BQXK Dilqəm və Şahbaza işgəncə verilməsi haqda xəbərə münasibət bildirdi
Məsələ ilə bağlı BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova AzVision.az-a bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi mandatına uyğun olaraq saxlanılan şəxslərə baş çəkir, onların saxlanma şəraitini, onlarla davranışı monitorinq edir, bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olur.
BQXK rəsmisi qeyd edib ki, saxlanılan şəxslərə sonuncu dəfə fevral ayında baş çəkilib. İ.Hüseynovanın sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin dünyanın hər bir yerində olduğu kimi saxlanma yerlərinə baş çəkərkən eyni yanaşması var: “Saxlanma yerlərinə baş çəkərkən Beynəlxalq Qızıl Xaç Komitəsi monitorinqin nəticələrini ictimaiyyətə açıqlamır. Saxlanan şəxslərə baş çəkən zaman yaranan məsələlərlə bağlı ancaq əlaqədar orqanlarla konfidensial və ikitərəfli müzakirələr aparılır” –deyə BQXK rəsmisi vurğulayıb.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: BQXK Dilqəm-Əsgərov Şahbaz-Quliyev Girov