Tədbir Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 29-cu ildönümünə, habelə Ukrayna Xalq Respublikası ilə Azərbaycan Demokratik Respublikası arasında diplomatik dialoqun başlamasının 102-ci ildönümünə həsr edilib.
Konfransda Ukrayna və Azərbaycan diplomatları, politoloqlar, alimlər, jurnalistlər, ictimai xadimlər, Ukrayna və Azərbaycanın bir sıra universitetlərinin müəllim və tələbələri iştirak ediblər.
Səfir Vladislav Kanevski çıxışı zamanı Ukrayna ilə Azərbaycanın diplomatik münasibətlərinin tarixinin yazılmağa başladığından 100 ildən çox vaxt keçdiyini deyib. Onun sözlərinə görə, bu illər ərzində həm Ukraynada, həm də Azərbaycanda çox şey dəyişib.
“Bu gün dəyişməz qalan tək şey dostluq, hörmət və qarşılıqlı dəstəkdir. Ukrayna prezidenti Vladimir Zelenskinin fərmanı ilə qəbul edilmiş Ukraynanın Milli Təhlükəsizlik Strategiyasına uyğun olaraq, Azərbaycanın Ukrayna üçün yalnız dost dövlət deyil, həm də strateji tərəfdaş olmasının əsas səbəbi budur”.
Gələcək perspektivlərdən danışan səfir Ukrayna ilə Azərbaycanın qarşılıqlı maraq doğuran bütün sahələrdə faydalı əməkdaşlığı inkişaf etdirəcəklərinə və iki ölkə üçün yeni imkanlar yaranacağına inandığını bildirib.
Ukrayna və Azərbaycan iqtisadiyyatının rəqabət etmədiyi, əksinə bir-birini tamamladığı ayrıca vurğulayıb.
Bundan sonra Ukrayna və Azərbaycan alimləri UXR ilə ADR arasında diplomatik əlaqələrin yaranması, onların geosiyasi ölçülərindəki əhəmiyyəti və Ukrayna və Azərbaycan dövlətçiliyinin gələcək inkişafına təsiri barədə məruzələrlə çıxış ediblər.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


