Minsk görüşünün bizim və İrəvan üçün nəticələri
Səfər öncəsi hər iki tərəfin dövlət başçıları tərəfindən səfirlərin qarşılıqlı qəbulu və onlarla təyinatlarına uyğun olaraq təkcə ikitərəfli yox, həm də regional təhlükəsizlik baxımından mühüm məsələlərin müzakirəsini isə diplomatik münasibətlərdə müstəsna hal kimi qiymətləndirmək olar.
Prezident İlham Əliyevin Lukaşenko ilə təkbətək görüşündən sonra onların rəhbərliyi altında nümayəndə heyətlərinin iştirakı ilə geniştəkibli görüşün keçirilməsi isə ikitərəfli əlaqələrin hərtərəfli inkişafının nümunəsidir. Bundandır ki, səfər nəticəsində ölkələrimiz arasında kənd-təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalanıb.
Lakin deyə bilərik ki, dünənki görüşlərin yekununda əldə olunan ən vacib sənəd dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı”dır. Bəyanatın elə ilk bəndindəcə Bakı ilə Minskin bir-biri ilə əlaqələrini strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hərtərəfli əməkdaşlıq çərçivəsində inkişaf etdirdiklərini vurğulamasının özü münasibətlərimizin mahiyyətini izah edən ən uyğun identifikatordur. Yəni Azərbaycanla Belarus bütün məsələlərlə bağlı bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan müzakirələr aparırır, bir-birini beynəlxalq siyasətdə onlara qarşı irəli sürülən qarayaxma təşəbbüslərindən müdafiə edir və ortaq maraqların təmin olunmasına çalışırlar. Bəyanatın sonrakı bəndləri münasibətlərimizin bu mahiyyətini daha da aydınlaşdırır.
6-cı bənddə vurğulanıb ki, “Tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququnun ümumqəbulolunmuş norma və prinsipləri, xüsusilə də, dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə sülh yolu ilə həllini vacib bilirlər.” Bu, Ermənistanın təcridinin və münaqişənin həlli ilə bağlı Belarusun nümunəsində beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir. Və bir daha onu göstərir ki, münaqişənin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir. Lakin rəsmi Minskin bu bəndə imza atması həm də onu göstərdi ki, Ermənistanla müttəfiqlik münasibətlərinə malik dövlətlər belə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirlər. İşin ən önəmli tərəfi də odur ki, İrəvanla eyni hərbi-siyasi bloka daxil olan dövlətlər bu dəstəyi təkcə kağız üzərində sərgiləmirlər.
Bu kontekstdə bəyanatın 11-ci bəndinin xüsusi önəmi var: “Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən Azərbaycan və ya Belarusun üzv olmadığı beynəlxalq qurumlar çərçivəsində təşəbbüs və namizədlərin qarşılıqlı dəstəklənməsi praktikasının davam etdirilməsi barədə razılığa gəldilər.”
Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclaslarında işğalçı Ermənistanın ölkəmizə qaşı əsassız iddia və ittihamlarını dəfələrlə zərərsizləşdirib. Və bunu edən təkcə Belarus deyil. Bu baxımdan, prezident İlham Əliyevin Lukaşenko ilə birgə mətbuat konfransında söylədikləri həm də qulaqlarını dünənki vacib danışıqlara şəkləyənlərə mesaj idi:
“Biz beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstəririk, bütün məsələlərdə bir-birimizi dəstəkləyirik. Mən deyərdim ki, bu dəstək avtomatik xarakter daşıyır - hətta müzakirəsiz, məsləhətsiz, razılaşmasız. Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir.”
Bəyanatın 21-ci bəndində isə tərəflər idman sahəsində Azərbaycan-Belarus əməkdaşlığının faydalı xarakter daşıdığını, Olimpiya hərəkatının ideal və dəyərlərinə sadiq olduqlarını və bu xüsusda 2019-cu ildə İkinci Avropa Oyunlarının Belarusda keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Bu maddənin özəlliyini isə Belarus prezidenti öz çıxışında açıb:
“2019-cu ildə Belarus Bakıdan sonra ikinci Avropa Oyunlarını qəbul edir. Prezidentlə mən 2015-ci ildə belə miqyaslı tədbiri əla keçirməyin öhdəsindən gələn Azərbaycanın təcrübəsini ətraflı müzakirə etdik. Üstəlik deməliyəm ki, sizdən sonra bütün ölkələr belə oyunları qəbul etməyə qorxurlar. Çünki həmin səviyyə ilə rəqabət aparmaq, mən bunu səmimi deyirəm, qətiyyən mümkün deyil. Biz də bu səviyyəni aşağı salmamaq üçün ciddi fikirləşməliyik. Həm də fikirləşməliyik ki, bunu nəyin hesabına edə bilərik. Amma birmənalı olaraq sizə minnətdarıq ki, mütəxəssisləriniz, nazirləriniz bizə ciddi məsləhətlər verərək, bizi faktiki surətdə ikinci Avropa Oyunlarına hazırlayırlar. Həm də mən, ilk növbədə, bu beynəlxalq idman tədbirinə hazırlıqda köməyinə görə öz həmkarıma təşəkkür edirəm”.
Bu, Azərbaycanın beynəlxalq səviyyəli, yüksək təhlükəsizlik və təşkilati bacarıq tələb edən tədbirləri ustalıqla həyata keçirməsinin, xüsusən də, imza atdığı ilklərin uğurla nəticələnməsinin etirafıdır.
Təbiidir ki, strateji tərəfdaş olan ölkələrin rəhbərləri görüşürsə, bu zaman hərbi əməkdaşlıq və təhlükəsizlik məsələlərinin müzakirəsi labüddür. Xüsusən də, əgər bu sahədə əməkdaşlıq hər iki tərəfə fayda gətirirsə və böyük perspektivlərə malikdirsə. Elə məhz Azərbaycanla Belarus arasındakı uğurlu hərbi-texniki əməkdaşlıq təcrübəsinə dayanaraq dünənki səfər çərçivəsində Bakı və Minsk arasında hərbi-texniki sahədə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində Anlaşma Memorandumu imzalandı. Bu Anlaşma Memorandumu Azərbaycanın hava hücumundan müdafiə sistemləri və hücum təyinatlı silahlarla təchiz edilməsi üçün yeni müqavilələrin imzalanmasını nəzərdə tutur. Bundan əvvəl Azərbaycanın Belarusdan “Polonez” zenit-raket sistemlərini, zirehli texnika və digər hərbi vasitələrini almasına istinadən prezident İlham Əliyevin hərbi sahədə Minsklə ikitərəfli əməkdaşlığın genişlənəcəyini deməsi isə çoxlarından fərqli olaraq, Azərbaycanın müstəqil qərar verən bir ölkə və böyük maliyyə vəsaitlərinə malik olmasilə yanaşı, Dağlıq Qarabağ münaqişəsində hərbi həll variantını istisna etmədiyini bir daha göstərdi:
“Bizim əməkdaşlığımızın istiqamətlərindən biri də hərbi-texniki sahədir. Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlər arasında memorandum da var. Bu sənəd ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevriləcək”.
Dünənki görüşün əhəmiyyəti və yuxarıda sadalanan məqamlar nəzərə alınanda, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikolun bu gün İrəvanda mətbuat konfransı çağıraraq, təlaşla "Belarusun Azərbaycana silah satması Ermənistanın maraqlarına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində əməkdaşlığın ruhuna ziddir" kimi təsirsiz ifadə səsləndirməsi tamamilə anlaşılandır...
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Azərbaycan Belarus Ermənistan