“Heydər Əliyev buz kimi suyu başına çəkib dedi ki...”

“Heydər Əliyev buz kimi suyu başına çəkib dedi ki...”
  06 May 2013    Oxunub:5912
“...Çınqıllı bulağın suyunda kimsə əlini 1 dəqiqə belə saxlaya bilməz. Bulaqdan doldurulan bir stəkan suyu birnəfəsə başına çəkmək demək olar ki, mümkün deyil...”
22 iyul 1990 cı il. Bu, Azərbaycanın ən yeni tarixidir. Milli Lider Heydər Əliyevin uzun müddət Moskavada yaşayandan sonra Naxçıvana qayıtdığı gündür. O Naxçıvana ki, həmin ilin 20 yanvarından erməni hücumlarını inad və mətnliklə dəf edirdi. Naxçıvana gəlişinin ilk günündə şəhərin baş meydanınıda 80 min insan Onu qarşıladı.

Heydər Əliyev Naxçıvanın rayon mərkəzlərini, kəndlərini gəzməyə başladı. Bu, həm uzun illər qayrı qaldığı xalqla görüş, həm də əhalinin vəziyyətini yerindəcə qiymətləndirmək üçün idi. Xalq böyük sevgi ilə Heydər Əliyevi qarşılayır, onunla söhbətlər edir, hətta Naxçıvan muxtar respublikası Ali Sovetinin sıravi deputatına öz problemləri barədə məlumat verir, ondan kömək umurdu.

1990-cı ilin avqust ayında Heydər Əliyev Şahbuz rayonun ucqar və sərhəd kəndi olan Keçiliyə gəlir. Keçili kəndi hələ tarix kitablarından oxuculara yaxşı tanışdır. 1930-cu illərdə bu kənddə Sovet hökuməti əleyhinə iğtişaş olmuş, kənddə qaçaq hərəkatı başlamışdı. Əhalisinin sayına görə Şahbuzun ikinci kəndi idi.

Milli Liderin görüşünü yaxşı xatırlayan kənd sakini Nurəli Əsgərov həmin gün hamının kənd meydanına toplaşaraq onunla maraqlı söhbət etdiyini deyir:

- Hamı maraqla və mən deyərdim ki, heyrətlə Heydər Əliyevə qulaq asırdı. Çünki o, Keçilinin elə bir tarixini danışırdı ki, bu tarixi ancaq yaşlı insanlar bilirdi. O zamankı tarix kitablarında əslində hər şey tamam əksinə yazılmışdı. Qaçaqlar “bandit” kimi qələmə verilmişdi. Amma Heydər Əliyev bu hərəkatdan xalqın azadlıq istəyi və müstəmləkə əleyhinə mübarizə kimi danışırdı.

O, bu hərəkatın qəhrəmanı Qaçaq Quşdanın adını çəkərək onun qəhrəmanlığından danışırdı. Bu, bizim üçün həm cəsarətli bir addım, həm də maraqlı tarix idi. Çünki o vaxt hələ Sovet hakimiyyəti mövcud idi və milli azadlıq hərəkatı başlasa da, bu cür söhbətlər demək olar ki, az-az edilirdi.

Sonra Heydər Əliyev dağda qoyun otararkən ermənilər tərəfindən girov götürülən Ələmdarın taleyilə maraqlandı. Onun ailəsi ilə söhbət etdi. Onlara ümid verərək, yaxın vaxtlarda bu məsələnin beynəlxalq təşkilatlarda qaldıracağını dedi. Avropada Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin olduğunu və bu cür işlərə müdaxilə edərək, əsir, girov düşən insanların taleyi ilə maraqlandığını döylədi.

Bu zaman söhbətin səmimiyyətindən ruhlanan məktəbli uşaqlardan kimsə özünü “savadlı” göstərmək üçün yerdən “Qızıl aypara və xaç cəmiyyəti”,- dedi. Milli Lider həmin tərəfə baxdı və özünəməxsus tərzdə gülümsədi: “Artıq elə deyil. İndi bu, bizdə Qızıl Aypara, Avropada isə Qızıl Xaç cəmiyyəti adlanır”,- deyərək, işlətdiyi hər cümləni düşünərək danışdığını bir daha göstərdi. Digər tərəfdən isə bir pedaqoq kimi ustalıqla təkcə ətrafa toplanan məktəblilərə deyil, elə yaşlı adamlara da öyrətmə bacarığının olduğunu sübut etdi.

Hava həddindən artıq isti idi. Söhbətin arasında Milli Lider su istədi: “Ancaq mənə sizin kəndin məşhur bulağı olan Çınqıllıdan su gətirin haa!”, – dedi.

Çınqıllı nəinki Şahbuzda, bütün Naxçıvanda məşhur bulaq idi. Hələ 1980-ci illərdə yüksək vəzifəli şəxslədən tutmuş ta ki, sıravı vətəndaşa qədər hamı bu bulağın ətrafında yeyib-içməyi, istirahət etməyi xoşlayırdı. Çınqıllı bulağın suyunda kimsə əlini 1 dəqiqə belə saxlaya bilməz. Bulaqdan doldurulan bir stəkan suyu birnəfəsə başına çəkmək demək olar ki, mümkün deyil. Hətta bulağa istirahətə gələnlər kəsilən qoyunları soyduqdan sonra yağlı əllərini heç bir sabun işlətmədən suda yuyanda yağ tamamilə təmizlənir. Yemək vaxtı sudan istifadə edənlər doymadıqlarını, sanki həzmin sürətləndiyini bildirilər. Su o dərəcədə saf və soyuqdur.

Milli Liderin istəyini eşidən gənclər tez bulağın gözündən bir qrafin su doldurub gətirdilər və böyük bir stəkana süzüb Heydər Əliyevə uzatdılar. Bu vaxt ağsaqqallardan biri qayğıkeşliklə “Heydər müəllim, su çox soyuqdur , ehtiyatlı olun, siz də tərləmisiniz”,- dedi.
Heydər Əliyev isə “Vətən suyundan adama ziyan gəlməz”, – deyib, o yaşda heç kimin eləyə bilmədiyi bir işi gördü. Soyuq su dolu stəkanı birnəfəsə başına çəkərək son damlasına qədər içdi...

Səməd Canbaxşıyev
Naxçıvan


Teqlər:  





Xəbər lenti