Vaşinqton: “ABŞ-Çin razılaşması liderlərdən asılıdır”

  Vaşinqton: “ABŞ-Çin razılaşması liderlərdən asılıdır”
  30 Noyabr 2018    Oxunub:5461
Argentinanın paytaxtı Buenos-Ayresdə bu gündən başlayaraq dekabrın 1-dək davam edəcək “G20” (“Böyük iyirmilik”) sammitində ABŞ prezidenti Donald Trampla Çin lideri Si Tsinpin arasında olduqca ciddi məsələlər üzrə qızğın müzakirələr aparılacaq.
Azvision.az bu barədə “Reuters”ə istinadən xəbər verir ki, ABŞ-ın ticarət naziri Robert Laythayzer deyib. O, bildirib ki, iki ölkə arasındakı ticarət müharibələrinə son qoyulmasilə bağlı istənilən qərar liderlərin özlərindən asılıdır.

“Əminəm ki, danışıqlardan sonra hər iki tərəfdə pozitiv əhval hiss olunacaq. Ona görə də, əgər hansısa uğurlu nəticə əldə edilməsə buna təəccüblənərəm. Amma qaşılıqlı ticarətdəki fərqləri həll etmək üçün istənilən razılaşma tamamilə iki ölkənin liderinin verəcəyi qərardan asılı olacaq”, - deyə amerikalı nazir vurğulayıb.

Qeyd edək ki, “G20” sammitində Çinlə ABŞ arasında yeni ticarət müqaviləsinin imzalanacağı gözlənilir. Lakin bundan əvvəl Tramp bildirib ki, əgər hansısa razılaşma əldə olunmasa Çin mallarına qoyulan 200 milyard dollarlıq gömrük rüsumlarını daha da artıraraq 10%-dən 25%-ə qaldıracaq, yanvarın 1-dən etibarən isə 267 milyard dollar həcmində əlavə tariflər qüvvəyə minəcək.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Argentina   Çin   ABŞ   G20  



Xəbər lenti