Qətərin 57 ildən sonra OPEK-dən çıxmasının səbəbi
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Qətərin enerji naziri Saed əl-Kabi bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.
Saed əl-Kabi həmçinin, iddialara cavab olaraq bildirib ki, Qətərin OPEK-dən çıxmasının Səudiyyə Ərəbistanının onlara qarşı boykot siyasətilə heç bir əlaqəsi yoxdur.
“57 ildir ki OPEK-in üzvü olan Qətər üçün bu qərarı vermək elə də asan olmadı. Amma bu illər ərzində OPEK-in neft istehsalı ilə bağlı qərarlarında ölkəmizin təsiri çox az idi. Bu qərarımız siyasi motivli deyil və texniki və strateji dəyişikliklə əlaqədardır. Bundan sonra Qətərin öz təbii qaz sənayesini inkişaf etdirmək səylərinə fokuslanmaq niyyətindədir. Təşkilatdan çıxmağımıza baxmayaraq, bütün digər qeyri-OPEK neft hasilatçıları kimi Qətər də öz öhdəliklərinə riayət edəcək” - Saed əl-Kabi vurğulayıb.
Qeyd edək ki, OPEK-in faktiki lideri olan Səudiyyə Ərəbistanı İranla yaxınlaşdığına görə 2017-ci ilin iyunundan etibarən Qətərə qarşı siyasi və iqtisadi boykot tətbiq edir. Ər-Riyadın boykot siyasətinə Körfəzin digər 3 ərəb ölkəsi də qoşulub.
Onu da bildirək ki, Qətər illik təbii qaz istehsalını 77 milyon tondan 110 milyona qaldırmaq niyyətindədir. OPEK 1960-cı il sentyabrın 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Qətər təşkilata 1961-ci ildə qoşulub.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Səudiyyə OPEK Qətər Rusiya