İrqçilik və işgəncələrlə dolu `ABŞ demokratiyası` – ARAŞDIRMA

İrqçilik və işgəncələrlə dolu `ABŞ demokratiyası` – ARAŞDIRMA
  27 İyun 2015    Oxunub:4508
(Yazıdakı bütün faktlar `Washington Post`, `Guardian`, `Reuters`-dən götürülüb.)

Bu gün hər hansı bir ölkədə ictimai asayişin qorunması istiqamətində görülən tədbirləri ciddi tənqid və qınaq obyektinə çevirən ABŞ-ın özündə bu sahədə insan hüquqlarının kobud şəkildə pozulduğunun şahidi oluruq. Təsadüfü deyil ki, hər keçən gün bu ölkədə polis zorakılığı ilə müşayiət olunan hadisələrin sayı durmadan artmaqdadır.

Femida.az “Washington Post” qəzetinə istinadən xəbər verir ki, 2015-ci ilin yanvar-iyun ayları ərzində ABŞ-da polis tərəfindən 385 nəfər öldürülüb. Maraqlısı isə ondan ibarətdir ki, polis zorakılığı ilə müşayiət olunan hadisə qurbanlarının arasında qaradərililərin sayının üç dəfə çox olduğu bildirilir. Bu isə dünyaya insan hüquq və azadlıqları, demokratiya dərsi keçməyə iddialı olan bir ölkənin dövlət səviyyəsində irqi ayrı-seçkiliyi dəstəklədiyi anlamına gəlir.

Bu baxımdan, 2014-cü ildə 25 yaşlı qaradərili gənc Kaceme Pauelin polis tərəfindən 9 dəfə açılan atəş nəticəsində öldürülməsi daha dəhşətlidir. Başlanğıcda polisin yaydığı açıqlamada Pauelin təhlükəsizlik əməkdaşına bıçaqla hücum etdiyi və polis əməkdaşının özünü qorumaq üçün belə bir addım atdığı bildirilirdi. Lakin hadisənin sonradan yayılan videogörüntüsü ictimaiyyətdə böyük fikir ayrılığına səbəb oldu. Həmin videogörüntüdən Pauelinin özünü söylənildiyi kimi təhlükəli aparmadığı və polisə hücum etmək niyyətininolmadığı aydın oldu. Bu səbəbdən də, Pauelinin öldürülməsi bir çoxları tərəfindən polisin irqi zəmində növbəti zorakılıq əməli kimi qiymətləndirilir.

Ümumiyyətlə, son zamanlar ağdərili polis əməkdaşlarının qaradərili şəxsləri qətlə yetirməsi halları xeyli dərəcədə artıb. Bu isə kütləvi etirazların çoxalmasına təkan verib. Onu da deyək ki, son on ildə ABŞ-da polis zorakılığı fonunda hər il orta hesabla 545 mülki şəxsi öldürülür. Bu isə o deməkdir ki, digər dövlətlərdən insan hüquqlarına hörmətlə yanaşmağı tələb edən ABŞ-da vətəndaşların ən adi təməl hüququ olan yaşamaq hüququ pozulur.

“Washington Post” qəzetində yer alan statistikaya nəzər salsaq, görərik ki, polis zorakılığı ilə öldürülən şəxslərin 40%-i silahsız olub. Qeydə alınan 385 cinayət hadisəsinin yalnız üçündə cinayət işi açılıb. Bu isə ABŞ ədalət məhkəmələrinin qaradərili şəxslərin öldürülməsi faktları ilə bağlı qərəzli mövqe tutduğunu sübut edir.

2014-cü il avqust ayının 10-da mağazadan soyğunçuluq etməkdə günahlandırılan qaradərili gənc polis tərəfindən açılan atəş nəticəsində qətlə yetirildi. 18 yaşlı Maykl Brauna 6 güllə vuruldu. Çox keçmədən şəhəri etiraz aksiyaları bürüdü. Maraqlıdır ki, Amerika cəmiyyəti və bütün dünya qətl hadisəsini müzakirə etdiyi bir zamanda başqa bir polis əməkdaşı silahı etirazçıya tuşlayıb onu öldürəcəyi ilə hədələyib, hətta o, təhqiramiz ifadələrdən də istifadə edib. Həmkarları belə sonradan həmin qanun keşikçisinin hərəkətini qəbuledilməz adlandırıblar.

Özünü “demokratiyanın beşiyi” adlandıran ABŞ Ferquson hadisələri ilə yaymağa çalışdığı demokratiya standardlarına özünün hələ çatmadığını bir daha sübut etdi. 2015-ci ilin aprel ayının 12-də Baltimorda qaradərili vətəndaş Freddi Greyin polis tərəfindən qətlə yetirilməsi ölkədə polis zorakılığına qarşı yeni nümayişlərin keçirilməsinə səbəb oldu. Baltimor hadisələri ölkədə polis sisteminə qarşı olan nifrəti pik nöqtəyə çatdırdı. Etirazlara çoxlu sayda insan qoşuldu. BMT Baltimor hadisələri ilə bağlı bəyanat verdi. Son nəticədə ABŞ güc srukturlarının köməyi ilə aksiyaları yatıra bildi.

ABŞ həbsxanalarında da vəziyyət elə ürəkaçan deyil. Belə ki, həmin həbsxanalarda insan hüquqları kobud surətdə pozulur, qaradərililərə qarşı qərəzli mövqe nümayiş etdirilir və nəticədə güclü həbsxana qiyamları baş qaldırır. Bu qiyamlardan biri keçən ay baş verib. Kentukkki ştatındakı həbsxanada baş verən qiyamda 250 nəfər insan xəsarət almışdı.

ABŞ-da dustaqların amansız işgəncələrə məruz qaldığı, dəhşətli işgəncə metodlarının tətbiq olunduğu Quantanamo həbsxanası mövcuddur. Femida.az Guardian qəzetinə istinadən xəbər verir ki, əvvəllər Quantanamoda məhbus olmuş Muhammed uld-Slahi 6 illik mübarizədən sonra məhbus olduğu dövrdə yazdığı gündəliyinikitab halında çap etdirə bilir. Bu kitabın nəşri ABŞ-ın Quantanamodakı məhbuslara qarşı tətbiq etdiyi dəhşətli işgəncələr haqda ətraflı məlumat almağa imkan verir.

“Reuters” xəbər agentliyi Quantanamoda məhbus olan Məcid Xan adlı şəxsin həbsxana işçiləri məruz qaldığı işgəncələrdən yazıb. Dərc olunmuş yazıda Məcid Xanın cinsi təcavüzə məruz qaldığı, günlərlə fasiləsiz dirəkdən asılı qaldığı və buz kimi su ilə doldurulmuş vannalarda az qala boğulana qədər saxlanıldığı kimi dəhşətli faktlar mövcuddur. “Reuters” bu məlumatları Məcid Xanla onun vəkilləri arasında baş tutan söhbətlərdən götürüb.

Qeyd edək ki, Quantanamo 2002-ci ildə "Əl-Qaidə"nin 11 sentyabr terror aksiyalarından sonra yaradılıb. İnsan hüquqları müdafiəçiləri dəfələrlə ABŞ-ı insanları ittihamsız və ağır dindirilmə şərtləri altında saxladığına görə tənqid edib.

Bu kimi faktlar göstərir ki, özünü “demokratiya beşiyi” kimi təqdim edən ABŞ heç də iddia edildiyi kimi demokratik bir ölkə deyil. Faktiki olaraq, bu ölkədə insanların hüquqları kobud şəkildə pozulur, hər gün ən az iki mülki şəxs polis tərəfindən öldürülür. Qətlə yetirilən şəxslərin böyük əksəriyyətinin qaradərili olması isə ABŞ-ın irqi ayrıseçkiliyi dəstəklədiyi anlamına gəlir .

Göründüyü kimi, özünü super güc hesab edən və dünyaya “demokratiya dərsi” keçməyə iddialı olan dövlət polis özbaşınalığı və digər qanunsuz əməlləri ilə yanaşı, irqi ayrı-seçkiliyi də bir neçə əsrdir ki, aradan qaldıra bilməyib.


Ceyhun Əhmədli / Femida.az


Teqlər:





Xəbər lenti