Moskvaya xəbərdarlıq: NATO-ya alternativ yoxdur!
“Əgər xatırlayırsınızsa, əvvəlki bəyanatlarımda həm də nəinki bizim Rusiya ilə əməkdaşlığa dair açıq niyyətimiz təsdiq edilir, o cümlədən, bu əməkdaşlığı inkişaf etdirməyimiz əks olunur. Mən yalnız əldə etdiyim fakt və bəyanatları, həmçinin haqqında məlumatım olan hesabatları şərh edirəm və son məqsədim dost münasibətlər qurmaqdır. Bununla belə siz hamınız, o cümlədən Rusiya bilməlidir ki, Makedoniya respublikası üçün Aİ və NATO-nun tamhüquqlu üzvü olmaqdan başqa alternativ mövcud deyil”, – deyə Zaev Moskvaya xəbərdarlıq edib.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Yohannes Han bu gün Makedoniyaya gələrək, ölkə vətəndaşlarını Aİ-yə inteqrasiya yolunda əldə etdikləri uğurlara görə, həmçinin NATO-ya daxil olmaq yolunda danışıqlara başlanması münasibətilə təbrik edib.
Bundan əvvəl ABŞ-ın nüfuzlu “BuzzFeed” internet qəzetinə verdiyi müsahibədə Makedoniyanın baş naziri Zoran Zaev bildirmişdi ki, ölkəsindəki hökumət əleyhinə çıxışların Rusiya biznesmenləri tərəfindən maliyyələşdirilməsinin başlıca məqsədi Makedoniyanın NATO-ya daxil olmasının qarşısını almaqdır. O, bu barədə hökumətin əlində sübutlar olduğunu da vurğulayıb.
Xatırladaq ki, NATO-nun 11-12 iyulda keçirilən Brüssel sammitində alyansa üzv ölkələr rəsmi şəkildə Makedoniyanı NATO-ya qoşulmağa dəvət ediblər.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Makedoniya Rusiya NATO Avropa