Avropa Komissiyası “Metsamor”un bağlanmasını tələb edir

 Avropa Komissiyası “Metsamor”un bağlanmasını tələb edir
  05 Fevral 2021    Oxunub:3922
Avropa Komissiyası Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının tezliklə bağlanması və təhlükəsiz şəkildə istifadədən çıxarılmasını tələb edir.
Azvision.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Ermənistanla tərəfdaşlıq sazişinin icrası barədə işçi qrupunun 2020-ci il üzrə hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, “Metsamor” AES beynəlxalq səviyyədə qəbul edilmiş nüvə təhlükəsizliyi standartlarına cavab vermir.

Avropa Komissiyası İrəvanı bu problemin həlli üçün qısa zamanda yol xəritəsi və fəaliyyət planını qəbul etməyə çağırıb.

Qeyd edək ki, AES-in birinci enerji bloku 1976, ikincisi 1980-ci ildə istifadəyə verilib. 1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlanılsa da, 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzadan sonra proses dayandırılıb. Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul edib, iki il sonra ikinci enerji bloku istimara verilib. Hazırda AES-in yalnız ikinci enerji bloku fəaliyyət göstərir.

Ötən il Ermənistan rəsmiləri "Metsamor" AES-in istismar müddətinin 2026-cı ilədək artırılacağının nəzərdə tutulduğunu, lakin onun təmirdən sonra 2036-cı ilə qədər də istismar edilə biləcəyini bəyan ediblər.

İstismar müddəti başa çatmış “Metsamor” AES-in təkcə Azərbaycana deyil, bütün regiona açıq təhlükə olduğunu ölkəmiz dəfələrlə bəyan edib, bu problemi beynəlxalq müstəvidə qaldırıb. Təəssüf ki, beynəlxalq birlik, xüsusilə MAQATE bu istiqamətdə lazımi addımlar atmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Metsamor   AES  



Xəbər lenti