Xocalı soyqırımı protokola salınmalıdırmı?

Xocalı soyqırımı protokola salınmalıdırmı?
  22 Fevral 2013    Oxunub:1917
Azərbaycana gələn rəsmi qonaqlar onlar üçün tərtib edilmiş protokola əsasən Şəhidlər Xiyabanı və Fəxri Xiyabana aparılır, həmin yerlər ziyarət edilir.
Amma Azərbaycan xalqının müstəqilliyində yaşadığı ən böyük faciə olan Xocalı soyqırımına ucaldılmış abidənin ziyarəti bu protokola salınmır.
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən seçilən deputat Elman Məmmədov bildirib ki, o, bununla bağlı bir neçə dəfə parlamentdə fikir səsləndirib.
“Eyni zamanda başqa variantlarda da müraciətlərim olub, müsahibələr vermişəm. Bu, çox vacib məsələdir. Çünki Azərbaycana gələn rəsmi nümayəndə Fəxri xiyabanı, ulu öndərin məzarını, Şəhidlər xiyabanı ziyarət etdiyi kimi, Xocalı soyqırımına həsr edilmiş abidəni də ziyarət etməlidir. Bu mənim, eyni zamanda bütün xocalıların fikridir”.
E.Məmmədov qeyd edib ki, onlar yenidən bu məsələni rəsmi dairələrin, o cümlədən Xarici İşlər Nazirliyinin nəzərinə çatdıracaqlar. “Çünki bu, soyqırımı abidəsidir və ziyarət olunmalıdır. Ona görə bu məsələdən məsuliyyət daşıyan dairələrə yenə müraciət edəcəyik”.
Təhlükəsizlik və müdafiə Komitəsinin üzvi Zahid Oruc bildirib ki, istənilən protokol beynəlxalq münasibətlər sisteminin xarakterinə uyğun qurulur.
“Bu cəhətdən də əksər hallarda Şəhidlər xiyabanı bir məkan seçilir, çünki bu öz-özlüyündə Azərbaycanın keçdiyi yolu, yaşadığı işğal gerçəkliyini, həm Xocalı hadisələrini, bütöv Qarabağ işğalını, onun vurduğu insan itkilərini tam miqyasda özündə əks etdirir. Elə Şəhidlər Xiyabanı həm də Xocalıdan gələn hər hansı bir şəxsin uyuduğu bir yerdir. Orada istər 20 Yanvar, istər türk şəhidliyi, Şuşa döyüşlərindən də gətirilmiş ayrı-ayrı şəhidlərimiz də uyuyur. Bu cəhətdən sanki Azərbaycan tarixini məcmu halında özündə əks etdirir. Ona görə də bütün protokolu sıxlaşdırmamaq, beynəlxalq tələbləri nəzərə almaq baxımından bu mövqe seçilir”.
Zahid Orucun fikrincə, bütün hallarda bunu bir sistem halında müəyyənləşdirmək lazımdır ki, bir sıra hallarda Xocalı abidəsi, bir sıra hallarda isə Şəhidlər xiyabanı məkan kimi seçilə bilər. “Bunu bir vəhdətdə ümumi bağlılıqda müəyyənləşdirmək lazımdır. Bütün hallarda Şəhidlər xiyabanının birmənalı məkan kimi seçilməsi də doğru anlama gəlməzdi, çünki həqiqətən dünyada beynəlxalq fikrə təsir edən amillərdən biri məhz soyqırımı hadisədir. Bu istənilən şəhidlikdən, insan qətllərindən daha üstün formada tutulur və bəşəri cinayət kateqoriyasındadır. Odur ki, zənn edirəm ki, gələcək dövrdə bütün dövlət tədbirləri, xarici qəbullarda ziyarət olunacaq məkanlardan biri kimi Şəhidlər xiyabanı ilə yanaşı, məhz Xocalı abidəsi də salınacaq və birmənalı şəkildə xarici əlaqələr sisteminə bunu daxil etmiş olacağıq”.
(modern.az)


Teqlər:  





Xəbər lenti