“ANAMA qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlib” - Fuad Ələsgərov
Prezidentin köməkçisi qeyd edib ki, hazırda ANAMA yüksək peşəkar kadr potensialına və müasir maddi-texniki bazaya malikdir: "Agentliyin yalnız Azərbaycan ərazisində deyil, başqa dövlətlərin ərazilərində də əməliyyatlara cəlb edilməsi onun fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. Agentlik bir çox beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı dövlətlərin müvafiq strukturları ilə səmərəli əməkdaşlıq qurub. ANAMA-nın NATO-nun Dəstək və Təchizat Agentliyi ilə əməkdaşlığı xüsusi olaraq vurğulanmalıdır. İki təşkilatın 2005-ci ildən başlayaraq həyata keçirdiyi Saloğlu layihəsi çərçivəsində 6 il ərzində 568 hektar ərazi minalardan təmizlənib".
F.Ələsgərovun sözlərinə görə, digər uğurlu layihə isə Ceyrançöl layihəsi olub: "Keçmiş SSRİ-nin Qafqaz regionundakı qoşunlarının hərbi təlim poliqonu olmuş bu ərazidə xeyli miqdarda mina, tank və artilleriya mərmiləri, aviasiya bombaları və digər partlamamış hərbi sursatlar aşkarlanıb. Bu ərazi Azərbaycanda mina və sursatların ən böyük təhlükə doğurduğu yerlərdən biri idi. 2012-ci ildən başlayaraq 3 mərhələdə həyata keçirilən Ceyrançöl layihəsi üzrə ümumilikdə 6600 hektar ərazi təmizlənərək 18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib. Layihənin maliyyələşdirilməsində Azərbaycan hökuməti ilə yanaşı, bir sıra ölkələr donor qismində çıxış ediblər, fürsətdən istifadə edərək, layihədə iştirak edən bütün donor ölkələrə, eləcə də maliyyə vəsaitinin yığılması, donor ölkələrlə əlaqələndirmənin aparılmasında göstərdiyi köməyə görə NATO-nun Dəstək və Təchizat Agentliyinə Azərbaycan hökuməti adından dərin təşəkkürümü çatdırıram".
Prezidentin köməkçisi qeyd edib ki, ərazilərin minalardan təmizlənməsi humanist missiyadır və bu şərəfli missiyanı həyata keçirənlər çox vaxt öz həyat və sağlamlıqlarını belə təhlükə altına atırlar.
"Ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan üçün minalardan təmizləmə fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Buna görə də ölkə rəhbərliyi tərəfindən ANAMA-ya, onun maddi-texniki təchizatının gücləndirilməsinə xüsusi diqqət ayrılır. Əminik ki, ANAMA-nın xarici partnyorlarla, o cümlədən NATO-nun müvafiq strukturları ilə qurduğu səmərəli əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək".
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Fuad-Ələsgərov Prezidentin-Köməkçisi