Gənclərimiz Vətən müharibəsində tarix yazdılar

 Gənclərimiz Vətən müharibəsində tarix yazdılar
  02 Fevral 2021    Oxunub:4347
“Uzun illərdir ki, Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti ötən ilin mühüm tarixi hadisəsi olan Vətən müharibəsinin zəfərimizlə yekunlaşmasında öz sözünü dedi”.
Bunu Azvision.az –a açıqlamasında deputat, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Jalə Əhmədova deyib. O bildirib ki, 2 fevral - Gənclər Günü Azərbaycanda hər zaman təntənə il qeyd edilsə də, gənclərimizin bu ilki bayramı qələbə əhval-ruhiyyəsindədir.

“Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən vətənpərvər, intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Bugünkü Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğısını dərin ehtiram hissi ilə xatırlayır.

Bu siyasi kurs günümüzdə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra mühüm dövlət proqramları və tədbirləri sadalamaq olar ki, bütün bunlar da gənclərimizin Vətənə, dövlətçiliyə bağlı, intellektual, yüksək dünya görüşlü bir qüvvə kimi formalaşmasında mühüm rol oynayıb".



Milli Məclisin Gənclər və idman komitəsinin üzvü deyir ki, Ordunun böyük qismini təşkil edən Azərbaycan gəncləri xalqın 30 ilə yaxın həsrətində olduğu ən böyük arzunsunu reallaşdırdı. Gənclər ön və arxa cəbhədə fədakarlıqlar göstrərək tarixi və əzəli torpaqlarımızın azad olunmasında öz sözünü dedilər:

"Həqiqətən də bu illər ərzində vətənpərvərlik ruhunda böyüyüb yetişdirilmiş mətin gənclərimiz bir addım belə geri çəkilməyərək 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərdilər. Əslində gənclərimiz bütün dövrlərdə dövlətə və millətə sahib çıxmış, torpaqlarımız və istiqlalımız uğrunda şəhid olaraq ölkəmizin inkişafına önəmli töhfələr vermişlər. 2020-ci ildə isə bu vətənpərvərlik, qəhrəmanlıq nümunələri özünün pik həddinə çatdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin, bir sözlə, bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsi bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi. Ordunun böyük bir qismini təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında sözün həqiqi mənasında möhtəşəm bir tarix yazdı! Bu gün Gənclər Gününü qeyd edən Azərbaycan gəncliyinin düşməni diz çökdürməkdə, tarixi ədaləti bərpa etməkdə böyük rolu oldu. Bu işdə gənclərin xüsusi əməyi oldu. Bir daha ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Onlar bizim qürur mənbəyimizdir”.

Deputat onu da vurğulayıb ki, gənclər Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadırlar.

Tural Tağıyev
Azvision.az


Teqlər: Gənclər   Deputat   Vətən-müharibəsi  






Xəbər lenti