ABŞ konqresi 20 Yanvarla bağlı bəyanat qəbul edib - (VİDEOXƏBƏR)

ABŞ konqresi 20 Yanvarla bağlı bəyanat qəbul edib - (VİDEOXƏBƏR)
  24 Yanvar 2017    Oxunub:3001
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri konqresmen Stiv Kohen 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Bəyanatda Azərbaycanda Qara Yanvar kimi anılan faciənin kommunizm zülmündən qurtuluş, ölkəmizin müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizəni təcəssüm etdirdiyi deyilir.

Konqresmen Kohen bəyanatında 1990-cı ilin 20 yanvar tarixində Azərbaycanda güclənən müstəqillik hərəkatını boğmaq məqsədilə SSRİ rəhbərliyinin əmri ilə Bakıya daxil olmuş sovet ordusunun dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini və nəticədə arasında qadın və uşaqların da olduğu 130-dan çox insanın qətlə yetirildiyini, habelə yüzlərlə insanın yaralandığını və itkin düşdüyünü bildirib.

Bəyanatda sovet rəhbərliyinin 20 Yanvar faciəsini törətməklə ittifaqa daxil olan digər dövlətlərdəki müstəqillik tərəfdarlarını da ruhdan salmağa çalışdığı vurğulanıb.

Konqresmen Kohen sovet rəhbərliyinin gözləntilərindən fərqli olaraq, 20 Yanvar faciəsinin Azərbaycan xalqını daha da səfərbər etdiyini və proseslərin Azərbaycanın müstəqilliyini elan etməsi ilə nəticələndiyini bəyan edib.

Sonda konqresmen bu gün Azərbaycanın dinamik inkişaf edən bir dövlətə çevrildiyini, Avropa dövlətlərinin və İsrailin enerji təhlükəsizliyinə töhfə verdiyini, habelə ölkəmizdə demokratik dəyərlərin və azad bazar iqtisadiyyatının bərqərar olduğunu vurğulayıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti