Dənizin dibində gizlənən “qaranlıq oksigen”

   Dənizin dibində gizlənən    “qaranlıq oksigen”
  27 Yanvar 2025    Oxunub:655
Şotlandiyanın Dəniz Elmləri Assosiasiyasından Endryu Svitmanın rəhbərlik etdiyi dəniz alimləri elmi ictimaiyyətdə gərgin müzakirələrə səbəb olan kəşfi təsdiqləmək və izah etmək üçün üçillik tədqiqat layihəsinə başlayıblar.
AzVision.azxəbər verir ki, komandanın fikrincə, dəniz dibindəki dərin dəniz düyünləri tərəfindən istehsal olunan “qaranlıq oksigen”dən gedir.

“Qaranlıq oksigen” nədir?
Svitmanın kəşfi təbiətdə oksigen istehsalı anlayışında inqilab edib. Əvvəllər oksigenin yalnız günəş işığından istifadə edən bitkilər, yosunlar və ya sianobakteriyalar tərəfindən istehsal oluna biləcəyi düşünülürdü.

Lakin alimlər işığın keçə bilmədiyi dərinliklərdə dəniz dibində oksigen səviyyəsinin artdığını qeydə alıblar. Onların ehtimalına görə, düyünlər fotosintez etmədən su molekullarını hidrogen və oksigenə parçalayan elektrik cərəyanı yaradaraq “geobatareyalar” kimi fəaliyyət göstərə bilər.


Kəşf ətrafında mübahisələr
Tədqiqat həm təqdirə, həm də tənqidə səbəb olub. Dərin dəniz mədən şirkətləri Svitmanın komandasının metodologiyasını və məlumatlarını şübhə altına alıb.
Məsələn, “The Metals Company” nəticələrin “sübutlarla təsdiqlənmədiyini” bildirib. Bəzi alimlər qeyri-adi məlumatların nasaz avadanlıqların nəticəsi ola biləcəyi versiyasını da irəli sürürlər. Tənqidlərə baxmayaraq, araşdırmanın nəticələti hazırda şərhləri nəzərdən keçirən “ Nature Geoscience” jurnalında dərc olunub.

Tədqiqatların yeni mərhələsi
Svitmanın layihəsi Yaponiyanın “The Nippon Foundation” xeyriyyə təşkilatından 2 milyon funt-sterlinq qrant alıb. Tədqiqatçılar “qaranlıq oksigen”in mövcudluğunu təsdiqləmək və onun əmələ gəlmə mexanizmlərini öyrənmək üçün 12 min metrə qədər dərinliyə enə bilən yeni cihazlardan istifadə edəcəklər.

2026-cı ilin yanvarına planlaşdırılan ilk ekspedisiya yeni məlumatlardan istifadə edərək okeanın dərinliklərində oksigen mənbəyinin filamentli yosunlar olduğunu təsdiqləmək üçün Kaliforniyanın San-Dieqo şəhərindən yola düşəcək.


Alimlər oksigen və hidrogen konsentrasiyalarında dəyişiklikləri ölçmək üçün su və çöküntü nümunələri toplamaq niyyətindədirlər. Kimyəvi reaksiyaları izləmək üçün izotop izləyicilərdən də istifadə olunacaq.

Dağ-mədən hasilatı sənayesinə təsir
Dərin dəniz qatlarında faydalı mineralların hasilatını planlaşdıran şirkətlər araşdırmaları narahatlıqla izləyirlər. Yaşıl enerji üçün lazım olan metallarla zəngin olan düyünlər təkcə resurs deyil, həm də okean ekosisteminin mühüm elementi ola bilər. Alimlər düyünlərin dərin dəniz mühitinə təsirini öyrənənə qədər Svitman orada mədən işini dayandırmağa çağırır.

Tədqiqatın perspektivləri
Svitmanın kəşfinin geniş təsirləri var. Onun okean ekosistemlərindəki rolundan əlavə, ABŞ-nin NASA (National Aeronautics and Space Administration) agentliyi də buna maraq göstərir. Belə ki, oxşar proseslər digər planetlərdə həyatın mümkünlüyünü izah edə bilər.

“Mən bunun baş verdiyini bilirəm, biz artıq altı yerdə izlər tapmışıq və axtarmağa davam edəcəyik”, - Endryu Svitman əminliyini gizlətməyib.

Şotlandiyalı alimin layihəsi “qaranlıq oksigen” və onun dəniz ekosistemlərinə töhfəsini öyrənmək üçün ilk böyük tədqiqat olacağını vəd edir.

Sahil İsgəndərov
AzVision.az






Teqlər: dəniz   oksigen  





Xəbər lenti