Çin 138 ölkənin Silahlı Qüvvələrinə məktub göndərdi

Çin 138 ölkənin Silahlı Qüvvələrinə məktub göndərdi
  10 Avqust 2018    Oxunub:5360
Çin 2019-cu ilin payızında keçiriləcək VII Beynəlxalq Yay Hərbi Oyunlarında iştirak etmək üçün 138 ölkəyə dəvətnamə göndərib.
AzVision.az bildirir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ölkələrə ünvanlanan dəvətnamə məktubunda VII Beynəlxalq Yay Hərbi Oyunlarının qaydaları haqqında müfəssəl informasiya, oyunları təşkil edən dövlət (Çin – red.) və yarışların keçiriləcəyi Uxan şəhəri barədə əsas məlumatlar, qeydiyyatdan keçmə şərtləri və digər faydalı məlumatlar yer alıb.

Ümumilikdə, 1,3 kiloqram ağırlığında olan dəvətnamələr və onlara bitişdirilən sənədlərin hamısı su keçirməyən paketlərə yerləşdirilib və müvafiq ünvanlara göndərilib. Məktublardakı məlumatlar çin və ingilis dillərində yazılıb.

“Yarışlarda maraqlı olan ölkələr 2018-ci ilin 18 oktyabrınadək VII Beynəlxalq Yay Hərbi Oyunlarında iştirak etmək niyyətlərinin qeyd olunduğu elektron ərizəni göndərməlidirlər. Bundan sonra 2019-cu ilin 18 yanvarında oyunların rəsmi saytında iştirakçı ölkələrin sayı açıqlanacaq.” – deyə, nazirliyin bəyanatında bildirilir. Bununla belə qeyd olunur ki, iştirakların yekun siyahısı 2019-cu ilin 18 iyulunda dərc olunacaq. Gələn ilin 1 martınadək isə hər bir iştirakçı ölkə yarışların keçiriləcəyi şərait və şərtlərlə tanış olmaq üçün xüsusi işçi qrupları göndərə bilərlər.

Qeyd edək ki, VII Beynəlxalq Yay Hərbi Oyunları 2019-cu ilin 18-27 oktyabr tarixlərində keçiriləcək və 120-dən çox ölkənin iştirak edəcəyi proqnozlaşdırılır. Oyunlar, 1948-ci ilin fevralında təsis olunan Beynəlxalq Hərbi İdman Şurasının (CISM) himayəsi altında keçirilir. Hazırda bu təşkilata üzv dövlətlərin sayı 135-dir. İlk Beynəlxalq Yay Hərbi Oyunları isə 1995-ci ildə Romada keçirilib. 2010-cu ildən etibarən isə Beynəlxalq Qış Hərbi Oyunları da keçirilməyə başlayıb.


Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Çin   BeynəlxalqYayHərbiOyunları  



Xəbər lenti