Büdcə-2016: neftin qiyməti 50 dollardan götürüləcək
Beynəlxalq Valyuta Fondu neftin qiymətinin (orta illik) 2015-ci il üçün 58 dollar və 2016-cı il üçün 61 dollar, Dünya Bankı müvafiq illər üzrə 58 dollar və 63 dollar, ABŞ-ın Enerji İnformasiya Administrasiyası isə 54 dollar və 59 dollar səviyyəsində olacağını proqnozlaşdırırlar. Xarici valyutada ifadə olunan büdcə daxilolmalarının və xərclərinin hesablanmaları üçün manatın ABŞ dollarına məzənnəsi isə 1,05 manat qəbul edilib.
Bundan başqa gələn il üçün dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat, xərcləri 16 milyard 264 milyon manat təşkil edəcək. Bundan başqa Qeyri-neft sektorunda ÜDM 41,5 mlrd. manat və yaxud cari ilə nisbətən 3,4 % real artımla proqnozlaşdırılıb. Neft sektorunda isə ÜDM istehsalı 16,3 mlrd. manat və yaxud 1,7% azalma ilə proqnozlaşdırılır ki, bu da 2014-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 10,8 %-bənd, 2015-ci ilin gözləniləninə nisbətən isə 3 %-bənd çoxdur. Özəl sektorun ÜDM-də payı 82,2% həcmində nəzərdə tutulur.
2016-cı il üzrə xidmətlərdə əlavə dəyərin artımı daha yüksək qiymətləndirilir. Belə ki, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətlərində 14,6%, nəqliyyat və anbar təsərrüfatında 3,3% və informasiya və rabitə xidmətlərində 13,5% real artım proqnozlaşdırılır.
2016-cı ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 18,8 mlrd. manat proqnozlaşdırılır ki, bunun da 57,8%-i daxili investisiyaların, 42,2%-i isə xarici investisiyaların payına düşür.
Ümumi investisiyaların 10,8 mlrd. manatının qeyri-neft sektoruna yönəldilməsi nəzərdə tutulur. Növbəti ildə qeyri-dövlət investisiyaları 11,0 mlrd. manat olmaqla, ümumi investisiyaların 58,2 %-ni təşkil edəcəyi proqnozlaşdırılır. Dövlət investisiyalarının ümumi investisiyaların tərkibində payının isə 41,8% (7,9 mlrd. manat) olacağı nəzərdə tutulur.
Eyni zamanda makroiqtisadi proqnozlara əsasən, 2016-cı ildə ölkədən 15,8 mlrd. dollar həcmində malların ixracı proqnozlaşdırılır ki, bu da 2014-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 12,5 mlrd. dollar və yaxud 44% az, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə isə 1,5 mlrd. dolları və ya 8,1% azdır.
Növbəti il üçün idxal 8,2 mlrd. dollar həcmində proqnozlaşdırılır ki, bunun da 6,8 mlrd. dolları və yaxud 83,3%-i qeyri-neft sektorunun payına düşəcək. İdxalın həcmi 2014-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə 1,1 mlrd. dollar və yaxud 11,8%, 2015-ci ilin gözlənilən icrası ilə müqayisədə 0,6 mlrd. dollar və yaxud 6,8% azdır.