“Rauf Arifoğlunun sözləri iftiradır” – AXCP-dən CAVAB

“Rauf Arifoğlunun sözləri iftiradır” – AXCP-dən CAVAB
  05 Dekabr 2013    Oxunub:1056
“Bizim partiya üzvlərinin etik çərçivəni aşan davranışını təqdir etmirik. Bu barədə Vüqarın özünə də xəbərdarlıq olunub. Partiya bu məsələ ilə bağlı öz mövqeyini də ortaya qoyacaq”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə AXCP fəalı arasındakı yaşanan qalmaqaldan danışarkən deyib.

O bildirib ki, partiya bir mənalı olaraq istənilən şəxsin etik çərçivədən çıxmasını pisləyir:

“Hər kəs öz davranışına diqqət etməlidir. O cümlədən bu, AXCP üzvlərinə də aiddir. Biz təəssüf edirik ki, AXCP üzvü öz fikirlərini ifadə etmək üçün belə sözlər işlədib”.

G.Bayramlı Vüqar Qədirovun həmin statusu partiya sədrinin göstərişi ilə yazması iddiasına da aydınlıq gətirib. O bildirib ki, bu iddia əsassızdır: “Təəssüf edirəm ki, Rauf Arifoğlu sıravi bir fəalın yazdığı fikirləri partiya sədri Əli Kərimlinin adı ilə bağlayır.
“Buna kim inanar? Əli Kərimli, yaxud da AXCP müəyyən məsələlərlə bağlı öz fikrini bəyan edə bilmir ki, etik çərçivəni aşan fikirlər irəli sürür? Bu, tamamilə yanlış, əsassız, həqiqətə uyğun olmayan, uydurma iftiradır. Onsuz da biz həmin fəalın hərəkətini pisləmişik, həmişə də pisləyəcəyik. Amma bu, Rauf Arifoğluna əsas vermir ki, partiya sədrinin olmazın sözlər desin. Mənə elə gəlir ki, buna ehtiyac yoxdur”.

Qeyd edək ki, R.Arifoğlu facebook-da yaranan qalmaqaldan sonra cəbhəçini polisə verib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti