Neomüstəmləkəçilərin ədalətsiz vaksin bölgüsü

 Neomüstəmləkəçilərin ədalətsiz vaksin bölgüsü
  02 Fevral 2021    Oxunub:7274
Bu gün dünya ölkələrini narahat edən ən böyük problem koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və bunun üçün uğurlu şəkildə vaksinasiya prosesini həyata keçirməkdir.
Ötən gün Prezident İlham Əliyev dövlət televiziyasına müsahibəsində bu məsələyə xüsusilə toxunaraq dünyada cərəyan edən arzuolunmaz proseslərdən söz açdı. Ölkə başçısı əksər inkişaf etmiş ölkələrin digər dövlətlərin rahat və kifayət qədər vaksin əldə edə bilməsində ədalətsiz yanaşmasını konkret faktlarla önə çəkdi. Prezident çıxışında diqqətə çatdırdı ki, Azərbaycan “ədalətsiz vaksin bölgüsü”nə qarşı çıxan nadir ölkələrdəndir.

Cənab Prezident, həmçinin dünənki müsahibəsində pandemiya ilə mübarizədə Azərbaycanın ilk gündən qabaqlayıcı tədbirlər görərək məqsədinə nail olduğunu və vəziyyətin nəzarətdə saxlandığını xatırlatdı.

Ümumiyyətlə, Azərbaycan ilk günlərdən pandemiyaya qarşı mübarizədə aktiv iştirak edir və müxtəlif beynəlxalq platformalarda dövlətləri birliyə çağırır. Görülən işlərin nəticəsidir ki, iki-üç ay öncə ilə müqayisədə hazırda ölkəmizdə epidemioloji vəziyyət müsbətə doğru xeyli dəyişib. Son günlər virusa yoluxma və ölüm sayında kifayət qədər azalma müşahidə edilir. Əlbəttə, bütün bunlar dövlətin pandemiya ilə mübarizə sahəsində həyata keçirdiyi effektiv siyasətin və görülən işlərin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.



Azərbaycan hökuməti ötən il operativ davranaraq bir sıra vacib avadanlıq və tibbi ləvazimatların alınmasını əvvəlcədən təmin etdi. Ölkəyə yeni laboratoriyaların gətirilməsi, test imkanlarının genişləndirilməsi infeksiyanın vaxtında müəyyən edilməsinə və xəstəliyin arealının genişlənmədən qarşısının alınmasına imkan verdi. Halbuki pandemiyaya qədər ölkəmizdə cəmi 8 laboratoriya var idi. Bu gün onların sayı artıq 42-yə çatıb.

Modul tipli xəstəxanaların qısa müddət kəsiyində ölkəyə gətirilərək quraşdırılması, lazımı tibbi avadanlıqların təchizatı COVID bəlası ilə mübarizə imkanlarını genişləndirdi, pandemiya sınağından daha az itkilərlə çıxmağa səbəb oldu. Ölkə başçısının rəhbərliyi ilə görülən operativ tədbirlər nəticəsində Azərbaycanda yoluxma tendensiyası əksər ölkələrdən fərqli olaraq faciəvi həddə çatmadı, karantin rejimi vəziyyətə uyğun tənzimləndi.

Bu gün Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən dövlət kimi önə çıxır. Bəzi ölkədələrin hələ də peyvənd ala bilmədiyi dövrdə Azərbaycanın vaksinasiya prosesinə başlayan ilk ölkələr sırasında yer alması vətəndaşların sağlamlığının dövlətimiz üçün prioritet məsələ olduğunu göstərir.

Vaksinasiya proseslərinin başlanması həm də yaxın aylarda epidemioloji durumun xeyli yaxşılaşacağına ümidləri artırır. Vətəndaşların dövlətə etibarı və inamı pandemiya savaşından qalib ayrılacağımıza şübhə yeri qoymur. Əminik ki, bu sınaqda da üzüğ, qələbə ilə çıxacağıq.



Ölkəmiz həm də ötən ilki pandemiya dövründə digər müsbət məqamlarla seçildi, koronavirusla mübarizənin “Azərbaycan modeli”ni yaratdı. Bu mənada Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri və digər beynəlxalq səhiyyə qurumlarının müsbət rəyləri, Azərbaycanın başqa ölkələrə nümunə göstərilməsi pandemiya ilə mübarizədə uğurlarımızı şərtləndirən amillərdir. Azərbaycan beynəlxalq aləmdə həm də ona görə alqışlanırdı ki, pandemiya dövründə dövlətimiz yalnız öz vətəndaşları qarşısında deyil, beynəlxalq tərəfdaşlar qarşısında da diqqətli və məsuliyyətli addımlar atdı.

Belə ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi sosial və maddi problemlərlə üzləşmiş dövlətlərə kömək əlini uzatdı, 30-dan çox ölkəyə maliyyə və humanitar yardımlar göstərdi, beynəlxalq təşkilatlara, o cümlədən ÜST-yə 10 milyon dollar məbləğində könüllü ianə verdi.

Azərbaycan hökuməti bütün platformalarda pandemiya problemini beynəlxalq müzakirəyə çıxarmaqla öz təklif və ideyalarını ortaya qoyurdu. Təbii ki, bütün bunlar ölkənin diplomatik uğurları və qlobal dünyadakı çəkisinin, eləcə də nüfuzunun göstəricisidir. Azərbaycan, eyni zamanda qlobal müstəvidə pandemiya ilə mübarizə tədbirlərinin əsas iştirakçısı rolunda çıxış etdi. Bizdən fərqli olaraq region ölkələrindən heç biri fərqlənmədi. Əksinə, hər ölkə öz daxili problemlərinə baş qataraq beynəlxalq aləmi, yardım və dəstək layihələrini arxa plana saldı.

Azərbaycan isə yeni təşəbbüslər ortaya qoyub, Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərini təşkil edərək, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə nail oldu. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının toplanması diplomatik uğurumuz olmaqla yanaşı, ölkəmizin artıq dünya liderləri sırasında yer aldığını göstərmiş oldu.

Bundan başqa, Qoşulmama Hərəkatının Zirvə görüşündə COVID-19-a qarşı mübarizə ilə bağlı üzv dövlətlərin humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsi Azərbaycanın təşəbbüsü əsasında reallaşdı. Rəsmi Bakının bu istiqamətdə irəli sürdüyü təkliflər bir çox dövlətlər tərəfindən dəstək qazandı.



Artıq aktiv vaksinasiya dövrünə qədəm qoyuruq. Bu sahədə ölkələr ortaya yeni baxışlar qoymalı, əvvəlki soyuq münasibətləri, etinasız yanaşmaları unutmalıdırlar. Təsadüfi deyil ki, dünən ölkə başçısı bütün dövlətlərin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətindən söz açaraq önəmli mesajlar verdi. Prezident xüsusi olaraq ölkələri gözəgörünməz bəlaya qarşı mübarizədə həmrəyliyə səslədi.

Hələ Prezident İlham Əliyev bir müddət əvvəl Qoşulmama Hərəkatının sədri kimi BMT BA-kı çıxışında peyvəndlərin ədalətli bölgüsünün vacibliyini diqqətə çatdırıb, zəngin ölkələrin kasıb dövlətlərin vətəndaşları üçün peyvəndlər almasını təklif etmişdi. Əfsuslar olsun ki, ölkəmizin bu gün vaksinasiya mövzusunda təklif etdiyi humanist ideyaları ilə bir çox inkişaf etmiş ölkələrin ədalətsiz və eqoist yanaşması kontrast təşkil edir. Hətta iş o yerə çatıb ki, günümüzdə Avropa İttifaqı ilə Böyük Britaniya arasındakı qalmaqalları müşahidə edir, bəzi vaksinlərə embarqonun qoyulmasını izləyirik.



Prezident müsahibəsində vaksinasiya prosesindəki ədalətsizliyə dair ortaya faktlar qoyaraq real mənzərəni ifadə etdi:

"Avropa İttifaqı ilə Böyük Britaniya arasındakı qalmaqaldan danışdınız, amma başqa misallar da var. Misal üçün, yenə də açıq mətbuata istinad edərək deyə bilərəm ki, inkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Halbuki inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. Yəni, bu, yenə də ədalətsizlik, qeyri-bərabərlikdir. “Moderna” vaksini var, səhv etmirəmsə, Amerika istehsalıdır. “Moderna” vaksininin 98 faizini zəngin ölkələr sifariş ediblər. “Pfizer” Avropa istehsalı vaksinidir. “Pfizer” vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər. Yaxşı, bəs kasıb ölkələrin vətəndaşları nə etməlidirlər, xəstələnməlidirlər? Onlar xəstələnəndə onların ölmək ehtimalı daha böyükdür. Çünki o ölkələrdə səhiyyə sistemi inkişaf etmiş ölkələrdən müqayisəedilməz dərəcədə geridə qalıb. Ona görə, bax, bu məsələlər haqqında biz danışmalıyıq, bunu gizlətməməliyik. Ancaq bu məlumat açıq mətbuatda gedir, sanki ondan sonra unudulur. Çünki sərf etmir. Dünya mediasına rəhbərlik edən qurumlara sərf etmir. Çünki bu, o aktorların sözlərinin əməlləri ilə böyük fərqini göstərir".

Ölkə başçısı, eyni zamanda ədalətsiz vaksin bölgüsü ilə bağlı konkret misal çəkərək dedi: "Bu yaxınlarda verilən məlumata görə Kanada 154 milyon əhali üçün vaksinlər sifariş edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu ölkə, bu ölkənin hökuməti, hansı ki, Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, bizim haqq işimizə kölgə salmaq istəyirdi və hətta “Bayrakdar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, dörd dəfə çox. Deməli, 120 milyona bu vaksin çatmayacaq. Onlar almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər. Bunların vecinə deyil. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər?".



Göründüyü kimi, Prezident haqlı olaraq dünyanın üz-üzə qaldığı “ədalətsiz vaksin bölgüsü”nü qabardaraq özlərini demokratiyanın beşiyi hesab edən dövlətlərin gerçək mahiyyətini üzə çıxardı. Prezidentin səsləndirdiyi faktlar da təsdiqləyir ki, artıq dünyanın inkişaf etmiş ölkələri bu mövzuda açıq şəkildə ədalətsizlik nümayiş etdirirlər.

“Bloomberg” agentliyinin məlumatına görə, hazırda Kanada əhalisinin 400%, Böyük Britaniya əhalisinin 295%-i, Avstraliya isə əhalisinin 269%-i üçün vaksin ehtiyatı alıb. Sual yaranır, məqsəd nədir? Bəs kasıb ölkələr nə etsinlər? Onların əhalisi ölümə tərk edilməlidir?

Sanki dünya orta əsrlər dövrünə qayıdır, zəngin dövlətlər kasıb, imkansız xalqlara yuxarıdan aşağı baxır, kobud səslənsə də, onları veclərinə almırlar. Bəlkə də bu cür anormal yanaşma həmin ölkələrin tarixi köklərindən qaynaqlanır. Sirr deyil ki, bu gün ayrı-seçkilik salan dövlətlərin əksəriyyəti əsrlər boyu müstəmləkəçilik siyasəti yürüdüb, digər xalqları istismara məruz qoyublar.

Bu mənada Prezidentin dünyada cərəyan edən arzuolunmaz proseslərə dair səsləndirdiyi “neomüstəmləkəçilik dövrü” fikri günün reallığını əks etdirir. Planeti cənginə alan pandemiya dövründə ölkələrin daha sıx birləşərək bir-birinə dəstək olması əvəzinə inkişaf etmiş dövlətlərin yeni müstəmləkə təfəkkürü ilə yanaşması dünyada hələ də ədalətin bərqərar olmadığından xəbər verir.

Tural Tağıyev
Azvision.az


Teqlər: Prezident   Modul   Pandemiya   Vaksinasiya  






Xəbər lenti