ştat üzrə zabit vəzifələri dolduğundan, bəzi zabitlər sıravi əsgər vəzifələrində dururdu. Hamı döyüşə can atırdı. Elə bil dünən olmuşdu bunların hamısı. Həmin uşaqlardan demək olar ki, sağ qalanını barmaqla saymaq olardı. Elələri oldu ki, hələ də öldüsü-qaldısı bəlli deyil.

Dilqəmin gözləri avtobusun pəncərəsindən çölə baxsa da, fikirləri Allah bilir, daha haralarda gəzirdi. Yolun sol tərəfində, patladılmış avtobusda həlak olanlara qara mərmərdən abidə qoyulmuşdu. Bu da ermənilərin yüzlərlə, minlərlə vəhşiliklərindən biri idi – xalqımıza, millətimizə, torpaqlarımıza, bir sözlə, bütün türk dünyasına qarşı yönəltdikləri vəhşilik. Dilqəm bəlkə də yüzüncü dəfə idi ki, həmin abidəni görəndə “Həmin vaxt yığılıb erməniyə həddini bildirsəydik, bu günkü günə də qalmazdıq” deyə xəyalından keçirtdi.

Şəhərə çataçatda sol tərəfdəki hərbi hissəyə tərəf boylandı. Üzərində üçrəngli bayraq dalğalanan bu yer 1991-ci ildə hələ də rusların nəzarəti altında idi. Bir neçə döyüşçü dostu ilə hərbi hissəyə basqın edib qənimətlə doldurulmuş maşınları qaçırdıqları yadına düşəndə, neçə gündən bəri tutqun çöhrəsi işıqlandı, dodağı qaçdı: “Onda içəridə olan azərbaycanlı əsgər və zabitlər bizə çox kömək etdilər. Kömək olmasaydı bəlkə də, əliboş qayıtmaq bir yana, havayı qan tökülə bilərdi”.

Nəbiyev Xəqaninin başçılıq etdiyi başqa bir əməliyyat zamanı, Şəmkir DAM postunun yaxınlığında növbə çəkən Gəncə desant diviziyasının əsgərlərini tərksilah edib cəmi dörd avtomat silah ələ keçirən uşaqları arxadan atəşə tutmuşdular. Batalyonun birinci şəhidi Vaqif də o zaman həlak olmuşdu – hələ döyüşə girib erməni ilə üz-üzə gəlməmiş...

Avtobusun avtovağzala çatması Dilqəmin xəyallarına son qoydu. Keçmiş döyüş yoldaşları ilə görüşmək ümidi ilə Qatır Məmmədin abidəsi tərəfə üz tutdu. Qəsdən piyada gedirdi ki, bəlkə təsadüfən hansısa tanışı ilə qarşılaşa. Gəncə univermağının yanındakı svetoforda dayanıb, yaşıl işığın yanmasını gözləyirdi ki, yoluna davam etsin. Elə bu vaxt kiminsə onun adını çəkdiyini eşitdi. Səsə çevrilib baxdı. İlk əvvəl təbəssümlə ona baxan oğlanı tanımadı. Oğlan gülə-gülə Dilqəmə yaxınlaşıb əl verdi:
- Ay kürd deyəsən tanımadın? Mən qocalıb dəyişmişəm, yoxsa sənin yaddaşın korşalıb?
Dilqəm, qarşısında dayanıb hələ də gülə-gülə ona baxan oğlanı qəfil xatırladı:
- Ayə, deyəsən tanıdım. Amma adını unutmuşam. Dayan ,
bu saat yadıma salaram.
- Əşşi, özünü çox da bərkə salma. Zaur, “Yekə Zaur”.
Dilqəmin yadına düşdü. Zaur döyüşdə iştirak etməsə də, döyüşçülərlə dostluq edir, imkanı daxilində onlara hər cür köməklik göstərirdi. Hündür boylu olduğu üçün, adının qabağına “Yekə” ləqəbi qoymuşdular. Dilqəm gülə-gülə Zaurun əlini sıxdı.
- Ayə gör neçə il keçib? Sən də çox dəyişibsən. Nə var, nə
yox? Uşaqlardan kimi görürsən?
- Sağlığın, gözəlliyin. Belə də birtəhər, günümüzü keçiririk.
Uşaqlarla sən deyən elə də rastlaşmırıq. Elə bir-iki nəfərlə hərdən bir görüşürük vəssalam.
- Kimləri görüb eliyirsən heç?
- Azəri, Ramizi, Qulunu, Babaxanovu görürəm. Qara Vaqifi
tez-tez görürəm. Odey, o tərəfdə Gəncə körpüsünün üstündə
“kəfən” satır.
- Nə satır? Kəfən nədi?
- Zarafat eliyirəm. Kəfən deyəndə ki, parça, bez parça satır.
Özüynən görüşəndə, özü deyirki, kəfən satıram. Dilqəm, burda niyə durmuşuq ey? Gəl gedək oturaq bir. Çoxdandı görüşmürük.
Sənə bir yaxşı qulluq eliyim.
- Yoox. Çox sağ ol. Qalsın başqa vaxta. İndi işim var,
tələsirəm.
Zaur çox təkid etsə də, Dilqəm təşəkkür edib, ondan ayrıldı.
Gəncə çayının körpüsünə çataçatda köhnə döyüşçü uşaqlardan birini gördü. Keçmiş cəbhə dostu qarşısına qoyduğu iki yeşik almanı göstərib:
- Görürsən də “bizneslə” məşğul oluruq – dedi.
Dilqəm onun döyüşdə göstərdiyi qoçaqlıqları xatırladı. Öz-özünə “hanı mən tanıdığım oğlan?” deyə pıçıldadı. Dostu pərtliyini gizlətmək üçün gülümsəsə də, bu, gülməkdən çox ağlamaq idi az qala.

Qucaqlaşıb, min ilin həsrətlisi kimi görüşdülər. Hal-əhvaldan sonra elə bil hər ikisinin sözləri qurtarmışdı. Dilqəm xəyalında götür-qoy edir, ürəyindəkiləri açıb deməyə tərəddüd edirdi. Bir dəqiqə əvvəl dostunun “iş yox, güc yox, uşaqlar da böyüyür, əyin-başları bir yana, boğazlarını güc-bəla ilə çatdıra bilirəm” sözləri beynində əks-səda verirdi. Kəlbəcərə getmək barədə təklifini açıb desəydi, dostu bəlkə də, etiraz etməyib razılaşacaqdı. “Bu yazığı götürüb apardım. Birdən başımıza bir iş gəldi, bəs onda, üç balası necə olar?” deyə xəyalında bir daha götür-qoy edən Dilqəm qərara aldı ki, bir söz deməsin. Xudafizləşib ayrılanda dostu qara selefan torbaya bir qədər alma doldurub ona vermək istədi. Dilqəm hələ şəhərdə işlərinin çox olduğunu bəhanə edib götürməkdən imtina elədi.

- “Tək gedəcəm, heç kimin balasına baislik edə bilmərəm”
- bayaqdan bir neçə dəfə bu sözləri öz-özünə təkrarlayıb geri -qayıdan Dilqəm təsadüfən həmyerlisi Hidayət kişi ilə rastlaşdı. Mehribanlıqla görüşdülər. Hidayət kişi həm də
Dilqəmin atasının dayısı oğlu idi.
Dilqəm:
- Əşi, sən hara, bura hara? Bəs eşitdiyimə görə, sən Yevlaxda
olursan? Gəncəyə xeyir ola gəlməkdə? Biz tərəflərə də keçsən nə
olar ki? Bekarçılıqdısa, gedək bizə. Bir-iki gün qalarsan – deyən Dilqəm Hidayət kişinin qoluna girib səkinin kənarına çəkdi.
- Yox, çox sağ ol, bu gün qayıtmalıyam Yevlağa. Allah qoysa,
arxayın bir vaxtda gələrəm, çıxarıq yuxarılara. Yevlağın istisi əhdimi kəsib lap.
- Yaxşı, Hidayət əmi, xeyir ola Gəncəyə gəlməkdə?
- “Krasnı krestdən” gəlirəm. Yazıq balam axır vaxtlar hər
gün yuxuma girir. Gəldim, dedim görüm, bəlkə Natiqimdən bir xəbər ola.

Hidayət kişinin oğlu Natiqin itkin düşməyindən Dilqəmin xəbəri var idi. Dilqəmgil Ağdərədə döyüşən vaxt, Hidayət kişi oralara da gəlib çıxmışdı. Oğlu ilə dəyişmək üçün ermənilərdən girov götürmək fikrində idi. Yaşlı olduğu üçün, Milli Orduya götürməmişdilər. bir şey öyrənsələr, mütləq xəbər verəcəklərini vəd edib, kişini geri qaytarmışdılar.
- Hidayət əmi, uzunlu gündür. Yevlax da ki, bir saatlıq yoldur.
Gəl, sərində oturaq, bir çay içək, bir az da söhbətləşib dərdləşək.
Gör, neçə vaxtdır, bir-birimizi görmürük.
Bağın içərisindəki çayxanada adam çox idi. Onları qarşılayan çayçı oğlan,içəridən bir stol, iki stul çıxarıb bir az kənarda, onlar üçün yer düzəltdi. Əyləşdilər. Sükutu Hidayət kişi pozdu:
- Axırıncı dəfə yuxuda gördüm ki, əynində qara paltar
işlədirlər. Ağac doğratdırırdılar meşədə. Bilə bilmədim, bizim dağların meşələri idi, ya Laçın meşələri idi. Ha yaxınlaşmaq istədim, üzünü çevirib getdi. Yəqin ki, məndən küsüb, inciyib. Mən bu gen dünyada ola-ola, darışlıqda qalan balama kömək eləmirəm. Haqqı da var küsməyə.

Çayçı oğlanın yaxınlaşdığını görüb susdu. Çayçı çayniki, stəkanları stolun üstünə düzdü, “Nuş olsun!” deyib getdi. Hidayət kişi Dilqəmə baxdı, gözləri dolmuşdu. Özünü ələ aldı. Stəkanlara çay süzüb, stəkana nazik doğranmış limon dilimi saldı. Qaşıqla qarışdırdı, bir qurtum alıb, stəkanı nəlbəkiyə qoydu.
- İç, içməlidir. Bağışla, səni də dilxor elədim.
- Elə danışma, Hidayət əmi. Dərd tək sənin deyil, bizim
hamımızındır.
- Daha səbrim qalmaylb. Dözə bilmirəm. Döymədiyim qapı,
soraq etmədiyim adam qalmayıb. Ürəyimə damıb ki, sağdır,amma çətin yerdə, darışlıqdadır. Nə isə. Yaxşı oldu ki, rastlaşdıq. Elə ürəyimdən keçirdi, siz tərəfə gəlim səninlə görüşüm.
- Gözüm üstü yerin var. Özün bilirsən ki, sənin xətrini biz tərəfdə necə istəyirlər. Gəl, qalxaq yaylağa, doyunca dincələk bir.
- Yox. Dincəlmək üçün gəlmək fikrim yox idi. Sənə işim
düşüb. Bir şey istəyəcəm səndən.

Hidayət kişi susub, sınayıcı nəzərlərlə Dilqəmi süzdü. Dilqəm də sual dolu baxışlarını Hidayət kişiyə zillədi. Öz-özünə “Görəsən, nə istəyə bilər” – dedi. Ağlına heç nə gətirə bilmədi.
- Hidayət əmi, özün bilirsən ki, səndən heç nə əsirgəmərəm.
Nə istəyirsən, qurbandı sənə.
- Bilirsən, dükanlarda var. Di gəl ki, bir az bahadır. Ora-bura
getməkdən kasıb düşdüm. Almağa imkan eləyə bilmədim.
- Ay Hidayət əmi, sən Allah məni üzmə, dedim axı, nə istəsən,
qurbandı sənə.
- Səndəki durbini istəyirəm. On beş-iyirmi günlüyə. Vacib
lazımdır.
Dilqəm təccüblə Hidayət kişiyə baxdı:
- Hidayət əmi, durbini neyləyirsən? Yevlaxda durbinlə hara
baxacaqsan, elə?
Hidayət kişi əvvəl duruxdu. Sonra əlini qoltuq cibinə salıb,dəsmala bükülmüş kiçik bir bağlama çıxardıb stolun üstünə qoydu. Bağlamanı açdı. İçərisində qızıl boyunbağı var idi. Boyunbağını əlinin arxası ilə Dilqəmə tərəf itələdi.
- Bunu götür, durbini on beş günlüyə mənə ver. Qayıtsam
durbinini özünə qaytararam. Qayıtmasam, satıb özünə təzəsini alarsan.
Dilqəm getdikcə daha artıq təccüblənirdi.
- Əşi, ürəyimi üzdün ta. Bir az açıq danış. Heç nə başa düşə
bilmirəm, axı.
- Söz ver ki, ikimizdən, bir də bizi yox yerdən yaradan
Allahdan başqa heç kim bu sirri bilməyəcək.
- Yaxşı, yaxşı, söz verirəm. Sən açıq danış.
- İstəyirəm, o tərəfə keçəm. Gedib dağı-daşı axtaracam.
Deyirlər, bizim əsirləri, girovları o tərəfdə işlədirlər, evləri sökdürürlər, meşə qırdırırlar…
Dilqəm Hidayət kişinin fikrini anlayanda heyrətdən, təccübdən donub qaldı. Az qaldı, durub kişini qucaqlayıb öpsün. Özünü saxladı. Ürəyində “İlahi, böyüklüyünə şükürlər olsun. Harada axtardığımı, harada tapdım” dedi… “Gərək adamın işini göydəki rast sala. Bu də sənə yoldaş. Deməli, yüz faiz getdin, ay Dilqəm”.
Dilqəm ürəyindən keçənləri dilinə gətirmədi. Nə fikir etdisə, boyunbağını dəsmala büküb cibinə qoydu.
- Nə vaxt gələcəksən, Hidayət əmi?
- Sabah yox, birisi gün, axşama sizdəyəm.
Çaylarını içib qalxdılar.

Şəmkir avtovağzalına qədər qalan yolu Dilqəm necə gəldisə, xəbəri olmadı. Yolboyu, bəlkə də yüz dəfə Allaha şükürlər etdi.

Kəlbəcərin çətin, keçilməz yolları, heç gözündə deyildi. Xəyalında qoşalaşıb yanaşı getdikləri yerləri, yolları elə açıq-aydın təsəvvür edirdi ki, elə bil televizorda dəfələrlə baxdığı filmə təkrar baxırdı.
Avtovağzalda, uşaqlar üçün bəzi şeylər alıb avtobusa oturdu.
Yolboyu sevincindən, fərəhdən az qala qəh-qəh çəkib gülmək istəyirdi. Elə bil səhər-səhər, Gəncəyə gələrkən fikir-xəyaldan ürəyi partlayan, havası çatmayan Dilqəm deyildi.
Evə girəndə uşaqları onu dövrəyə aldı. Atalarını indiyədək belə sevincək, fərəh içində görməmişdilər. Dilqəm uşaqları ilə zarafatlaşa-zarafatlaşa, aldıqlarını onlara payladı. Yuyunub, iştahla yeməyini yedi. Üstündən çay içib bir siqaret yandırdı. Öz-özünə “Hə, indi də yola hazırlaşaq” dedi.

Hidayət kişi vəd etdiyi vaxtda gəldi. Dilqəmlə neçə ilin həsrətlisi kimi görüşüb qucaqlaşdılar. Yeganə əlüstü çay süfrəsi açdı. Çaylarını içən kimi ortaya yemək gəldi. Süfrədən qalxıb ağacların kölgəsində sıralanmış arı yeşiklərinə yaxınlaşdılar. Bütün dağ adamları kimi, Hidayət kişi də arılarla yaman maraqlanır, bu zəhmətkeş qanadlıları çox sevirdi. Bir az arıların işinə tamaşa etdilər. Sonra köndələn atılmış kötüyün üstündə yanaşı oturdular.

Dilqəm dəsmala bükülü boyunbağını cibindən çıxartdı. Düyünçəni açıb boyunbağını götürdü. Əlində otərəf-bu tərəf çevirib diqqətlə baxdı. Qaytarıb dəsmala bükdü Hidayət kişinin ovcuna qoydu. Onun bu hərəkətlərindən, Hidayət kişi bərk alındı.

Üzü bulud kimi tutuldu. Bir xeyli dinməzcə oturdu. Sonra yavaş-yavaş ayağa qalxdı. Tutqun səslə:

- Nə isə, di sağ ol. Mən də durum tərpənim, qabağı axşama
gedir – dedi. Dilqəm oturduğu yerdən tərpənmədən altdan-yuxarı Hidayət kişinin hərəkətlərini diqqətlə izləyirdi. Çevirilib getmək istəyən Hidayət kişinin pencəyinin ətəyindən tutub aşağı dartdı.
- Əşi, dayan görüm. Hara gedirsən?
- Demək, vermək istəmədin, durbini?
- Kim dedi ki, durbini vermək istəmirəm sənə? – deyə
Dilqəm suala, sualla cavab verdi.
- Bəs, onda niyə qaytardın boyunbağını?
- Ona görə ki, mən də gedirəm, Kəlbəcərə!
Hidayət kişi qulaqlarına inanırmış kimi Dilqəmin üzünə baxdı.
- Sən də gedirsən, Kəlbəcərə?
- Hə. Hidayət əmi, hə. Bir yerdə gedərik Kəlbəcərə!
Hidayət kişi qayıdıb bayaqkı yerində oturdu. Dilqəmdən bir
siqaret alıb yandırdı. Fikirli-fikirli sümürdü. Siqaretin kötüyünü torpağın çatına soxub söndürdü. Kiçik kəsəyi götürüb üstünə qoydu. Dabanı ilə kəsəyi də tapdalayıb əzdi. Sonra ona maraqla göz qoyan Dilqəmə baxıb gülümsədi.
- Vərdiş eləmişəm, uşaqlıqdan bəri. Yaxşı, de görüm, sən
Kəlbəcərə xeyir ola? Mən heç, sən yaxşı bilirsən ki, nəyə gedirəm. Geridə qalanım yox, əl-ayağıma dolaşanım yox. Bu boyunbağını hələ uşaq olanda almışdıq, Natiqin adına. Anası bəyənmişdi. Neçə ildi ki, Səliqədə haqq dünyasındadı. Natiqim də ki, belə... Bizə çay verən, böyük uşağındı, eləmi? Bəs sən onları kimə tapşırıb gedirsən? Allah eləməmiş, başına bir iş gəlsə, onların axırı necə olacaq? Yox bala, sənlik deyil. Sənə baiskarlıq edə bilmərəm.
- Əşi, sən uşaqların dərdini çəkmə. Babası, nənəsi, əmiləri,
dayıları sağ olsun. O vaxt mən döyüşə gedəndə evim yar-yarımçıq, uşaqlar da körpə-körpə idi. Heç nə də olmadı. Getdik də, gəldik də. Bir də ki, biz ölməyə ha, getmirik. Allahın köməyi ilə gedərik də, gələrik də. Sonrası da, alnımıza nə yazılıb, o da olacaq. Göydəki bilər ən yaxşısını. Tale özü səni mənə yoldaş göndərib, Gəncədə görüşməyimiz yadındadı?
- Hə, necə bəyəm?
Dilqəm Gəncəyə nə üçün getdiyini Hidayət kişiyə ətraflı danışdı. Sözünü tamamlayıb gülə-gülə Hidayət kişiyə baxdı.
- İndi hazırlaşaq səfərimizə. Mən bəzi hazırlıqlar görmüşəm.
İkilikdə götür-qoy edək, daha nə lazım olacaq bizə? Qayıdana qədər heç kim, heç nə bilməməlidir. Amma nə qədər də olsa, bizə kənardan kömək lazım olacaq. Mən çox götür-qoy etmişəm, sabah Gəncəyə gedirik. Görüşməli adam var. Etibarlı oğlandır. İndi dur yenək Şəmkirin qırağına, bir az gəzinək, həm də söhbətləşək.
Səhər tezdən qalxdılar. Yüngül səhər yeməyi yeyib Gəncəyə yola düşdülər. Hər ikisi də gecəni, demək olar ki, çimir etməmişdi.

(Ardı var)


Teqlər:  





Xəbər lenti