Yaz sessiyası necə keçdi?

Yaz sessiyası necə keçdi?
  06 İyun 2013    Oxunub:1388
Parlament jurnalistləri Milli Məclisin yaz sessiyasını dəyərləndirir
Milli Məclisin yaz sessiyası artıq bitib. Parlament bu sessiyada xeyli qanuna əlavə və dəyişikliklər edilib. Hər zaman deputatların fəaliyyətini izləyən parlament jurnalistləri Milli Məclisin bu sessiyasını necə qiymətləndirirlər? Jurnalistlərin deputatlardan hansı gözləntiləri var idi ki, həyata keçmədi? Hansı deputlatlar aktiv oldu? Hansılar nə ilə yadda qaldı?

AzVision.az mövzu ilə bağlı jurnalistlər arasında sorğu keçirib.

Gün.az saytının və “525-ci qəzet”in parlament müxbiri Kamil Həmzəoğlu (Həmidov) yaz sessiyasını həm başa çatmış, həm də tam başa çatmamış sayır:
- İyun ayı ərzində də, növbədənkənar sessiya dövründə də ən azı iki iclas olacaq ki, bunu da yaz sessiyasının davamı saymaq lazımdır. Artıq ilk plenar iclasın da vaxtı təyin edilib.
Yaz sessiyası dövründə MM-in fəaliyyətinə gəlincə, onu orta - mənfiyə yaxın qiymətləndirərdim. Çünki yaz sessiyası dövründə çox az sayda plenar iclaslar keçirildi və demək olar ki, bu iclaslar da əksərən "tez-bazar" yekunlaşdırıldı. Hətta ən mühüm qanun layihələrinin müzakirəsi və qəbulu belə, tələm-tələsik başa çatdırıldı. Yaz sessiyasında xüsusən, internetdə təhqir və böhtana görə bir sıra məcəllələrə dəyişikliklərin edilməsini düzgün saymadım və elə o zaman da, indi də bunu geriyə doğru addım kimi qiymətləndirirəm. Hesab edirəm ki, bunun əvəzində haqqında neçə illərdir söhbət gedən "Diffamasiya haqqında" qanunun müzakirəsi və qəbulu reallaşdırılmalı idi.
Bununla belə, çox istərdim ki, hərbi qanunvericiliyə ciddi dəyişikliklər edilsin, hərbi çağırış yaşı 35-dən 26-ya endirilsin, ali məktəblərin magistr pilləsinə daxil olan oğlanlara güzəşt nəzərdə tutulsun və xüsusilə, ailənin tək oğlan övladları hərbi xidmətdən azad edilsinlər. Bu məsələləri müharibə faktoru ilə əlaqələndirənlərin arqumentlərini qəbul etmirəm.
Sosial ipoteka, gənc ailələrin sosial müdafiəsi, ərzaq təhlükəsizliyi, seçki məcəlləsi, siyasi partiyalarla bağlı daha demokratik və mütərəqqi qanunların qəbulunu və ya bu yöndə mövcud qanunlara əsaslı dəyişikliklər edilməsini istərdim ki, bunlar baş vermədi. Heç olmasa, qarşıdakı iki iclas dövründə bu yöndə hansısa addımlar atılmasını istərdim.

“Səs” İnformasiya Agentliyinin (SİA) parlament müxbiri Samirə Abdullayeva:

- “Milli Məclisin yaz sessiyası orta keçdi. Əsas ipoteka kreditləri ilə bağlı layihənin müzakirəsini gözləyirdim. Hamının ehtiyac duyduğu bu layihə idi. İnternetdə təhqir və böhtan məsələsi səs-küyə səbəb oldu.

APA-nın parlament müxbiri Mübariz Aslanov bu sessiyanın da adi, o biri sessiyalar kimi keçdiyini bildirib:

- Gözlədiyim qanun layihələrindən biri “Hərbi qulluqçuların status” haqqında qanun layihəsi idi ki, MM-in bu sessiya gündəliyinə salınmışdır, amma müzakirəyə çıxmadı. Bundan başqa, “Elm haqqında qanun” layihəsi də gözlənilən idi, amma olmadı. Hərçənd, bu layihədə bakalavrlara hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutulur. Bundan başqa, işğal olunmuş torpaqlarla bağlı qanun layihəsi də aktual oldu, amma müzakirəyə çıxmadı. Hərçənd, bu, bizimçün cox vacibdir, bunu deputatların çoxu israr edir. Çünki, biz işğal olunmuş ərazilərə gələnlərə qarşı tətbiq etdiyimiz sankisyalara tutarlı hüquqi baza yaratmalıyıq. Əks halda, havadan “Persona non-qrata” elan etdiklərimiz bizi məhkəməyə verə bilərlər.
Milli Məclisin ən önəmli hadisəsi isə Amnistiya aktının qəbul olunması oldu.

Femida.az saytının parlament müxbiri Pərvin Abbasov:

- Milli Məclisin yaz sessiyası maraqlı keçdi. Ən yaddaqalan hadisə Amnistiya Aktının qəbul olunması idi. Cəmiyyət üçün maraqlı sayılan bir sıra başqa layihələr də müzakirə olunub. Amma hələ də çoxlarının gözlədiyi “Elm siyasəti haqqında” qanun layihəsi müzakirə edilmədi və qəbul olunmadı.

“Üç nöqtə” qəzetinin parlament müxbiri Elməddin Muradlının da deputatlardan gözləntiləri digər həmkarlarından az deyilmiş:

- İstərdim ki, magistrlərə hərbi xidmətdən möhlət verilməsi ilə qanuna dəyişiklik edilsin.Çünki elm arxasınca gedən gəncləri bir il hərbi xidmətdə elmdən uzaq salmaq olmaz, əsgərlikdən qayıdandan sonra çoxu elm arxasınca getmir.
Siqaret əleyhinə qanun layihəsindən neçə ildir söhbət gedir, amma heç müzakirə olunmadı, bunu da vacib sayıram. Reproduktiv saglamlıqla bağlı qanundan danışırlar, amma o da alınmadı.

«New Baku Post» qəzetinin parlament müxbiri Fərəh Sabirqızı:

- Sessiya daha çox yarımçıq, Zahid Orucun sözü ilə desək, “bir növbəli” iclaslarla yadımda qalıb. Belə ki, deputatlar fasiləsiz işləyib, iclası tez bitirməyə çalışırdılar. Maraqlısı odur ki, parlametarilər toplantının fasiləsiz keçməsinə səs verib, sonra da fasilə vaxtında yenə də zalı tərk edirdilər. Təsadüfi deyil ki, son iclasda MM rəhbərliyi də bu məsələyə irad bildirdi.
Bir jurnalist kimi şəxsən məndə sessiyanın son iclası təəssüf doğurdu. Çünki dövlət büdcəsinin icrası kimi ciddi məsələ gündəliyə salınmışdı, maliyyə naziri, Hesablama Palatasının sədri çıxış etsə də, heç bir müzakirə olmadı, deputatlar arasında onlara sual vermək istəyənlər də tapılmadı. Sanki MM üzvləri artıq yay havasında idilər və iclası mümkün qədər tez bitirməyə çalışırdılar.

Mediaforum.az saytının parlament müxbiri İmdad Əlizadə deyir ki, Milli Məclisin yaz sessiyası əsasən qanunlara məhdudlaşdırıcı müddəaların daxil edilməsi ilə yadda qalıb:

- Bir çox sahələrə aid qanunlarda əlavə və dəyişikliklər edilib, cəzalar sərtləşdirilib. Jurnalistləri birbaşa maraqlandıran qanun isə "Diffamasiya haqqında" qanundur. Yaz sessiyasında bu qanunun qəbulu gözlənilirdi. Amma olmadı, əvəzində qanunvericiliyəinternet mediasında böhtan və təhqirə görə cinayət məsuliyyətini nəzərdə tutan müddəa daxil edildi.

Ann.az saytının parlament müxbiri Erkin Xəlilov hesab edir ki, builki yaz sessiyası sönük keçib:

- Ümumiyyətlə, bizim Milli Məclis, digər ölkələrin parlamentlərinin iclaslarına baxdıqda sönük olur. Yəni, fərqli, mübahisə və polemika yaradacaq fikirlərə çox az hallarda rast gəlinir. Çıxışların əksəriyyəti bir-birini təkrar edir.
O ki, qaldı qanunlara bəzi qanun lahiyələri var ki, illərdir qəbulunu gözləyir. Məsələn, “Diffamasiya haqqında”, “Ali təhsil haqqında”, “Təhsil krediti haqqında” və s. bu kimi bir sıra əsas qanun layihələri qəbul olunmadı. Amma “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər, "Təhqir və Böhtana" görə inzibati xətalar məcələsinə dəyişikliklər edildi.

Yeni Müsavat qəzetinin parlament müxbiri Elşad Paşasoy da oxşar fikirdədir:

- “Diffamasiya haqqında qanun”un qəbul olunması ilə bağlı gözləntimiz doğrulmadı. Həmçinin işğal olunmuş ərazilərlə bağlı qanun layihəsinin müzakirəyə çıxarılması barədə təkliflər var idi. Eyni zamanda ictimai yerlərdə tütün məmulatlarının istehlakı ilə bağlı, “Elm haqqında” qanun, bir sıra aktual məsələlərin müzakirə olunması gözlənilən idi,amma olmadı. Növbəti dəfə təkliflər səsləndi ki, Milli Məclisin qapalı iclasında səviyyəsində Qarabağla bağlı müzakirələr keçirilsin. Təəssüf ki, bu da olmadı.

Nihadə Eyyubova
AzVision.az


Teqlər:  





Xəbər lenti