Müsavat Milli Şuradan çıxmağa hazırlaşır

Müsavat Milli Şuradan çıxmağa hazırlaşır
  04 Dekabr 2013    Oxunub:996
Rüstəm İbrahimbəyov və Eldar Namazovun Milli Şurada tutduqları postdan istefa verməsindən sonra Müsavat Partiyasının da bu qurumdan çıxacağı gözlənilir.
Partiyanın Milli Şurada təmsil olunan gənc funksioneri Tural Abbaslı da bunun istisna olmadığı bildirib.

AzVision.az-a açıqlamasında T.Abbaslı bildirib ki, Müsavatın Milli Şuradan gedib-getməyəcəyi barədə qərar partiya Divanının iclasında veriləcək.

“Müsavat Partiyasının Milli Şuradakı fəaliyyətini davam etdirməsi ilə bağlı yaxın günlərdə yəqin ki, həm Divanın , həm də Milli Şurada təmsil olunan partiya üzvlərinin iştirakı ilə iclası keçiriləcək və fikir mübadiləsi aparılacaq. Bundan sonra qərar qəbul olunacaq. Hansı qərar qəbul olunsa, mən də daxil olmaqla bütün müsavatçılar bu qərara tabe olacaq. Hələlik bu barədə konkret qərarımız yoxdur”.

Xatırladaq ki, Milli Şuranın ötən gün keçirilən iclasında Müsavat başqanı İsa Qəmbər də şuradan gedəcəklərinə işarə edib. O R.İbrahimbəyovun fəxqi sədr seçiləcəyi təqdirdə Müsavat Partiyasının Milli Şuradakı fəaliyyətinə yenidən baxacaqlarını deyib.

“Rüstəm bəyi məndən yaxşı tanıyan, onun əsərlərini məndən çox oxuyan uzağı 5-6 nəfər ola bilər. Rüstəm Ibrahimbəyovu ən böyük intellektuallardan biri hesab edirəm. Amma başqa bir dövlətin vətəndaşı olan şəxsin sədr, həmsədr və ya fəxri sədr olduğu qurumda təmsilçilik Müsavat Partiyası üçün məqbul sayıla bilməz. Əgər əksəriyyət Fəxri sədrlik məsələsinə səs versə, biz partiya olaraq, Milli Şurada təmsilçilik məsələsinə yenidən baxacağıq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti