Bakıda bu ərazilərdə sürüşmə təhlükəsi var

Bakıda bu ərazilərdə sürüşmə təhlükəsi var
  29 Yanvar 2021    Oxunub:3043
"Badamdar sürüşmə zonasında vəziyyət stabilləşməyə doğru gedir. Ərazi nəzarət altındadır. Əhalinin və ətrafda işləyən insanların təhlükəsizliyini qorumaq üçün yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib.
Azvision.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib. O bildirib ki, ərazidə lokal sürüşmə hadisələri baş verə bilər.

“Ora uzun illərdən bəri yaranan sürüşmə ərazisidir. Bir neçə vaxtdır ki, ərazidə FHN tərəfindən bərkitmə və terraslama işləri aparılır. İşlər aparılan yerdə sürüşmə baş verməyib. Sürüşmə əsasən gələcəkdə işlər aparılması nəzarətdə tutulan ərazidə olub”.

E.Əsədov qeyd edib ki, Bakı şəhəri geoloji və coğrafi möqeyinə görə mürəkkəb relyefdə və seysmik ərazidə yerləşir.

“Burada bir çox sürüşmə zonaları mövcuddur. Lakin sırf insanların yaşadığı yerlərdə olan sürüşmə zonaları dörd hissədə müəyyən edilib. Bunlardan biri Alov qüllələri ətrafı və onun əhatəsində olan sahələr - Dağüstü park, Nərimanov heykəlinin ətrafı, Abdulla Şaiq küçəsidir. Bu, ərazisinə görə ən böyük sürüşmə sahəsidir. İkinci və üçüncü sürüşmə zonaları Badamdar ərazisindədir. Dördüncü sürüşmə zonası Gəncə prospektindədir. Orada iki yerdə sürüşmə müəyyən edilib. Bunlar general Şıxlınski və Nəsrəddin Tusi küçələrinin kəsişməsində yerləşir.

Bu sahələrdə böyük işlər aparılır. Yaponiyadan dəvət olunan mütəxəssislər tərəfindən işlər həyata keçirilir və burada aparılan tikinti işləri də onların nəzarəti altında davam edir. Alov qülləri ətrafında 20-dən artıq 60 metr dərinliyində drenaj quyuları qazılıb. Burada stabilləşmə başa çatıb. Quyuların əksəriyyəti fəaliyyət göstərir. Burada qrunt suları və texnogen təsirlər nəticəsində yaranan sular kənarlaşdırılır.

Gəncə prospektində 16 quyu qazılıb və orada vəziyyət stabilləşib. Badamdar sürüşmə zonasında layihə əsasında işlər bir müddətdir davam edir, lakin görəcəyimiz işlər hələ tam başa çatmayıb. Orada 2 il əvvəl də sürüşmə olub”.

E.Əsədov vurğulayıb ki, bu il ərzində işlər başa çatacaq: "Sürüşmə nəticəsində müəyyən dəyişikliklər ediləcək. Bu da yəqin fevralda bitər və artıq il ərzində işlərimizi yekunlaşdıracağıq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Badamdar   Sürüşmə  






Xəbər lenti