Erməni əsgər ordumuzun onlara yaşatdığı dəhşətlərdən danışdı
Erməni əsgər Azərbaycan Ordusunun onlara yaşatdığı çətinliklərdən və möcüzə nəticəsində sağ qalmasından danışaraq deyib:
“10-11 oktyabr tarixlərində Hadrut artıq mühasirəyə alınmışdı. Biz döyüşlərə davam etdik və xeyli sayda itkimiz oldu. Sonra 12 nəfərlik qrupla ayrıca mühasirəyə düşdük. Hadrutda bir evə sığınıb gecələdik. Növbəti gün öz mövqelərimizdən birinə gedərək onlara qoşulmaq istədik. Amma bacarmadıq. Çünki getdikcə Hadrutda yolboyu cəsədlərimizin olduğunu görürdük, bu səbəbdən də istiqamətimizi dəyişdik. Meşədə yenidən mühasirəyə düşdük. Burada azərbaycanlıların snayperlərinin hücumuna məruz qaldıq və onlar aramsız atəş açırdılar. Məncə, ora Taqavard kəndi idi”.
Erməni əsgər döyüş vaxtı güllə yarası alaraq yaralanıb: “Mənə tərəf gələn əsgər başımın üzərində dayanaraq bir neçə atəş açdı. Yalnız bir güllə bədənimə dəydi ki, o da qolumdan tutdu. Qalan güllələr möcüzəvi şəkildə ya şalvarıma sürtdü, ya da ayaqqabıma dəymişdi. 12 gün otun içində qaldım, 6 gün otların arasında ac-susuz uzandım. Yerimdən tərpənmirdim və 7-ci gün həmin ərazidən uzaqlaşdım. Dərədə su gördüm. Öz-özümə dedim ki, onsuz da hərbçilər məni öldürəcəklər, qoy elə orada ölüm, gedib su içim. Bir neçə addım atsam da, irəliləyə bilmədim. Başım hərləndi, gözüm qaraldı. İki metr getməmişdim ki, nəfəsim daraldı və yuxarıda vurulmuş bir maşını gördüm. Bizim hərbi avtomobillərdən idi. Bir təhər ona yaxınlaşdım. Çirkli, palçıqlı idi. Anladım ki, maşına yağış və su yığılıb. Su içmək üçün əlimi uzatdıqda hər yerin qan olduğunu gördüm...
Bir təhər maşından yeməyə nə isə tapdım. Orada su da var idi. Avtomobilə minəndə səs elədi deyə onu vurmağa başladılar. Yenidən maşından sürüşərək otların arasına uzandım. Beləcə, 12 oktyabrda yaralanaraq 23-nə kimi orada qaldım. Sonra yağış yağmağa başladı. Artıq otlar da yağışa görə əyilmişdi. Mənim olduğum yer aşkar görünürdü. Gecə durub kəndə doğru getdim və evlərdən birinə girdim. Beləcə, səhəri gün məni həmin evdə azərbaycanlı hərbçilər tapıb əsir götürdülər”.
Tural Tağıyev
Azvision.az
Teqlər: Hadrut Əsir Əsgər Azərbaycan-Ordusu







Vaxtında, Aydın, Lazımlı!


