Azərbaycanda kiber-ordu yaradılmaldır – TƏHLİL

Azərbaycanda kiber-ordu yaradılmaldır – TƏHLİL
  20 Noyabr 2015    Oxunub:7129
İran ABŞ və İsraildən gələn kiber-hücumlarla mübarizə üçün Təhlükəsizlik üzrə Əməliyyat Mərkəzi yaradıb. Bu mərkəzdə yetişdirilən mütəxəssislər İranın kiber-ordusuna qatılaraq, Qərbə qarşı virtual savaşda iştirak edirlər. Bu, İranda ilk belə təhlükəsizlik mərkəzidir. Onun fəaliyyəti şəbəkələrin, məlumat bazasının və veb-saytların monitorinqinə, qiymətləndirilməsinə və müdafiəsinə yönəldilib.

Nəzərə alaq ki, Azərbaycan da aktiv kiberhücumlar təşkil edən elektron məkanda yerləşir. Bəs ölkəmiz nə dərəcədə kiberhücuma dayanıqlıdır?

Azərbaycan Respublikasının 2007-ci ildə qəbul edilmiş Milli Təhlükəsizlik Konsepsiyasına nəzər salanda görmək olur ki, informasiya təhlükəsizliyi ilə bağlı bənddə kibertəhlükəsizliyin aktuallığı, vacibliyi və strateji əhəmiyyəti nəzərə alınmayıb. Məhz bunun nəticəsidir ki, ölkəmiz vaxtaşırı müxtəlif ünvanlardan haker hücumlarına məruz qalır.

Elektron hökumət yaradılacaqsa, onun müdafiə sistemi də ciddi şəkildə təşkil olunmalıdır. 2008-ci ildə Osetiya savaşı zamanı Rusiya xüsusi xidmət orqanlarının haker birlikləri Gürcüstanın bütün xəbər saytlarını, eləcə də “.ge” domenində yerləşən bütün portallarını darmadağın etmişdilər. Bu hücumdan yalnız Estoniya serverlərində yerləşən Gürcüstan Xarici İşlər Nazirliyinin domeni zərər çəkmədi.

Estoniya özü də vaxtilə bu mövzuda Rusiyanın dağıdıcı hücumu ilə qarşılaşmışdı. Amma indi böyük təcrübəyə malik olan Estoniyadan bu sahədə Azərbaycan yararlana bilər. Elə ona görə də Azərbaycan internet sisteminin və informasiya infrastrukturlarının kiberhücumlarından müdafiəsi istiqamətində Estoniya ilə sıx əməkdaşlıq edir.

Estoniya ilə olan razılaşmaya görə, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, eləcə də Müdafiə Nazirliyində kiberhücumlardan müdafiə sisteminin qurulması planlaşdırılıb. Nəzərə almaq lazımdır ki, biz Rusiya-İran-Ermənistan kiber üçbucağında yerləşirik və informasiya təhlükəsizliyi, o cümlədən kiberhücumdan müdafiə sisteminin güclü formada təşkili mütləqdir. Yaxın tarixdə İran hakerlərinin ölkəmizə məxsus xidmət və strateji əhəmiyyətli 40-a yaxın sayta hücumu hər kəsə məlumdur; Ermənistanın vaxtaşırı etdiyi haker hücumlarını da bura əlavə etsək, Azərbaycanın konkret kiber təhdidlərlə üzbəüz qaldığını demək olar. Bu tip kiber hücumlar elektron hökumət qurmağa can atan Azərbaycan kimi gənc bir dövlət üçün böyük təhlükədir. Düzdür, Rusiya Azərbaycana qarşı hansısa nəzərəçarpacaq kiberhücumda iştirak etməyib, amma gələcəklə bağlı həmişə bütün variantları nəzərə almaq lazımdır.



Diqqəti çəkən nüanslardan biri də İranın Azərbaycan üzərindən bir sıra ölkələrə kiberhücumlar reallaşdırmasıdır. “The Guardian” və “İnternational Business Times” qəzetləri yazırdı ki, İranın hazırladığı casus virus Azərbaycan elektron məkanından koridor kimi istifadə edir. Həmin casus proqramı Azərbaycan üzərindən ABŞ, İsrail və bir sıra digər dövlətlərə ziyan vurub. 2011-ci ildə aktivləşən bu virus İsrail, İraq, Hindistan və digər ölkələrin xarici konsulluqlarını, ABŞ-da yerləşən beyin mərkəzlərini hədəfə alıb. Casus proqramının müdaxiləsi zamanı bir çox gizli dosyelar ələ keçirilib.

Əbəs yerə deyilməyib ki, 3-cü dünya müharibəsi kiber müharibə olacaq. İsrailin baş naziri Benyamin Netanyahunun kiber təhlükəsizlik üzrə bir nömrəli mütəxəsissi İsaak Ben qeyd edir ki, “Kiber savaş böyük bir gücə sahibdir və bir ölkəyə zərbə vurmaq istəyirsinizsə, onun su və enerji mənbələrinə qarşı kiberhücumlar təşkil edin. Kibertexnologiyalar bir güllə belə atmadan dağırtmaq gücünə sahibdir”.

NATO rəsmilərindən biri R.Hugers yazır ki, “Yaxın gələcəkdə baş verə biləcək böyük bir müharibənin ilk gülləsi internetdə atılacaq”.

Britaniyanın keçmiş baş naziri Qordon Broun deyirdi ki, “Müasir dövrdə dövlətlərin böyük gücə sahib olması üçün təkcə dənizlərə yox, internetə hakim olması da əsas şərtdir”.

Hərbi texnologiyaların internetə bağlılığı sürətlə artır; modern silahlar, düşmənin yerini bildirən komplekslər və məxfi xəbər ötürmə sistemləri internetlə idarə olunur.

Çinin “2050-ci il elektron hakimiyyət” doktrinasında düşmənin elektron imkanlarını darmadağın etmək planı var ki, bunun üçün 80 minlik gizli kiber ordu formalaşdırılıb.
Maraqlıdır ki, ABŞ Dövlət Departamenti məhz təhlükəsizlik baxımından Çinin “Lenovo” şirkətinin kompüter və proqram təminatını almaqdan imtina edib. Test yoxlamaları kompüter vasitəsilə məlumatların sızmasının mümkünlüyünü aşkarlayıb. Həm də həmin şirkətin Çinin dövlət qurumları və müdafiə Nazirliyilə əlaqələriin olduğu söylənməkdədir.

Azərbaycan bazarında kifayət qədər “Lenovo” markalı qurğular satılır. Bəlkə də bir çox dövlət qurumlarında “Lenovo” markalı kompüterlərdən istifadə olunur. Ölkəyə çox asanlıqla giriş tapan bu qurğular milli təhlükəsizliyə nə vaxtsa problem yarada bilər.



Azərbaycanda kiber təhlükəsizliyə birbaşa cavabdeh olan qapalı qurumun yaradılması çox yaxşı olardı. Belə qurumun olması həm düşmən ölkədən, həm də regional hədələrdən müəyyən ölçüdə sığortalanmaq deməkdir. Son illərdə veb-məkanda informasiya müharibəsi gedir, Azərbaycana qarşı internetdə genişmiqyaslı qarayaxma kampaniyasını reallaşdıran bir sıra qrumlar var. Təbii ki, bütün bunlara layiqli cavab verilməsi üçün məsələyə ciddi yanaşılmalıdır.

Azərbaycanın kiber təhlükəsiz sahəsində zəif olduğu amilləri belə sıralamaq olar:
1) Kiberorduya malik 3 dövlətin əhatəsində olmaq bizdə də belə bir qurumun labüdlüyünü artırır.
2) Əksər dövlət və strateji əhəmiyyətli saytlarımızın serverlərinin xaricidə olması, eləcə də onların zəif müdafiə olunması
3) Kibertəhlükəsizliyə aid doktrinanın və buna cavabdeh konkret mərkəzin yaradılmasının vacibliyi.

Bundan başqa, elektron hökumətin təhlükəsizliyi birə on artırılmalıdır. Çünki bazada olan məxfi sənədlərin oğurlanma riski də var. Azərbaycan MDB məkanında Elektron hökumət layihəsi üzərində ciddi çalışan ölkələrdən biridir. Deməli, kiber ordunun və qapalı qurumun yaradılması da vacibdir.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti