İlyas İsmayılovun AXC-Müsavat hakimiyyətinə korrupsiya ittihamları

İlyas İsmayılovun AXC-Müsavat hakimiyyətinə korrupsiya ittihamları
  23 May 2013    Oxunub:1594
«Azərbaycan» qəzeti 20 il öncə -1993-cü ilin may ayının 25-də AXC-Müsavat hakimiyyətinin Prezidentin İcra Aparatında keçirdiyi hüquq-mühafizə orqanları işçilərinin müşavirəsinin stenoqramını dərc edib.

Müşavirədə səslənən əsas fikirlər o dövrün siyasi mənzərəsi haqqında təsəvvür yaradır. Ölkənin dövlət katibinin "respublikada mafioz qüvvələr güclənir və onlar ölkəni, demək olar ki, idarə edir", baş prokurorun "iflic vəziyyətində olan dövlət aparatının özü rüşvətxorluqla məşğuldur və rüşvətxorluğa qarşı mübarizə də məhz dövlət aparatından başlamalıdır", ədliyyə nazirinin "hakimiyyətimiz dövründə rüşvətxorluq kommunist dövründəkindən də çoxalıb", Gömrük Komitəsi sədrinin "xalqın qabağında dayanan oğlanlar bu gün pulun qabağında dayana bilmir", Ali Məhkəmə sədrinin "Nazirlər Kabineti bu gün milyarderlərdən ibarətdir" etiraflarında AXC-Müsavat hakimiyyətinin əsl mahiyyəti açılır.

Həmin iqtidarın sahibi sayılan prezident isə "xalq deyir kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Bu xalq əgər imperiyadan canını qurtardısa, gələcəkdə onun əlindən burada əyləşən adamların canı qurtarmayacaq. Deyin görüm, respublikanı niyə dağıdırsınız? Camaat yollarda oturub ata-anamızın qəbrini söyür... Bizdə demokratiya anarxiya halını alıb. İndiki şəraitdə Azərbaycan dövlətini, Azərbaycan hüququnu qorumaq olmaz" etirafından sonra özünəməxsus qəribə bir bəyanat verir: "Əgər hakimiyyətdə zorla qalmışıqsa, bizi heç kim yıxa bilməz". Heç bir ay da keçməmiş bu sözün müəllifi məşhur Kələki mühacirətinə, komandası isə aqressiv müxalifətçiliyə yollandı.

Müşavirədə baş prokuror İxtiyar Şirinovun nitqi digər hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən ciddi etirazla qarşılanır. Onlar həmkarlarının çıxışını yerdən dəfələrlə kəsərək onu məsuliyyətdən yayınmaqda, hətta özünün yaratdığı problemləri belə başqalarının üstünə atmaqda ittiham edirdilər. Müşavirənin çığır-bağırla, intizamsız formada keçirilməsi əslində AXC-Müsavat hakimiyyətinin mahiyyətinə tam uyğun idi. Yaranmış qarşıdurmanı böyük çətinliklə nisbətən yatırdan prezident Əbülfəz Elçibəy növbəti çıxış üçün sözü daxili işlər naziri Abdulla Allahverdiyevə verir.

Abdulla Allahverdiyev nitqini gömrük məntəqələrində yaranan qanunsuzluq hallarının etirafı ilə başlayaraq bildirir ki, onların havadarları elə onun rəhbərlik etdiyi polis sisteminin yüksək vəzifəli mənsublarıdır. Daxili işlər naziri "sistemimizdə olan bu cinayətkarları tezliklə ifşa edəcəyik" sözünü verir.

"Cinayətlərin dinamikası və strukturundakı neqativ təmayül qalmaqdadır. Cinayətkar əlaqələrin zorakılığı və qəddarlığı güclənir, silahlı formalarda cinayətkar terrorizm yayılır, iqtisadi sahələrin kriminallaşması davam edir, mütəşəkkil cinayətkarlığın və korrupsiyanın kriminal-siyasi təhlükəsi böyüyür... Bölgələrdə mənəm-mənəmlik, hegemonluq iddiası hələ də davam edir. Məsələləri sivilizasiyalı həll və qanunun aliliyini təmin etmək əvəzinə vəzifəli şəxslər şəhərdə və ya rayonda birinci olmaq uğrunda didişirlər. Belə hallar iqtidarı, hökuməti nüfuzdan, hörmətdən salır, xalqın mövcud hakimiyyətə olan inamını sarsıdır. Məncə, artıq bölüşdürülməli heç nə yoxdur. Sadəcə olaraq hər kəs öz yerini bilməli və öz işimizi görməliyik. İndi respublikanın bu günündə, torpaqlarımızın böyük bir hissəsinin işğal olunduğu bir dövrdə hamı birlikdən danışır. Çox təəssüf ki, biz hələ də ibarəçiliyə, boşboğazlığa son qoymamışıq. Hər kəs öz yerini bilməlidir", - daxili işlər nazirinin bu etirafları müşavirə iştirakçıları tərəfindən müxtəlif nidalarla müşayiət olunurdu.

Abdulla Allahverdiyev mənsub olduğu hakimiyyətin əsas prinsipi sayılan "günahını və xəyanətini başqasının üstünə at" metoduna əsaslanaraq həmkarlarının tənqidinə də nitqində geniş yer ayırırdı: "Rayonlarda prokurorların polisə olan münasibətləri birdən-birə dəyişib, hətta hər cür yolla açıq hücuma da keçirlər. Cinayətkarlarla mübarizəni bir kənara qoyub bir-birimizlə müharibəyə girişsək, bu nə ilə nəticələnə bilər? Hüquq-mühafizə orqanlarının şəxsi heyəti arasında səriştəsizlik də, düzgün prosessual qərarların qəbul edilməməsi halları da, tutduqları vəzifələrə layiq olmayanların sayları da indi çox artıb. Belələri haqqında qəti ölçülər götürülmür. Bir boş yer tapan kimi sancmaq, bir-birində günah axtarmaq vərdişini tərgitməliyik. Ehtiyac oldu-olmadı, qərar ləğv etmək, lüzumsuz öyüdverici məktublaşmalar nəyə lazımdır? Məsələləri iş prosesində, göstəriş və tövsiyələr verməklə yoldaşcasına, işgüzarlıqla həll etmək olmazmı?" - Abdulla Allahverdiyev hüquq-mühafizə orqanları sistemindəki mövcud böhranlı durumu, göründüyü kimi, rəhbərliyin intriqaları və cinayətkar qruplaşmaların mənafeyini müdafiə etməsilə əlaqələndirirdi.

Daxili işlər naziri rəhbərlik etdiyi orqanlarda peşə problemlərinin də geniş intişar tapdığını qeyd edirdi: "Polisin müasir texnika ilə təchizatı məsələsi bütövlükdə qeyri-qənaətbəxşdir. Keyfiyyətli kadr heyətinin yaradılması əsas problemdir. Etiraf etməliyik ki, peşəkarlığın səviyyəsi dəhşətli dərəcədə enmişdir. Gedən təcrübəli əməliyyatçılar və müstəntiqlərin layiqli əvəzlərini hazırlaya bilmirik".

Abdulla Allahverdiyevin çıxışını prezident Əbülfəz Elçibəy yarımçıq kəsərək ona belə bir sual verir: "Yerli cəbhə xətlərində olan əsgərlərin arasındakı intizamsızlıq və əsgərlərin böhranlı vəziyyəti haqqında müdafiə nazirinin niyə xəbəri yoxdur və o, bunlara niyə əhəmiyyət vermir? Siz buna necə baxırsınız? Əsgərlər Ağdərədə təpələri qoyub gedir, bəs sizin polisiniz hara baxır? Və bu haqda niyə ölçü götürmür? Orada polis olmalıdır ki, o yerin bir nəzarəti də olsun".

Stenoqramda prezident Əblüfəz Elçibəyin söylədiyi problemlə bağlı gəldiyi qənaətə müşavirə iştirakçılarının necə reaksiya verməsi qeyd olunmayıb. Ancaq aydındır ki, Müdafiə Nazirliyinin məsuliyyətini Daxili İşlər Nazirliyində axtaran, "əsgəri təpədən qaçmamaq üçün" polisin nəzarətini vacib sayan belə Ali Baş Komandanın rəhbərlik etdiyi ordu, dövlət, komanda məhz bu cür böhranlı və faciəli durumda olmalı idi.

Müşavirənin gedişində prezident Əbülfəz Elçibəy o qədər qəzəblənir ki, iclası aparmaq iqtidarında olmadığını bildirir və sədarəti dövlət katibi Əli Kərimova həvalə edir. Növbəti çıxış üçün tribunaya ədliyyə naziri İlyas İsmayılov dəvət olunur.

İlyas İsmayılov hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı söylənən ittihamların heç də hamısının müşavirədə səslənmədiyini deyərək Əli Kərimova xitabən "Siz hələ bir az yumşaq danışdınız, vəziyyət daha böhranlıdır" söyləyir. "Cinayətkarlar öz içimizdədir. Ona görə də onun dağıdıcı qüvvəsi çox böyükdür. Ümumiyyətlə isə ölkədəki cinayətkarlıqla bağlı mübarizədə biz heç nə edə bilməmişik. Cinayətkarlıq bizim fəaliyyətimizi üstələyir, bu, çox acı gerçəklikdir. Bu il Azərbaycanda 22450 cinayət faktı qeydə alınıb, yəni ötən ilə nisbətən cinayətkarlıq 43,5 faiz artıb. Ancaq hamımız bilirik ki, bu rəqəmlər heç də real vəziyyəti göstərmir. Bu, necə deyərlər, aysberqin görünən tərəfidir. Qeydə alınmayan cinayətkarlıq isə bundan yüz dəfələrlə çoxdur. Məhkəməyə verilən 14407 cinayətkardan cəmi 7878 nəfəri cəza alıb. Bəli, biz işləyə bilmirik. Hüquq-mühafizə orqanlarında əlaqələndirmə yox dərəcəsindədir", - İlyas İsmayılov da başa düşürdü ki, məsuliyyəti boynuna götürməkdənsə o da ən asan yolu seçsin, yəni heç kəsdən geri qalmayaraq hamıdan sərt ittihamlar irəli sürsün.

Məsələn, ədliyyə naziri "Hakimiyyətimiz dövründə rüşvətxorluq kommunistlərin dövründəkindən dəfələrlə çoxalıb. Bu, faktdır. Vəzifəli şəxslər içərisində təmizləmə aparılmalıdır. Onların vəzifələrinə münasibəti müəyyən olunmalıdır. Vəzifədən kənarda onların özlərini necə aparmaları müəyyən olunmalıdır, onların həyata özünəməxsus baxışları əməllərində də davam edir" deyərək əsas ittiham obyektinin özündən yuxarı instansiyaların olduğunu diqqətə çatdırırdı.

İlyas İsmayılov qeyd edirdi ki, problemlər bir-biri ilə o qədər bağlıdır ki, onları saymaqla qurtarmaq olmur. "İqtisadi sahədə böyük dağıntılar gedir. Guya ki, apardığımız "mübarizə" ilə əslində cinayətkarları cinayətlərə daha da həvəsləndiririk. Məhkəmələr doğrudan da işləmir. Bu sistemdə yoxlama aparmışıq, adamı dəhşət bürüyür. Adi fakt: məhkəmə prosesi olmadan hökm çıxardırlar. Bu, ən böyük biabırçılıqdır. Məhkəmə prosesi olmadan, qətnamə qəbul etmədən hansı qətnamədən çıxarış verir bu məmurlar? Bizim sistemdə elə cinayətkarlıq halları baş verir ki, bunlar hətta mənəvi sərvətlərimizi də hədəfə götürür. ZAQS-lar 33 yaşlı azərbaycanlı qadınla 51 yaşlı rus kişisinin, 55 yaşlı azərbaycanlı kişisiylə 80 yaşlı rus qadınının kəbinini kəsir. Bunu edənlər natəmiz məqsədlər güdürlər. Ən böyük zərbəni isə mənəvi sərvətlərimiz alır. Görün bu məmurlar nə edirlər? 80 yaşlı ananı, 50 yaşda bacını gətirib bir rusa ərə verirlər. Nədir, bunun müqabilində pul qazanacaqlar".

İlyas İsmayılov xarakterinə uyğun olaraq çıxışında yunan filosoflarından, Roma natiqlərinin nitqindən saysız-hesabsız sitatlar gətirdiyindən müşavirə iştirakçıları dəfələrlə "gəlin ciddi söhbətlər edək" tipli çağırışlar səsləndirirlər.

Dövlət katibi Əli Kərimov ədliyyə naziri İlyas İsmayılovun ittihamlarda "həddini" aşdığını görərək onun nitqini çətinliklə də olsa dayandıra bilir və tribunaya ölkənin ən böyük korrupsiya sistemlərindən birinə - Gömrük Komitəsinə rəhbərlik edən İbrahim Vəliyevi dəvət edir...


Teqlər:  





Xəbər lenti