Tailandda 4 illik siyasi qadağalar ləğv olundu

Tailandda 4 illik siyasi qadağalar ləğv olundu
  11 Dekabr 2018    Oxunub:3469
2014-cü ilin mayından etibarən Tailandda əhalinin və siyasi partiyaların istənilən növ siyasi fəaliyyətlərini qadağan edən qərar ləğv olunub.
Azvision.az xəbər verir ki, bu barədə Tailandın Sülh və Nizam Milli Şurasının (qanunverici səlahiyyətlərinə malik hərbi hökumət) rəhbəri, general Prayut Çan-Oç əmr imzalayıb. Əmr “Royal Government Gazette” rəsmi hökumət qəzetində dərc olunaraq bu gündən qüvvəyə minib.

Sənəddə qeyd olunur ki, 2019-cu ilin 24 fevralına təyin olunan parlament seçkilərində təşviqat kampaniyasının həyata keçirilməsinin təmini ilə əlaqədar 4 il əvvəl siyasi təbliğata və fəaliyyətə, həmçinin, siyasi mitinq və yığıncaqlara, seçkiqabağı təşviqat materiallarının çapına və yayılmasına, KİV-lərdə çıxışlara və digər siyasi fəaliyyət növlərinə qoyulan qadağalar aradan götürülür.

Xatırladaq ki, Tailandda ən son parlament seçkiləri 2011-ci ildə keçirilib. 2014-cü ildə ölkədə hərbi çevriliş olub və general Prayut Çan-Oç hərbi hökumətə rəhbərlik edib. Həmin vaxt Tailandda konstitusiyanın qüvvəsi müvəqqəti dayandırılıb və ölkədə demək olar ki, hərbi rejimə keçilib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Tailand  



Xəbər lenti